Apr
2019
16:00
193
37
12226
Virtual karabakh

Bir neçə dəqiqə baxdım, ürəyim bulandı, söndürdüm

1 Apr, 2019
16:00
12226

Bir neçə dəqiqə baxdım, ürəyim bulandı, söndürdüm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Gecə yarısı televizoru quranda yerli kanalda bir TV şousu gördüm. Çoxdandır yerli TV-lərə baxmırdım. Düşündüm ki, baxım, nələr baş verir. Şounun baş qəhrəmanlarını daha da çirkin etmək üçün, həm bərbad geyim tərzində təqdim ediblər, hələ parik də qoyublar ki, lap axmaq olan “qəhrəman” təqdim etsinlər. Deyilənə görə, verilişin yüksək reytinqi var. Davranışları və danışıqlarından onların intellekti əks tərəfədir, yəni mənfinin mənfiyə səviyyəsindədir. Bu şou güldürmək məqsədilə yaransa da, mən gülmədim, heyfsiləndim və kədərləndim. Niyə? Niyəsini aşağıda açıqlayım.

Yerli kinolara baxarkən, eyni vəziyyətin şahidi oluruq. “Yeni kino” sənayesi 2014-ci ildən start götürüb. Kassa yığımı barədə ilk uğurlu layihə məhz 2014-cü ilin dekabr ayında ərsəyə gələn komediya janrında çəkilən “Xoxan” filmi olub. Deyilənə görə, prokatdan 1 milyon manat toplayıb. Yaxşı göstəricidir. O zaman mən Avropada olduğum üçün o filmə baxa bilməmişdim. Bir neçə il sonra internetdə baxdım, amma cəmi 30 dəqiqə. Ürəyim bulandı, ona görə söndürdüm.

Bu uğurdan ilhamlanan digər rejissorlar eyni stildə komediya çəkməyə başladılar. Sonradan başqa janrlarda filmlər yaratmaq cəhdləri olsa da, uğurlu ola bilmədilər. Birincisi, ssenari baxımından güclü deyildilər, ən başlıcası, heç bir reklam və PR olmadı. Ona görə risk etməmək üçün hamı bayağı komediya yaratmağa davam etdi.

Bir müddət öncə bir tanışım mənə müraciət etdi ki, dostlarım digər janr film təqdim ediblər, amma gələn yoxdur. Səbəbi isə premyera nümayişinə nə media üzvlərinin, nə də bloqerlərin dəvət olunmasıdır. Yəni bu barədə yazan olmadı. Qorxublar ki, xoşlarına gəlməyəcək, pisləyəcəklər, heç kim getməyəcək. Bəs nə oldu? Onsuz da gedən olmadı.

Xalq kəlməsi yadıma düşür: “Qorxursan pişikdən, niyə çıxırsan deşikdən?!” Yəni ki, özünə əmin deyilsən, niyə pulu xərcləyib, bu əziyyəti çəkirsən?! Əgər onlara məsləhət verməli olsaydım, deyərdim ki, qorxmayın! Gəlin auditoriyaya müraciət edək ki, “biz fərqli kino yaratdıq, yeni başlamışıq, çatışmayan nə isə varsa, deyin, düzəldək, daha yaxşı film yaradaq. Bizə yardımçı olun, tənqidə açığıq”. İnsan psixologiyası elədir ki, səmimi müraciətə müsbət reaksiya verir və əksinə, dəstək olardılar.

Sponsor tapıb film çəkib, montaj etmək müasir zamanda yetərli deyil. Onu düzgün təqdim etmək, ajiotaj yaratmaq lazımdır. Bunun yolları var. Bilmirsinizsə, öyrənin, ən yaxşısı, PR mütəxəssisləri və məsləhətçiləri cəlb edin.

Bu işin bir tərəfi, gəlin, indi bu film və şouların qəhrəmanlarını incələyək. Çirkin, kök, səviyyəsiz, savadsız, heç nəyi bacarmayan, dələduz baş qəhrəmanlar. Hələ bunlar bir kənara, danışıq səviyyələri də yoxdur. Amma filmin sonunda istəyinə nail olur. Uşaqlar və gənclər də bu film və şoulara baxaraq ondan ibrət götürür və düşünür ki, elə belə olmaq lazımdır.

Budurmu azərbaycanlı obrazı?

Əgər sovet vaxtının kinolarına baxsaq, Azərbaycan kinosunun nə qədər keyfiyyətli olduğuna şahid olarıq. Komediyalar həm güldürürdü, həm də nə isə öyrədirdi, fikirləşməyə vadar edirdi. Bir neçə filmə baxaq.

Gün keçdi” romantik filmi (rejissor Arif Babayev) - İki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet onların taleyi, iki xarakterin münasibətləri üzərində qurulub. Baş qəhrəman ziyalı, savadlı, bilikli arxitektor filmin əvvəlində “İçərişəhəri abidə kimi qoruyaraq saxlamalıyıq” deyir. Bu, artıq bir mesaj idi. Film boyu gözəl səhnələr, ünsiyyət görüb, eşidirik. Kişi rolunu yaraşıqlı Həsən Məmmədov, qadın rolunu isə gözəl aktrisa Leyla Şıxlinskaya ifa edirlər. Bu, doğru azərbaycanlı obrazlarıdır.

Əhməd haradadır?” komediyası (rejissor Adil İsgəndərov) - Müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir. Bu film çox gözəl obrazlarla və zarafatlarla doludur. Həm gənclərin öz həyatını özlərinin həll etdiyi, istedadlarını göstərməyi, istəklərinə nail olmağı, həm cəmiyyətdə olan problemləri ortaya qoyur. Baş qəhrəmanlar yenə də gözəl və yaraşıqlı azərbaycanlı gənclərdir. Hətta ZİL sürücüsü belə istedadlı və yaraşıqlı azərbaycanlı oğlandır. Tələbələrin həyatı barədə, onların dünya görüşü haqqında söz açır. Əla musiqili səhnələr filmə rəngarənglik verir.

Qaynana” musiqili komediyası (rejissor Hüseyn Seyidzadə) - Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin (Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Həm gülməli, həm ibrətamiz, yenə gözəl-göyçək aktyor və rollar. Nəsibə xanımın yaratdığı obraz unudulmazdır və dahidir, digər rolları kimi.

Yeddi oğul istərəm” (rejissor Tofik Tağızadə) - Vestern janrında çəkilən bu film mərd azərbaycanlı qəhrəman obrazlarını təqdim edir. Heç də ABŞ vesternlərindən geri qalmayan filmdir. Qələbə və ideyaları naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar - 20-ci illər haqqında romantik hekayətdir. Filmin baş qəhrəmanları ciddi, mərd, öz ideyaları uğrunda fədakarlıq göstərən gənclərdir. Döyüşərək həlak olurlar, amma sözlərindən dönmürlər. Filmin mövzusu mübahisəlidir, amma söhbət kinematoqrafiyadan və obrazlardan gedir.

O olmasın, bu olsun” (rejissor Hüseyn Seyidzadə) - Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı, filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olub. Bu, indiyədək sevərək baxdığımız filmlərdəndir.

“Görüş”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Bakıda küləklər əsir”, “Tütək səsi”, “Şərikli çörək”, “Uşaqlığın son gecəsi”, “Həyat bizi sınayır”, “Xoşbəxtlik qayğıları”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Uzaq sahillərdə”... Filmləri sadalamaqla bitməz.

Bəs haradadır bizim istedadlı gənclərimiz? Niyə bu kino ənənəsini davam etdirən yoxdur?

Onlar var, yalnız onları maliyyələşdirən yoxdur. Çünki hamı reytinq dalınca qaçır. Bu reytinq isə cəmiyyətimizi savadsız edir və həmin obrazları yetişdirir.

“YouTube”u açın, 40 dəqiqəlik Vüqar İslamzadənin “Zabit Şərəfi” qısametrajlı filminə baxın. Mən zövq aldım. Deməli, istedadlar var, amma onları ortaya çıxaran yoxdur. Vüqar Avstraliyada ssenari müəllifi və rejissor sənəti üzrə təhsil alıb, amma ondan çox adamın xəbəri yoxdur.

Kinosənaye böyük biznesdir, orada böyük pullar dövr edir, amma gəlin, elə edək ki, gələcək nəsil bizi söyməsin. Hətta primitiv filmlər çəkən Bollivud belə keyfiyyətli filmlər çəkməyə başlayıb. Son illərdə təsadüfən beş hind filminə məmnuniyyətlə baxmışam.

TV və kino xalqın mədəniyyətini təyin edən faktorlardır. Gəlin, səviyyəni yüksəldək, aşağı salmayaq.

Epiloq. Stiv Cobs ilk dəfə “iPhone”u təqdim edərkən demişdi ki, “Biz sorğu aparıb, istəkləri soruşsaydıq, heç vaxt “iPhone” yaratmazdıq. Heç kimin xəyalında olmayan qadceti yaratdıq ki, alıcılar desin ki, bunu istəyirəm. Yəni bazar, yeni təklif yaradırıq, çünki insanlar çox zaman özləri nə istədiklərini bilmirlər.” Bu sözləri bizim bugünkü mövzu ilə bağlasaq, demək istəyirəm ki, media və televiziya auditoriya dalınca qaçmaqdansa, onları yeni layihələrlə sevindirsin, nə isə öyrətsin, motivasiya etsin. Axı biz gələcəyimizə cavabdeh olmalıyıq!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri