19 
Mar
2019
17:17
151
55
3752
Virtual karabakh

Qoğal yeyib kökəlmədiyimiz Novruz bayramı üçün darıxanlar...

19 Mar, 2019
17:17
3752

Qoğal yeyib kökəlmədiyimiz Novruz bayramı üçün darıxanlar...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günay Malikqızı yazır...

Sizin üçün Novruz nə dadır?

Vaxt var idi... Vaxt var idi ki, Novruz yalnız küləyin, suyun, torpağın, odun oyanışı deyildi.

Qəlblərdəki sevgini, mərhəməti bölüşmək imkanı idi.

Analarımızın, nənələrimizin, xalaların, bibilərin əlinin altında dolaşırdıq. Yəqin ki, mane olurduq, ancaq, əylənirdik, gülürdük, qaçırdıq, yorulmurduq.

Mütləq hərəmiz əlimizə bir şəkərbura alıb, öz bildiyimiz kimi bəzəyirdik. Yəqin ki, bəzəyini pozurduq...

Şəkərbura, paxlava, qoğal bişdikcə yeyirdik, nə biz kökəlirdik, nə də ki, bayram sovqatı azalırdı....

Xonçalara yığılan bayram sovqatı yalnız bizim üçün deyildi.

Qapıya atılan papaqlara da yaxşı pay düşürdü bu sovqatdan.

Düşünürəm, bayramın gözəlliyi bu imiş.

Biz evimizdə heç tanımadığımız bəlkə də heç görmədiyimiz biriləri üçün şirniyyat hazırlayırdıq.

Daha doğrusu analarımız hazırlayırdı...

Biz isə bayram üçün alınan yeni paltarlarımızı geyinməklə, bayram sovqatlarını yeməklə, yumurta döyüşdürməklə hazırlaşırdıq Novruza...

Bəlkə də həmişə udmurduq, həmişə bahalı olmurdu yeni paltarlarımız. Bu gün isə o xatirələr o qədər dəyərlidir ki....

Bayramın gözəlliyi bu kiçik toxunuşlarda idi.

Novruz əslində bu bayrama hazırlıqla qeyd olunmağa başlanır.

Onda şəhəri belə gözəl bəzəmirdilər. Hər yerdə indiki kimi işıqlı səmənilər, güllər-çiçəklər, xüsusi bayram şənlikləri, yarmarkalar yox idi. Amma Novruz var idi...

Bayram küçələrdə yox, evlərdə idi.

Hələ qış pəncərəmizi döydüyü ilk çərşənbədən artıq Novruzum istisi evə yayılırdı.

Evlər balaca, içindəki sevinc böyük və sərhədsiz...

Novruz qadınların əlinin dadında, kişilərin çoşqusunda, uşaqların gülüşündə idi...

Mənim uşaqlığımda Novruz evlərdə yanan işıq, həyətdə qalanan tonqallar, böyüklərin evinə olunan ziyarətlər, nənələrin, babaların şirin söhbətləri, hələ bir az da ailəlikcə bir yerdə “Dədə Qorqud” filminə baxmaq idi.

Novruz bayramı bir millətin özünü hiss etməsi idi.

Biz bu bayramı sovetlərin böyük ailəsinin hər üzvü ilə yox, özümüz - Azərbaycan olaraq qeyd edirdik.

Ona görə Novruzu daha çox sevirdik.

Bu bayram əvvəlki nəslin bizə qadağa, qorxu, təhlükələlərdən keçirib çatdırdığı yadigarıdır.

Hələ qış pəncərəmizi döydüyü ilk çərşənbədən istisini evə yayan, balaca evlərə böyük sevinclər yaşadan qadınların əlinin dadı, kişilərin çoşqusu, uşaqların gülüşü ilə Novruz bayramı illərin qadağasından keçib, yaşayıb, itməyib.

Paşa nənəmin soğanı kəlağayısının rəngində, Ayna nənəmin baxışlarının dərinliyində, babamın əlinin istisində, dayılarımın qaladığı ocağın alovlarında, xalalarımın şirin qoğallarında, əmilərimin zarafatlarında, bibilərimin bayram sovqatlarında, atamın uşaqsayağı coşqusuna anamın təbbəsümündən keçən Novruzu sevirdim...

O sevdiyimiz Novruzu yaşatmaq üçün uşaqlar anaların, nənələrin, xalaların, bibilərin əlinin altında dolaşmalı, onlara yəqin ki, mane olmalıdırlar...

Hər bir uşaq heç olmasa bir şəkərburanın bəzəyini pozmalıdır.

Şəkərbura, paxlava, qoğal bişdikcə yeyib kökəlməyi dərd etməməliyik.

Qapıya atılan papaqlara yaxşı pay qoymalıyıq.

Biz  də analarımız kimi heç tanımadığımız, bəlkə də heç görmədiyimiz biriləri üçün şirniyyat hazırlamalıyıq.

Yumurta döyüşdürüb, uduzmağı sevməliyik...

Uşaqlara Novruz xatirələri yığmalıyıq.

Onda şəhərin səməniləri daha başqa cür işıq saçacaq.

Novruz var olacaq. Çünki evlərdəki bayram küçələrə yayılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri