19 
Mar
2019
10:18
387
42
20503
Virtual karabakh

Maskalı analar - Körpənizi qram-qram məhv edirsiniz

19 Mar, 2019
10:18
20503

Maskalı analar - Körpənizi qram-qram məhv edirsiniz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səma Abiyeva yazır...

Tez-tez gözəllik salonuna gedəndə gördüyüm bir mənzərə məni çox narahat edir. Deyəcəksiniz “bu emosional qız yenə nədən narazıdır?” Amma gəlin, sizə də danışım, görün siz də narahat olursunuz, ya yox.

Deməli, gözəllik salonuna bəzi analar saç rənglənməsinə və saçın keratinlə düzləşdirilməsinə balaca uşaqları ilə, hətta körpələri ilə gəlirlər. Başa düşürəm, özüm də anayam deyə çox gözəl anlayıram ki, ana bəzən körpəsini kiməsə əmanət etməyə vaxt tapmır, nə bilim ana südü vermək kimi çətinliyi olur. Və hətta onu da başa düşürəm ki, ana uşağı balaca olsa da baxımlı olmalıdır, özünü unutmalı deyil.

Tanıyanlar bilir, həmişə bloqumda ananın baxımlı, səliqəli görünməsinə çağıran fikirlər bölüşürəm. Amma daha belə də yox. Ana salona ya baldızı, ya anası, ya da qayınanası ilə gəlir, uşağı da qucağında. Oturur güzgü qarşısında. Usta başlayır onun saçına ya rəng çəkməyə, ya da saçlarını keratinlə düzləşdirməyə.

Amma hər şeydən əvvəl səliqə ilə ana da, usta da, hətta usta köməkçiləri də ağız və burunlarını örtən maska taxırlar. Birini də ananın yanında kömək üçün gələn xanıma verirlər. Bütün bu qulluq proseduru vaxtı uşaq ya ananın, ya da kömək edən xanımın qucağında olur. Maskasız filansız. Salonun da qapısı, pəncərəsi bağlı. Vay o hala ki, kimsə salondan çıxa, tez qaydalara uyğun olaraq salon qapısı bağlanır.

Salondakı səs-küy, min cür qoxu, gəlib-gedənlər, hər kəsi oynaq saxlayan musiqi səsi. Dili olmayan, dərdini deyə bilməyən uşaq isə mızıldadıqca, ağladıqca köməkçi xanım onu “pşşş-pşşş” deyə-deyə yelləyir, sağa-sola gəzişir. Nəvazişli ana köməkçi xanıma “mənə ver, sakitləşdirim, məni istəyir yəqin” deyib uşağı qayğıkeş qollarına alır. 

Aman Allah! Bir bilsəniz, yaxınlaşıb o anaya necə sual vermək istəyirəm. 

“Xanım, deyə bilərsinizmi, o maskanı hamınız ağzınıza niyə taxmısınız? Hə, bilirəm, mən də bilirəm, keratin birbaşa nəfəsə getsə, çox ziyanlı təsir göstərə bilər, ona görə. Usta izah edib yəqin. Həəə… Bəs yaxşı, bir dənə də sual verim, bəs o balaca körpəyə necə, ziyanı varmı keratinin? O zavallı uşağı da keratinin iyindən, saç boyalarının iyindən, burada olan min cür insanın nəfəsindən, səsindən, kəsilən, havaya fenin təsiri ilə uçuşan saçlardan qorumaq lazım deyilmi?” 

…Düşünməyin ki, bütün bu sualların indiyədək kiməsə vermişəm. Verməmişəm. Özümü lənətləsəm də verməmişəm, o güzgü qarşısındakı kresloda qurdalana-qurdalana otursam da, o sualları verməmişəm. Fikirləşmişəm ki, “sənə nə var, get işinlə məşğul ol” deyərlər, düşünmüşəm ki, kiminsə hissiyyatına toxunaram, kimisə incidərəm, davaya düşərəm.

Düşünmüşəm ki, bu cür müdaxilə ilə neçə anaya təsir edə bilərəm?! Düşünmüşəm ki, heç kimi qınamamalıyam, axı mən kiməm. 

Bəzən saç ustam məni sakitləşdirib, müdaxiləmin qarşısını alıb, bəzən özü ehmalca xanımlara yaxınlaşıb izah edib, “uşağı bayırda təmiz havada gəzdirin, ona ziyandır” deyib.

Amma çifayda. 13 dəqiqə küçədə uşağı gəzdirib geri dönüb o köməkçi xanımlar. 

İndi əlimə imkan düşüb, sizinlə bölüşmək istəyirəm. Siz də bölüşün, izah edin, bilməyənlərə aydın edin. 

Deməli, buruqsaçlı xanımların düzsaçlı olmaq arzusunu asanlaşdıran keratin haqqında iki kəlmə məlumat vermək istəyirəm. 

Saçları düzləşdirən keratinin tərkibində formaldegid adlı maddə mövcuddur. Bu maddə ən güclü kanserogendir. Yəni xərçəngtörədici maddədir. Keratin proseduru vaxtı rəngsiz qaz halında yayılır ətrafa. Bu toksik maddə insanın reproduktiv sistemini (nəsilartırma sistemi), gözlərini, dərisini və mərkəzi sinir sistemini zədələyir. 

Formaldegid Dünya Səhiyyə Təşkilatı tərəfindən kansoregen maddələr siyahısına daxil edilib. 50 qramı ölümcül təsirə malikdir. Diqqət etsəniz, salonda keratin düzləşməsi edilərkən ətrafdakı insanların bəzilərinin gözləri yaşarır, bəziləri öskürməyə başlayır. Çünki bu maddə nəfəs yollarını da qıcıqlandırır. Formaldegid nəfəs yollarının, ağciyərin xərçəngini əmələ gətirir. 

Elə bu səbəbdəndir ki, dünyanın bir çox ölkələrində ABŞ, Kanada, İtaliya, Almaniya, Böyük Britaniya, İrlandiya, Fransada və hətta keratinin vətəni Braziliyada belə formaldegid tərkibli hər şey qadağan edilib. ABŞ-da saç ustaları mütəmadi olaraq bu maddə ilə təmasda olmaqla səhhətlərinə vurulan ziyana görə kosmetik firmalardan şikayət edərək məhkəməyə müraciət ediblər. 

Saç boyalarının bir çoxunun tərkibindəki polivinilxlorid adlı maddə günəş şüası altında, elə otaq şəraitində də buxarlanır, nəfəs yolları ilə qana keçir. Hüceyrələri zədələyir. Bu, allergiyaya səbəb olur və ya böyrək, qaraciyər, sinir hüceyrələrini məhv edir. Saç lakları da eləcə. Bu cür hava ilə təmas dölün və körpələrin orqanizminə ziyan verir. 

Daha bundan artıq nə deyim...

Gözəlləşmək istəyirsiniz, yaxşı edirsiniz. Amma bu yolda xərclədiklərinizi analiz edin, tədbirli olun. Dili-ağzı olmayan körpələri özünüz də bilmədən qram-qram məhv etməyin. Çox gözəl anlayıram, hər kəs bu mürəkkəb adların, kimyəvi maddələrin tibbi izahını bilməyə bilər. Borcu da deyil.

Amma bir anlıq o ağzınıza taxdığınız maskanı niyə taxırsınız deyə düşünün, sizin kimi o balacaların da oksigenlə nəfəs aldığını xatırlayın. “Uşaqlara da maska taxın” demirəm. Uşaqla gözəllik salonlarına ümumiyyətlə getməyin! Axtarın, düşünün balacanı salona gətirmədən özünüzə qulluq etməyin, gözəllik salonuna getməyin yolunu tapın. 

Siz salonda olun, həmin vaxtda köməyə sizinlə gələn xanım körpəni təmiz havada gəzdirsin. Onsuz da məhv olmuş ekologiya, süni uşaq qidaları, GMO tərkibli meyvə-tərəvəzlər, texnologiyanın mənfi şüası onları həyat uğrunda savaşda sınağa çəkir. 

Hə bir də… Məni şəhərdə görəndə bu yazını oxumusunuzsa, məsləhət verin. Bu cür hallarla rastlaşanda səsimi çıxarımmı, analara yerindəcə fikrimi izah edimmi, yoxsa yox”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri