18 
Mar
2019
12:20
133
27
4731
Virtual karabakh

“Nəsimi ili”ndə şairin vətəninə ziyarət - Dağılmaq üzrə olan tarix

18 Mar, 2019
12:20
4731

“Nəsimi ili”ndə şairin vətəninə ziyarət - Dağılmaq üzrə olan tarix

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri 2019-cu il - “Nəsimi ili” çərçivəsində dahi şair İmaddədin Nəsiminin dünyaya göz açdığı Şamaxı rayonunda səfərdə olublar.

Martın 17-də baş tutan səfərin iştirakçıları əvvəlcə Bakı-Şamaxı yolundakı (Qobustan rayonu ərazisi - red.) Acıdərə Türk Şəhidliyini ziyarət edib,1918-ci ildə Bakının erməni işğalından azad edilməsində şəhid olunmuş Qafqaz-İslam Ordusunun əsgərlərinin, Türkiyə vətəndaşlarının ruhuna dualar oxuyublar, onlar barədə fikirlərini bölüşüblər.

Sonra PJB üzvləri Samaxının rayonunun bir neçə tarixi və görməli yerləri ilə tanış olublar.

Onlar Azərbaycanın bir çox tanınmış simalarının, böyük şəxsiyyətlərinin uyuduğu, dəfn edildiyi “Şaxəndan” qəbiristanlığını ziyarət ediblər.

Nəsimin qardaşının bərbad halda olan məzarlığı...

PJB üzvləri dahi Nəsiminin qardaşı Şahxəndan (Şah-i xəndan) və onun həyat yoldaşına aid olduğu bildirilən məzarlığı, “Şaxəndan” türbəsini ziyarət ediblər.

Türbə (məzarlarla) ilə tanışlıq parlament jurnalistlərində dərin təəssüf və təəccüb hissi doğurub.

Çünki onlar türbənin və məzarların son dərəcədə bərbad olduğunun şahidi olublar.

Belə ki, məzarlardan biri ikiyə parçalanmış, bölünmüş, sınıq-salxaq vəziyyətdədir ki, bu da “Nəsimi ili” çərçivəsində görülən və görülməsi nəzərdə tutulan xoşniyyətli addımlarla heç bir halda üzlaşmır.

“Çünki onun Şahi-Xəndanı vardır...”

Bundan sonra PJB üzvləri həmin qəbiristanlıqdakı böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin məzarını ziyarət ediblər.

Qeyd edək ki, məzar bir neçə il öncə Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən bərpa-təmir etdirilib, tarixi məzar mərmər üzlüklülərlə cilalanıb, döşənib.

Bu da öz növbəsində (tarixilik baxımından) jurnalistlərdə təəssüf hissi doğurub.

Onu da qeyd edək ki, görkəmli şair Seyid Əzim Şirvani özü məhz burada - “Şahxəndan”da basdırılmasını vəsiyyət edibmiş:

“Mən öləndə Şaxandanda basdırın,
Çünki onun Şahi-Xəndanı vardır”.

Tarixi Dəmirçi kəndi və...

Daha sonra PJB üzvləri yaşı yüz illərlə ölçülən və bu gün həm yerli, həm də xarici turistlərin axın etdikləri tarixi Dəmirçi kəndində olub, orada görülən işlərlə tanış olublar.

Dəmirçi Şamaxının, həmçinin, Azərbaycanın ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından, sonralar buraya Dəmirçi adı verilib.

Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansaray da olub. Lakin karvansaray da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb.

Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi, təşəbbüsü, təşkilatçılığı və yaxından iştirakı ilə bir sıra addımlar atılıb. 

Belə ki, ölkəmizin ən qədim dini ocaqlarından olan və 755-ci ildə tikilən Dəmirçi məscidi ölkə prezidentinin göstərişi ilə bərpa edilib.

Eyni zamanda, ötən ilin avqustun 26-da ölkə prezidentinin və birinci vitse-prezidentin iştirakı ilə yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılış mərasimi keçirilib.

Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu isə 22 kilometrdir. 

Bununla yanaşı, parlament jurnalistləri dünyaca məşhur Şamaxı (Pirqulu) rəsədxanasına baş çəkiblər.

Bununla da səfər başa çatıb.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri