Apr
2019
10:41
16
95
3059
Virtual karabakh

Millət vəkili əlilliklə bağlı yeni meyarları həm təqdir, həm tənqid etdi

1 Apr, 2019
10:41
3059

Millət vəkili əlilliklə bağlı yeni meyarları həm təqdir, həm tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni meyarların və bu yöndə yeni qanun layihəsinin hazırlanması çox müsbət bir hadisədir. Çünki yeni və işlək meyarlara ciddi ehtiyac var.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü Musa Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin müəyyənləşdirilməsi üçün yeni meyarların və yeni qanun layihəsinin hazırlanmasına münasibət bildirərkən qeyd edib.

Millət vəkilinin sözlərinə görə, əlillər, ümumiyyətlə, dünya əhalisinin 12-15 faizini təşkil edir və bu, əslində, böyük rəqəmdir:

“Azərbaycan toplumunun da az olmayan bir hissəsi, təxminən yeddi yüz minə yaxını əliliyə görə pensiya və müavinət alır. Bunun özü də bir qədər düşündürücü və mübahisəli rəqəmdir.

Amma bütün hallarda burada əsas mahiyyət ondan ibarət olmalıdır ki, əlil cəmiyyətə, özünə, ailəsinə yük olmasın. Əlil şəxs cəmiyyətə inteqrasiya etsin. Əlilin daim sosial reabilitasiyası, peşə reabilitasiyası, əmək reabilitasiyası öndə olsun”. 

M. Quliyev deyib ki, əlilliyin təyini ilə bağlı yeni meyarlar indiki dövrün tələblərinə uyğun, Avropa modeli əsasında hazırlanmış meyarlardır.

“Bildiyimə görə, burada xüsusən alman təcrübəsi əsas götürülüb. Yəni burada artıq əlillik qruplarından imtina olunur və faizlərlə əlillik dərəcələrinə keçirilir.

Belə demək mümkünsə, əmək qabiliyyətinin və sosial adaptasiyanın itirilmə faizləri müəyyən olunur. Bununla belə, hesab edirəm ki, burada boşluqlara yol vermək olmaz. Çünki son dövrlərdə, ümumiyyətlə, əlilliyin ekspertizası sahəsində olduqca ciddi problemlər var və bu problemlər həllini gözləyən məsələlərdir.

Əsas məsələ vətəndaşın marağının təmin olunmasıdır. Vətəndaşın marağının təmin olunması, süründürməçiliyə yol verilməməsi, həmçinin, operativ reaksiya verilməsi öndə tutulmalıdır.

Bu, həm də vətəndaşı dövlətə daha çox yaxından bağlayır və dövlətin, hökumətin onun arxasında olduğuna bir daha inandırır. Bu, həm də çox ciddi sosial-ictimai əhəmiyyətdən başqa, siyasi bir məsələdir.

Hesab edirəm ki, əlilliyin ekspertizasında aşkarlıq, şəffaflıq şəraiti təmin edilməli, vətəndaşlara öz haqlarını müdafiə etmək imkanları verilməlidir. Mənim bildiyimə görə, əyani ekspertizadan imtina olunub. Amma mən onun tərəfindəyəm ki, ən azı şikayət qaydasında vətəndaş müraciət edəndə əyani ekspertizadan keçirilməlidir.

Digər tərəfdən, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya bazaları ya birləşdirilməli, ya da olduqca sıx əlaqələri yaranmalıdır ki, vətəndaşlar get-gəllə üzləşməsin.

Həmçinin, göndəriş formaları olduqca sadə doldurulmalı və hər bir səhiyyə müəssisəsi tərəfindən doldurulan göndəriş formasındakı neqativə, səhvə, yaxud da tam olmayan bir yazıya görə vətəndaş vaxt itirməməli, əziyyət çəkməməlidir.

Yəni bütün məsələlərdə vətəndaşın marağı önə çəkilməlidir”, - deyə M.Quliyev əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri