10 
Mar
2019
19:15
77
111
2313
Virtual karabakh

Teatra maraq nə dərəcədədir? – Gənclər danışdı

10 Mar, 2019
19:15
2313

Teatra maraq nə dərəcədədir? – Gənclər danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda Milli Teatr günüdür. Azərbaycan teatrının 146 yaşı tamam olur.

İncəsənətin bu sahəsinə qarşı indiki dövrdə diqqət necədir? Gənclər teatra gedirlər? Getmirlərsə səbəbləri nələrdir?

Oxu.Az olaraq bunu elə gənclərin özündən soruşduq.

Gənclərin bir hissəsi imkan olanda getdiklərini və bəyəndiklərini bildirirlər. Əksəriyyət isə teatra getməyə maraq olmadığını, bəlkə də getsələr bəyənəcəklərini deyirlər.

Gənc müəllim Aynur Eyvazova dövrün nəbzi tutulan mövzular istifadə olunsa, tamaşaçıların daha çox ola biləcəyi qənaətindədir:

“Təmir olunub gözəl şərait yaradılan teatrlarda gənclərin diqqətini cəlb edəcək repertuara ehtiyac var”. 

Gənc rejissor Azər Azərsoy isə dramaturq çatışmazlığından danışıb:

“Hazırda dramaturq yoxdur, musiqili əsərlər yazılmır. İllərdir eyni repertuar çeynənilir. Azərbaycanda son dram əsərləri yazanlar Anar və İlyas Əfəndiyevdir, onların əsərləri də səhnələşdirilib”.

O, buna baxmayaraq teatra marağın günü-gündən artdığını və tamaşaçı qıtlığı yaşanmadığını qeyd edib.



Şəfəq Hümbətova teatra getməyi sevən gəncdir və buna səbəb onda teatra marağın uşaq yaşlardan yaradılmasıdır:

“Valideynlər nadir hallarda uşaqları teatra aparırlar. Bütün cizgi filmləri, oyunlar əllərinin altındadır. Amma teatrdan aldıqları nəticələri sonradan hiss edəcəklər. “Bunlar onsuz da oxuduğumuz nağıllardır, niyə baxırıq ki?” tipli cümlələri uşaqlıqda Kukla Teatrına gedəndə mən də işlətmişəm, amma hazırda ən yaddaqalan xatirələrim həmin vaxtlara aiddir”.

O, teatrın abu-havasını belə təsvir edir:

“Cizgi filmlərindəki xarakterlər real deyil, amma ordakılar realdı, zaman, məkan anlayışları limitlidir, onlarla belə gözəlliklər yaratmağı öyrədir. Teatrda səhv edərkən yenidən başlanılma şansı yoxdur, ona görə diqqətli olmağı öyrədir, cizgi filmlərindəki kimi effektlərdən istifadə edilmədiyi üçün, cümlələrin təsirinin insandan asılı olduğunu göstərir”.

Bəzi gənclər isə “inanmıram indiki aktyorlar əvvəlkilər kimi gözəl rol oynasınlar” deyə düşünüb heç getmirlər.

Məlum olur ki, teatra gedilməməsinin səbəblərindən biri, getməmiş ağılda olan düşüncələrdir. Ümumi olaraq aktyorları qınamaq, yaxşı perfomans gözləməmək Azərbaycanda stereotip halına gəlib. 

Əksəriyyətin bilib-bilmədən mühakimələr yürütdüyü cəmiyyətdə nəyinsə maraq cəlb etməsi üçün maraqlı olduğunu sübut etmək lazımdır. Dünyagörüşün və mədəni ruhun inkişafında rolu olan bu sahəni layiqli yerinə gətirmək gənclərin ona can atmasına səbəb olacaq. Bu da cəmiyyətdə müsbət dəyişikliklərə gətirib çıxara bilər.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri