27 
Mar
2019
15:00
119
47
10136
Virtual karabakh

Qərar verilmişdi...

27 Mar, 2019
15:00
10136

Qərar verilmişdi...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Nə qədər istəsə də, yata bilmirdi. Yuxugətirən dərman da içmişdi, amma faydası yox idi. Sabah çox çətin gün olacaqdı. Qorxu və günah hissi onu incidirdi. Amma bu ən doğrusu olacaqdı. Birdən gözünün önünə toy günü gəldi. Bəzəkli, gözəl gəlin. Oturan kimi qucağına oğlan uşağı vermişdilər ki, mütləq oğlu olsun.

Tərslikdən övlad olmurdu ki, olmurdu. Hamı da günahı onda görürdü. Çünki ərinin Rusiyada iki övladı var idi. Özü də ona ərə gedəndə bunu bilirdi. Amma nə olsun, nikahı ki yoxdu o rus qadınla. İmkanı yaxşı olan oğlana ərə getməkdə pis bir şey görmürdü.

Məktəbə elə-belə gedən, adını doğru-düzgün yaza bilməyən qız üçün bu evlilik yaxşı variant idi. Amma iki il idi ki, övladları olmurdu. Elə üzü təzəcə gülmüşdü ki, bəlli oldu ki, gözlədiyi körpə qız uşağıdır. Bu xəbərdən sonra heç kim onun üzünə baxmaq istəmədi. Qayınanasının getmədiyi falçı, molla qalmamışdı. Hamısı da deyirdi ki, bəs oğlunun oğlu olacaq. Amma həkim dedi ki, qızdır.

Əri həkimdən gələndən sonra onunla danışmadı. Bir kəlmə dedi ki, qız istəmir.  Deməli, elə sabah gedib körpəni tələf eləmədir.  Qayınanası həkim də tapmışdı.  Bircə qalmışdı sabah həkimə getmək.

Əslində, özü də bu qız uşağını istəmirdi. Çünki bu balaca qız da onun kimi olacaqdı. Atası evində “səsin çıxmasın, get ev-eşiyi yığışdır” kimi sözlər eşidəcək, ərə gedəndən sonra da eyni şey. Amma burada gərək sənə yad olan adamların da qulluğunda durasan. Çünki qanun belədir. “Səsin gəlməsin, get, işini gör”.

Məktəbdə bir qız var idi. Yaman başı-gözü qaynayırdı. Hamı deyirdi ki, anası yoxdur, ona görə elədir. Bir gün xəbər gəldi ki, bəs şəhərə qaçıb taksi sürücüsü ilə. Sonra dedilər ki, şəhərdə salonu var. Yoxsa salonda işləyir. Nəsə belə bir şey. Sinifdəki qızların hamısı ürəyində ona həsəd aparırdılar. Şəhərdə yaşayır, salonu var.

Kim bilir, bəlkə də, o, hamıdan xoşbəxtdir orada. Amma necə? Tək, kimsəsiz. O gün kimsə onu şəhərdə maşın sürən görüb. Bəlkə də, səhv salıb, kim bilir. Amma o qaçandan sonra haqqında danışılanlar səngimək bilmir. Elə bil hər kəs onun haqqında nəsə deməyi özünə borc bilirdi. Onun ki, heç vecinə deyil burada nə deyirlər. Başını götürüb qaçdı. Bəlkə də, aralarından hamıdan güclü o çıxdı.

Sabah həkimə gedəcək və bitəcək bu fikirlər. Əri elə belə şeylərə görə qız istəmir. Oğlan yaxşıdır. Başın ağrımayacaq. Qonşuları da onu sakit eləmişdi ki, narahat olma, ikincisi oğlan olar. Hansısa pirə nəzir deyib.

Özü də bilirdi ki, qaçmağa yeri yoxdur. Qərar onun yerinə verilmişdi. Elə doğulduğu gündən onun yerinə qərar verilirdi. Və bu onun öyrəşdiyi bir hal idi. Elə ərə getməyi də elə. Atası qərar vermişdi ki, bu oğlana ərə gedəcək. Vəssalam. İndi də bətnindəki körpəsinin atası qərar vermişdi ki, bu uşaq doğulmayacaq. Vəssalam. Bircə sabah açılsaydı, bu fikirlər bitərdi... Qərar artıq verilmişdi.

Hər gün Azərbaycanda selektiv abortlar nəticəsində onlarla qız övladı tələf olunur. Yalnız ona görə ki, bu körpələrin cinsi onların ata və analarını qane etmir. Sadəcə ona görə ki, bu ana-atalar el içinə çıxanda qız övladlarından utanırlar. Natamamlıq kompleksindən əziyyət çəkən insanlar körpələrindən ona görə imtina edirlər ki, sabah qohum-qonşu onlara lağ edəcək. Amma anlamırlar ki, heç kimin onlarla işi yoxdur. Heç kimin vecinə deyil onların evində nə baş verir. Kiməsə görə övladından imtina etmək ən böyük axmaqlıqdır.

Qızları sevin, onları savadlı, ağıllı, sağlam böyüdün. Sabah sevdiyiniz oğlanlarınız layiqli həyat yoldaşı olsunlar deyə.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri