19 
Fev
2019
13:10
131
76
11591
Virtual karabakh

ASAN könüllüsü: Karyeram üçün məqsədlərim məktəb vaxtlarından var idi - MÜSAHİBƏ

19 Fev, 2019
13:10
11591

ASAN könüllüsü: Karyeram üçün məqsədlərim məktəb vaxtlarından var idi - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, hələ universitet tələbəsidir. Çalışqanlığı, könüllülük fəaliyyəti ilə başladığı yola yerli və beynəlxalq forum, seminarların iştirakçısı olub saysız-hesabsız uğurlar qazanaraq davam edir.

Oxu.Az “ASAN Könüllüləri” hərəkatının üzvü Emiliya Bayramova ilə müsahibəni təqdim edir:

- Özünüz haqda məlumat verin, zəhmət olmasa.

- Emiliya Bayramova Polad qızı, 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin Beynəlxalq münasibətlər ixtisasında III kursda oxuyuram. 

Universitetə daxil olduqdan sonra sosial fəaliyyətlə məşğul olmağa başladım, universitetdaxili gənclər təşkilatında bir sıra vəzifələr üzrə fəaliyyət göstərdim, universitetdaxili debat iştirakçısı oldum.

“ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətinə başladım. Daha sonra “ASAN Könüllüləri” Təşkilatında Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş departamentində fəaliyyət göstərdim. Hazırda həmin departamentin Təşkilatlarla İş şöbəsinin müdiri olaraq fəaliyyətə davam edirəm. 

2018-ci ildə Avropada təcrübə proqramının qalibi olaraq Avropa Parlamentinin iş rejimi və strukturu ilə tanış oldum. Avropa Komissiyasının, Avropa İttifaqının, Avropa Şurasının Brüssel ofisi, Belçika Xarici İşlər Nazirliyinin, Xarici Siyasət Xidmətinin iş fəaliyyəti ilə yaxından tanış olub NATO-nun baş ofisində xarici diplomatlarla yanaşı, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədovla olan görüşdə iştirak etdim.

- Könüllülük fəaliyyətinə necə başladınız?

- Qəribə səslənsə də, ailəm sayəsində başlamışam. Üç il öncə nənəm televiziya xəbərləri vasitəsilə “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti haqqında məlumat aldı, bu fəaliyyətə qoşulmağımı təklif etdi. Araşdırdıqdan sonra könüllü olmaq üçün müraciət etdim. Bir ay sonra könüllü olaraq fəaliyyətə başladım və uğurlu karyeramın ilk addımlarını atmış oldum, deyə bilərəm.

- Bilirsiniz ki, könüllük fəaliyyəti ilə məşğul olan gəncləri qınayanlar var. Əslində, vəziyyət necədir? Bu fəaliyyətin sizə hansı faydaları və zərərləri toxunub?

- “ASAN Könüllüləri” təşkilatı mənim üçün inkişaf yolu olub. Məncə, könüllülük fəaliyyəti insanın daxilindən gələn dəyərdir. Könüllülük – əməksevərliyin, insansevərliyin dəyəridir. Hazırda bu fəaliyyət ölkəmizdə geniş yayılıb. Könüllü şəkildə müəyyən prinsip və dəyərlər ətrafında birləşən gənclər gördükləri işlərlə insanların maariflənməsinə, dünyagörüşünün artmasına, cəmiyyətimizin inkişafına səbəb olurlar, ölkəmizi beynəlxalq müstəvidə təbliğ etməyə çalışırlar.

Bu, qürurvericidir. Düşünürəm ki, könüllülük fəaliyyətinin insana heç bir zərəri toxuna bilməz, əksinə, insanlarda sosial məsuliyyət hissinin artmasına səbəb olur, bunu öz təcrübəmə əsaslanaraq deyirəm.

Hər insan öz həyatının könüllüsüdür. Yəni insan özü üçün nələrsə etdikdə qarşılığında özündən mənfəət gözləmir, öz inkişafı və ya özünün nəsə əldə etməsi üçün bunu edir. Hər hansı bir sahədə könüllü fəaliyyətlə məşğul olmağın insanın özü üçün könüllü nələrsə etməkdən bir fərqi var. O da etdiyi işin özün üçün yox, digərləri üçün nəzərdə tutulması və əldə etdiyinin özünlə bərabər, digərləri üçün də xeyirli olmasıdır.

- Uğurlu karyera üçün məktəbdən özünü inkişaf etdirmək lazımdır?

- Mənim gələcək karyeram üçün məqsədlərim məktəb vaxtlarından var idi – ali təhsil almaq. Düşünürəm ki, insanın məqsədləri varsa və çalışqandırsa, həmin məqsədlərə çatmaq üçün əlindən gələnin daha çoxunu etməyə qadirdir. Belə insanlar həmişə uğur qazanmağı bacarır, çünki mən belə düşündüyüm üçün bu gün 20 yaşında gənc olaraq uğurlar qazana bilmişəm. Gələcəkdə daha çox çalışaraq daha böyük uğurlar əldə etmək istəyirəm.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz, necə dincəlirsiniz?

- Dostlarımla vaxt keçirməyi çox sevdiyim üçün boş vaxtlarımda onlarla birlikdə oluram. Piano ifa etməyi çox sevirəm. Kitab oxumağa çalışıram. Hər hansısa bir mövzu üzrə araşdırma aparıram və yeni bir şeylər etməyə çalışıram.

- Özünüzü necə inkişaf etdirirsiniz?

- Hər gün yeni nələrsə öyrənərək, dil biliklərimi inkişaf etdirərək, bacardığım qədər yeni layihə və təcrübə proqramlarına müraciət edərək özümü inkişaf etdirməyə hər zaman çalışmışam və çalışıram.

 - İlhamlandığınız, motivasiya aldığınız kimlərsə və ya nəsə var?

- İlhamlandığım insan həmişə atam olub. Uzun illər nazirlikdə fəaliyyət göstərib, uşaqlıqdan ona baxıb dövlət işində işləmək, Vətənimə layiqli övlad olmaq istəmişəm.

- Uğur qazanmaq nədən asılıdır, sizcə?

- Məncə, uğur əməksevərliyin nəticəsidir. İnsan nə qədər öz üzərində çalışsa, nə qədər qarşısına qoyduğu məqsədlərə çatmaq üçün çalışsa, o qədər uğur qazanacaq. Məndə həmişə belə olub, qoyduğum məqsədə birinci özüm inanıb sonra başqalarını inandırmağa çalışmışam. İnanmayanlara sonda sübut edəndə qürur hissi yaşayıram.

Başqaları mənə nə qədər inanmasa, “heç kim bu günə kimi bacarmayıb, sən necə bacaracaqsan?” desələr də, mən daha çox çalışıb bu günə kimi istədiklərimin çoxunu əldə etmişəm və əldə etməyə davam edəcəyəm. Yəni uğur qazanmaq üçün əməyi sevmək lazımdır. 

- İndiki gənclərdə nələri bəyənmirsiniz? 

- Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacibdir. Dünyaya nümunə göstəriləcək işləri ilə fəxr ediləcək gənclərimiz çoxdur. Məncə, bu gün Azərbaycanda sağlam, vətənpərvər, intellektual gənclik formalaşıb və formalaşmağa davam edir.

-  İşinizdə çətin və sevdiyiniz tərəflər hansılardır?

- İşimi sevdiyim üçün çətin tərəfi yoxdur. Sadəcə, hər zaman vaxt problemi yaşayıram. İş, dərs və kursa eyni vaxtda çatmaq çətin olur. Amma bunu bacarıram və bu da işimin ən sevdiyim tərəfidir: “hər şeyi çatdırmaq”.

- Gələcək üçün planlarınız nələrdir?

- İlkin mərhələdə magistrant adını qazanmaq istəyirəm. Daha sonrasını yaşayaraq görəcəyik.

- Gənclərə tövsiyələriniz nələrdir?

- Gələcəyinizi, karyeranızı yüksək səviyyədə qurmaq istəyirsinizsə, ilk olaraq hansısa humanitar, beynəlxalq təşkilatda və ya karyera üçün seçdiyiniz sahə üzrə fəaliyyət göstərən təşkilatlarda könüllü olaraq fəaliyyət göstərməyə başlayın. Gələcəkdə bu, sizə böyük üstünlük olacaq. Universitetinizin, təhsilinizin sizə verə bilmədiyi üstünlüyü, yüksəkliyi, hər hansı bir təşkilatda könüllü fəaliyyətiniz verəcək və bu üstünlüyün xeyirini həyatınız boyu görəcəksiniz.

Gənclərə tövsiyəm odur ki, nəsə etmək istəyiniz varsa, heç nəyi gözləmədən, heç bir mənfi sözün sizi həvəsdən salmasına icazə vermədən düz yola, məqsədinizə doğru irəliləyin. Yoldan qayıdanların, ya da heç başlamayanların mütləq bəhanəsi olur. Unutmayın ki, özünüz özünüzə inansanız, hər şeyi bacara bilərsiniz.

Bu həyat sənindirsə, özün öz ayaqların üstündə durmalısan, həyatını özün qurmağı bacarmalısan. Yaşayacağın həyat tərzinin məsuliyyəti yalnız sənin əllərindədir.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri