26 
Mar
2019
18:15
354
27
7896
Virtual karabakh

“Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

26 Mar, 2019
18:15
7896

“Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaddaşlarda, hafizələrdə Rüstəm kişi, Hüseyn dayı kimi qalan, yaşayan, Azərbaycanın korifey sənətkarlarından biri və birincilərindən olan SSRİ Xalq artisti Ələsgər Ələkbərovun bu gün doğum günüdür.

Korifey sənətkarın, tanınmış kino və teatr aktyorunun bu gün 109 yaşı tamam olur. Qeyd edək ki, Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub.

Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) kimi yaddaqalan obrazlar yaradıb.

Teatrda işlədiyi illərdə aktrisa, korifey sənətkar, SSRİ Xalq artisti Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.

Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad (Gəncə) Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.

Teatrda Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydərbəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif (“Vaqif”) və Otello (“Otello”) yaradıcılığının zirvəsi hesab olunur.

Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən “Varislər” filmində don Aqilla rolunu uğurla oynayıb (1960). 

Azərbaycan kinosunda Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan rollarda oynayıb.

Bu yerdə qeyd edək ki, Rüstəm kişi obrazı Ələsgər Ələkbərovun kinoda (ümumən yaradıcılığında) son rolu, son obrazı olub. Bu film 1962-ci ildə çəkilib, filmin ilk baxış tarixi isə 1963-cü ilin may ayının 13-də olub. Hansı ki, artıq həmin vaxt böyük aktyor həyatla, fani dünya ilə vidalaşmışdı.

Böyrək çatışmazlığından əziyyət çəkən korifey sənətkar yaşının və yaradıcılığının ən gözəl vaxtında, 1963-cü ilin yanvar ayının 31-də, cəmi 53 yaşında əbədiyyən dünyaya gözlərini yumub...

Bununla yanaşı, böyük aktyor  “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində rollar alıb.1961-ci ildə keçmiş sovetlərin ən yüksək fəxri adına - SSRİ xalq artisti adına layiq görülüb.

Qeyd edək ki, Ə. Ələkbərov ilk və azsaylı azərbaycanlı SSRİ xalq artistlərindəndir. Həmçinin, Azərbaycanın ən gənc xalq artistlərindən biri olub.

İstedadlı aktyor cəmi 30 yaşında, 1940-cı ildə Azərbaycan SSRİ-nin Xalq artisti fəxri adına layiq görülüb...

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri