11 
Mar
2019
13:48
259
46
1806
Virtual karabakh

Psixoloq: Nikahdan əvvəl gənclərin psixoloji durumu yoxlanılmalıdır

11 Mar, 2019
13:48
1806

Psixoloq: Nikahdan əvvəl gənclərin psixoloji durumu yoxlanılmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2015-ci il iyunun 1-dən etibarən Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiqinə başlanılıb. Statistik nəticələr isə qərarın müsbət istiqamətdə dəyişikliklərə səbəb olduğunu göstərir. İndi isə nikahdan öncə gənclərin psixoloji vəziyyətinin uyğunluğunun yoxlanılması təklif edilir.

Cütlüklərin psixoloji vəziyyətlərinin yoxlanılması gələcək üçün nə vəd edir? İki insan bir-birini sevirsə, bu nüansa nə dərəcədə önəm veriləcək? 5-10 il sonra onların bir-birini zərər vurmayacağına hansı meyarlarla zəmanət vermək olar?

Psixoloq Nuriyyə Quliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, əgər cütlüklər özləri maraqlı olsa, nikahdan əvvəl onların psixoloji durumlarının yoxlanılması müsbət addımdır:

“Əslində, mən bu prosesin tətbiqinin lehinəyəm. Psixoloq müayinəsi zamanı testlərin köməyilə cütlüklərin şəxsi xüsusiyyətləri, şüuraltı fikirləri müəyyən edilir. Bu zaman hər iki cütlüyün nə dərəcədə inadkar, hansı səviyyədə aqressiv olması, ciddi problemlə qarşılaşan zaman nə kimi addımlar atmağa meyilli olması yoxlanılır.

Bu üsul cütlüklərin gələcəkdə qarşılıqlı münasibətləri, xarakterlərinin uyğun olub-olmaması haqqında ilkin fikir söyləməyə imkan verir. Təbii ki, cütlüklər bir-birini dərin sevgi ilə sevirlərsə, testin nəticələri zəif olsa da, evlənəcəklər. Amma yenə də nəticə cütlüklərdən asılıdır”.

Psixoloq deyir ki, gələcəkdə problem yaşamaq istəməyən cütlüklər psixoloji seansları seçir, digərləri isə yox:

“Cütlüklərin xarakterlərində zidd məqamlar ola bilər. Psixoloq həmin cütlüklərə seans təyin edərək, onlara xarakterlərinin üst-üstə düşmədiyi məqamlarda orta məxrəc tapmağa kömək edə bilər. Amma bu məqamı gözardı edən cütlüklərin quracağı ailə möhkəm olmur. Bu təklif gerçəkləşsə belə, cütlüklər buna maraq göstərmədiyi təqdirdə heç bir nəticə əldə olunmayacaq”.

Ər-arvadın bir-birinə qarşı şiddət göstərməsinə dair məqamlara aydınlıq gətirən psixoloq bütün bunlara kütləvi informasiya vasitələrində (KİV) yayılan təfərrüatlı cinayət xəbərlərinin təsirinin böyük olduğunu deyib:

“Ümumiyyətlə, cinayət xarakterli xəbərlərin KİV-lərdə bu qədər təfərrüatlı verilməsinin əleyhinəyəm. Əksər hallarda cinayət törədən insanların kiçik yaşlarda fiziki şiddətə məruz qaldığı, gərgin ailə mühitində böyüdüyü və ya ətrafında qeyri-normal insanların çox olduğu aşkara çıxır.

O baxımdan, ölüm və cinayət hadisələrinin bu qədər təfərrüatla yazılması insanların cinayəti adi hal kimi qəbul etməsinə gətirib çıxarır. Bu isə öz növbəsində aqressiya hallarını artırır, ani bir problemdə insanları cinayətə əl atmağa sövq edir”.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cütlüklərin nikah öncəsi tibbi müayinə ilə yanaşı, müvafiq psixoloji uyğunluqlarının yoxlanılmasının olduqca vacib olduğunu, bu istiqamətdə “Ailə psixoloqu” İnstitutunun yaradılması və əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu deyib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri