25 
Mar
2019
11:00
85
49
4994
Virtual karabakh

Kimdir günahkar?

25 Mar, 2019
11:00
4994

Kimdir günahkar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Proloq. Cəmiyyətimizin ən böyük problemlərindən biri odur ki, bir-birimizlə danışmırıq. Kimsə xətrimizə dəyir, susuruq, incikliyimizi daxildə saxlayırıq. Hesab edirik ki, üzünə demək yaxşı deyil. Daxilimizdəki bu fikir isə bir zamandan sonra nifrətə çevrilir. Hələ bizi incidənin üzünə gülmək məcburiyyətindəsən. Həmin şəxs bir də “qabağa gedəndə” lap cin atına mindirir.  

Bunların səbəbi nədir? Bu problemi necə həll etmək olar?

Hamımız eyni cəmiyyətdə doğulub, yaşayırıq və onun ənənələrinə, qanunlarına riayət etmək məcburiyyətindəyik. Uşaqlıqda valideynlərimiz öyrədir ki, “nəyinə lazımdır, baş qoşma”, “xalx nə deyər”, “mənim təcrübəm var, sən uşaqsan, hələ həyatı anlamırsan”, “səni doğmuşam ki, qocalanda mənə baxasan” və digər bunun kimi dəhşətli “nəsihətlər” verərək, uşaqları proqramlaşdırırlar (yəni şüuraltına yeridirilir, buna psixologiyada proqramlaşdırma deyilir). Bir də hələ onların dediyini etməyib, ürəyi istəyəni edəndə “şapalax” alır, tənbeh olunur, bəzi hallarda təhqir olunur, alçaldılır, döyülür.

Əslində, hər bir valideyn uşağının xoşbəxtliyini istəyir və bunları onun yaxşılığı üçün edir - belə düşünürlər. Uşaq olanda tez-tez eşitdiyimiz nədir? “Səndən adam olmayacaq!” Öz aləmlərində bunu motivasiya kimi qəbul edirlər. Həmin anlarda hamımız fikirləşirik ki, “Mən bunları heç vaxt uşağıma etməyəcəyəm!” Amma nə olur? Böyüyərək valideyn olanda həmin üsulu öz uşaqlarına tətbiq edirlər. Beləliklə, bu “ənənə” nəsildən nəsilə keçir, insanlar xoşbəxt ola bilmir.

Bunlar qorxunc tərbiyə vasitələridir. İnsanın həyatı məhz uşaqlıqda formalaşır. Gələcəkdə bütün həyatı bu “qaydalardan” irəli gəlir. Hələ bir valideynlər bütün həyatı təyin edir - harada oxumalı, harada əsgərlikdə olmalı (ya da olmamalı), hansı sənəti seçməli, hansı sahədə işləməli, kiminlə evlənməli, nə zaman və neçə uşaq doğmalı, onu necə böyütməli… Bir də özlərinə borcu hesab edərək “uşağı ali məktəbə düzəltməliyəm”, “onu evləndirməliyəm, yaxşı toy eləməliyəm, ev, maşın almalıyam”, “ailəsini tənzimləməliyəm”… Uşağın hər şeyi olur, xoşbəxtlikdən və azadlıqdan başqa! Həyatın mənası elə budurmu?

Haşiyədən kənara çıxım. Əgər “Spartak” əsərini oxusanız və ya “Breaveheart” (“Cəsur ürək”, baş rolda Mel Qibson) filminə baxsanız, görərsiniz ki, onların baş qəhrəmanları azadlıqları uğrunda həyatlarını  fəda edir və çarmıxa çəkilərkən “Freedom” (Azadlıq) sözünü qışqıraraq ölürlər. Mən belə qəhrəmanlardan nümunə almışam. Hətta keçən il qoluma tatunu vuranda “Freedom” (Azadlıq) sözünü həkk etdim, çünki mənim həyatımın dəyəri azad qərar qəbul edib, ona cavabdeh olmaqdır.

Uşaqlıqdan azad olaraq böyümək arzusunda idim, mənə də təzyiqlər olub, amma daxilimdən “həyatını özün təyin et” səsi gəlib. Qərarları özüm qəbul edərək, ailəmin qaydalarına qarşı getmişəm. Maksimalist olaraq, hər şeyə özüm nail olmaq istəmişəm, olmuşam da. İdeal olmaqdan uzaq olmuşam, dəcəl, problemli uşaqlığım olub. Nənəm həmişə “qarğış” edirdi ki, “uşağın sənin kimi olsun, onda bilərsən!” Bu da bir proqramdır. Oğlum oldu, eyni mənim xasiyyətimdə. Mən çox sevinirəm ki, məhz o mənə oxşar oldu. Azad böyütdüm, istədiyini etməyə icazə verdim. Qərarı özü qəbul edir, mən yalnız dost və məsləhətçiyəm, təcrübəli olaraq, onun istəyinin nəticələrin göstərirəm, və bu istəyə yetməyin asan yolunu deyirəm. Uşaq olanda ona nümunə olmağa çalışdım, öz sevgimi verdim, çalışdım uşaqlığı şən və xoşbəxt keçsin. Söhbət edəndə uşaqlıqdakı xoş günləri xatırlayır, mənə də minnətdarlıq edir. Çox bacarıqlıdır, istədiyinə nail olur. 15 yaşında ikən, tək Bakıdan Amerikaya uçub, bir müddət dostlarımızın ailəsində yaşayıb. Vaşinqtondan Nyu-Yorka tək səyahət edib, heç bir problem də yaşamadan. Bunu deyirəm ki, biləsiniz ki, mən teoretik deyiləm, bu həyatı yaşayanam.

Təzyiq və komanda altında böyüyənlər uğur qazana bilməyəndə, valideynlərini günahkar hesab edir. Çünki insan psixologiyası elədir ki, özünü qorumağa çalışır, günahı başqasında axtarır. Normal haldır.

Çox hadisələri eşidirəm. Qızlara xaricdə oxumağa icazə vermirlər ki, “pis yola düşər”. Hamımız anlayırıq ki, söhbət nədən gedir. Xaricdə oxuyan, oxuyub bitirən qızları tanıyıram. Deyirlər ki, “Ramin, “pis yola düşməyə” heç vaxtım yox idi, bütün günü oxumaq, hazırlaşmaq məcburiyyətində idim. Axı orada nə tapşırıq var, nə də “hörmət”! Ya oxuyacaqsan, ya da “Bye-bye”. Digər tərəfdən, burada qalıb, min oyundan çıxanları da tanıyıram. Bu da onun valideynlərindən gizli intiqamıdır.

Gözləyirəm ki, fikirlərimlə razılaşmayanlar olacaq, bu məqaləyə “bəyənmədim” qoyacaq. Çünki bu məqalənin mənfi qəhrəmanı kimi özünü görəcək. Heç bir şərh yazmayacaq, çünki cəsarəti çatmayacaq. Axı məqalənin əvvəlində yazdığım kimi, “əşi, nəyimə lazımdır” deyə düşünəcək. “Like”ın kimin qoyduğu görünmür, amma kommenti hamı oxuyur. Bəziləri saxta profildən yazacaq. Belələri heç zaman öz fikrini mədəni, asaslandıraraq deyə bilmir, çünki buna ağıl və cəsarət lazımdır.

Həll yolları. Bəs incidiyiniz adamla necə məsələni həll etməli? Onunla görüşüb danışaraq. Görüşəndə açıq danışın, aqresiyya olmadan, səmimi. Problemi aydınlaşdırın. İmkan verin, öz fikirlərini söyləsin. Sözünü kəsməyin, bir-iki söz ataraq qızışdırın ki, “sandığı açıb, pambığı töksün”, öz ürəyindəkiləri söyləsin. Diqqətlə dinləyin. Kimin günahkar olduğu ortaya çıxacaq. Bəlkə, elə günah sizdədir. O zaman üzr istəyin. Təsəvvür etmirsiniz ki, “üzr”ün nə qədər böyük gücü var, bir anda həmin adam dəyişəcək. Əgər günah ondadırsa, o zaman sakitcə ona sübut edin ki, günahkar odur, onda o sizdən üzr istəyəcək.

Bir məsləhət edim. Əgər dostunuz sizi “satıbsa”, özü də “keçi qiymətinə”, onunla görüşüb anlaşın, incikliyi ortadan qaldırın, onu əfv edin, düşmən olmayın. Amma heç zaman o insanı bir də həyatınıza buraxmayın. Deməli, onun missiyası sizin həyatınızda bitib, o, sizə nələrsə öyrədib. Həyata fəlsəfi yanaşın, hətta pis hesab etdiyiniz adamlar belə sizə yaxşılıq edir. Acı təcrübə ən effektiv dərsdir.

Bu məqalədə mən valideynlərə qarşı çıxmağa çağırmıram, yalnış anlamayın. Onlar bizi sevirlər, həyatlarını qurban verməyə hazırdırlar, necə ki, biz həyatımızı uşaqlarımıza. Onlarla anlaşmağa çalışın, danışın, dost olun. Bir-birinizə arxa olun, arzularınıza yetməkdə bir-birinizə dəstək olun. Onlara öz həyatlarını sizə danışmalarını xahiş edin. Onlar danışdıqca, özü görəcək ki, nə vaxtsa ona qarşı edilən haqsızlığı sizə edir, o anda anlayıb, fikrindən daşınacaq. Deyirsəniz ki, bu mümkün deyil? Deməli, siz cavabdehliyi onların boynuna atıb, günahkar axtaranlardansınız. Mərd və cəsur insan problemin üzünə baxır, onu həll edir! Be Braveheart! (Ürəkli ol!)

Epiloq. Həm özünüz, həm də uşaqlarınızın xoşbəxtliyini istəyirsinizsə, onlara azadlıq verin, onlardan nə istədiyini soruşun, onlara anlaşmalı yanaşın, dəstək verin, azad qərar qəbul etməsinə kömək edin. Çünki siz nəinki öz ailənizə, hətta xalqın gələcəyinə cavabdehlik daşıyırsınız. Əks təqdirdə, şikayət etməyin ki, ətrafınızdakıların hamısı səfehdir. Psixologiyada belə deyim var: “Əgər ətrafınızdakıların hamısı axmaqdırsa, onda sən onların başçısısan!” Özünüz dəyişin, onda görəcəksiniz ki, ətrafınızdakı insanlar dəyişəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri