Apr
2019
10:00
26
132
9416
Virtual karabakh

Raquf Orucovun yarımçıq hekayəsi: 17 il onun “qara xəbər”ini gözlədim - VİDEO

2 Apr, 2019
10:00
9416

Raquf Orucovun yarımçıq hekayəsi: 17 il onun “qara xəbər”ini gözlədim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Aprel hadisələrinin yaşandığı ağır və bir o qədər də qürurverici gündən üç il ötür. O gecə vətənini, torpağını ailəsindən belə öndə tutan hərbçilərimiz işğal altında qalan Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid oldular. 

Ağdam, Tərtər, Füzuli rayonlarının bir sıra yaşayış məntəqələri ermənilər tərəfindən növbəti dəfə artilleriya qurğularından atəşə tutuldu. Günlərlə davam edən döyüşlərdə ordumuzun peşəkar hərbçiləri vətənimiz uğrunda canlarından keçdilər.

O gün şəhid olanlar içərisində həyatının 26 ilini hərbi xidmətə həsr etmiş polkovnik-leytenant Raquf Orucov da vardı.

Həmin gecə Azərbaycan Ordusu qələbə sevincini, şəhid ailələri isə həm qalibiyyəti, həm də itki ağrısını yaşayırdı.

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyir ki, 17 illik ailə həyatında onun bir gün evdə rahat oturduğunu görməyib:

“Raquf həyatını peşəsinə həsr etmiş hərbçi idi. İki oğlumuz var. Uşaqlarım hər zaman ataları ilə fəxr ediblər. Raquf peşəkar hərbçi olduğu kimi, qayğıkeş ata, çox gözəl ailə başçısı idi.

İnanın ki, günlərə ayaqlarından çəkmələrini çıxarmazdı. Ayaqları şişib çəkmə ilə bir olardı. Həmişə soruşanda ki, “necəsən?”, bir cavabı var idi ki, “təki siz yaxşı olun!”. Sən demə, o da hiss edirdi olacaqları...”

Ölümündən əvvəl son dəfə ailəsi ilə görüşən Raquf Orucov hərbi hissəyə geri qayıdıb. Xanımı Allahın hər zaman Raqufu qoruduğunu deyir, amma bu dəfə...

Aprel ayının 4-ü... Gecə saatlarında vətən fədailərinin üçrəngli bayrağımıza bükülən tabutları ailələrinə təhvil verildi.

Polkovnik-leytenant  Raqub Orucovu qarşılamağa onun əsgərləri ilə yanaşı, xalq gəlmişdi...

Onun yaşadığı binanın həyətində insan əlindən tərpənmək mümkün deyildi. Vaxt tapdıqca evinə, iki gül balasının yanına tələsən komandirimiz zabitlərin çiyinlərində son dəfə evinə gətirildi.

Oxu.AzBaku TV-nin polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsinə həsr etdiyi süjeti təqdim edirik:

Könül Cəfərli
FOTO: Ramil Zeynalov
VİDEO: Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri