12 
Apr
2019
14:20
189
112
5679
Virtual karabakh

Hamımız günahkarıq

12 Apr, 2019
14:20
5679

Hamımız günahkarıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tural Yusifov yazır...

Bu gün piyada vurulmasından danışmaq istəyirəm. Ötən ilin statistikasına əsasən, baş verən qəzaların 52 faizi piyada vurulması ilə nəticələnib. Bəs piyadaların vurulmasında piyadalar günahkardır, yoxsa sürücülər ?

Günahkar valideynlərdir

Yolda özünü aparmaq, hadisələri və prosesləri qiymətləndirmək və doğru qərar vermək ilk olaraq ailədən gəlir. Əgər ata və ana övladı ilə birgə qadağan olunmuş yerdən keçirsə, siz onun övladından daha sonralar yolu düzgün keçməyi gözləyə bilməzsiniz. Aşıq gördüyünü çağırar. Valideynlərin bəziləri vecsizdirlər.

Nə özlərini, nə də övladlarını düşünürlər. Və bu, hər nəsil dəyişdikcə belədir. Yəqin, fikir vermisiniz: Yolu keçən piyada ona yaxınlaşan avtomobilə baxmır. O, hər zaman ən yaxın avtomobilə deyil, ondan sonrakı avtomobilə baxır. Sanki ilk avtomobilin sürücüsünün onu gördüyündən əmindir. Niyə əmindir?

Çünki atası və anası, babası və ya əmisi, müəllimi və ya dostu ona izah etməyib ki, “sən sənə yol verilməsinə əmin olmayınca yolu keçmə”. Ona izah etməyiblər ki, yolu müəyyən edilmiş yerdən keç. Keçməzdən öncə avtomobillərin gəldiyi istiqamətə bax, yol boş və təhlükəsiz olduqda keç. Yolun qaranlıq, məhdudiyyətli yerində deyil, açıq yerində dur və sürücüyə görünən ol. Qara geyimdə deyil, işıqqaytarıcılı və ya əlvan rəngdə geyin.

Bütün avtomobillər dayandıqdan sonra yolu keç. Avtobusun önündən deyil, arxasından keç. Uşaqla yolu keçəndə körpədirsə, qucağına al və avtomobillər gələn tərəfə uşağı tutma. Çünki maşın gələn tərəfə uşağı tutduqda sən həmin istiqaməti görmürsən. Küləkli və ya sərt hava şəraitində səkinin üstündə durma və yellənmə.

Uşaqla yolu keçəndə uşaq arxada qalmasın və ya irəliyə keçməsin. Keçiddən keçən zaman qulaqlığı qulağından çıxar və siqnalı eşit. Yolu keçən zaman əyri xətt ilə deyil, yola perpendikulyar xətt üzrə keç. Ehtiyatlı ol.

Yolu keçən zaman avtomobillərin arasından qıvrıla-qıvrıla keçmə. Mütləq keçiddən ləngimədən və gözünü telefondan çəkərək keç. Özünü qoru. Bunu övladınıza deməyin, ailə üzvlərinizə deməyin, təbliğatını aparmayın və sonra da “bu piyadalar yolu keçə bilmir” deyib narazılıq edin. Günah elə sizdədir.

Günahkar sürücülərdir

Sürücülərimizin bir çoxu özlərini avtomobil idmanı yarışlarının sürücüləri kimi hiss edirlər. Kinoteatrda “Forsaj” filminə yarımçıq baxıb yola çıxanlardır hamısı. Ehtiyat - 0, qorunma - 0, qaydalara əməl etmə - 0, hörmət - 0.

Sürücü sürücülük vəsiqəsi olan deyil. Sürücü vaxtında hadisəni düzgün qiymətləndirib, doğru qərar verərərək, anında reaksiya verəndir. Əgər yolun kənarında piyada varsa, o, mütləq yola çıxacaq. Əhməd dayı, Bikə xala dayanacaqda dayanıbsa, mütləq evinə getmək üçün yolu keçəcək. Yola top düşdüsə, mütləq bu topun arxasınca uşaq çıxacaq.

Qiymətləndirmə bu cür olmalıdır. Avtobus dayanacağı, piyadaların keçdikləri yerdən keçdiyiniz zaman mütləq sürəti aşağı salmalısan. Hətta dayanmalısan. Amma bizimkilər bir yoldan hər gün piyada keçdiyini bilsələr də, hər zaman getdikləri sürətə xəyanət etmək istəməyərək, maksimum sürətlə gedirlər. Niyə? Hara tələsirik? Həbsxanayamı?

Ən dəhşətli qəzalar yuxarı sürətdə baş verir. Əgər yolda piyada gördünsə, mütləq sürəti aşağı sal. Mən 100-dən çox qəza videosunu analiz etmişəm. Bir çox qəzalardan qaçmaq olardı. Sürücülərin etdiyi ortaq bir səhv var. Onlar hərəkət sürətini aşağı salmadan piyadaya işıq siqnalı və siqnal verirlər. Və artıq piyadaya tam yaxınlaşdıqda əyləci basırlar. Bu, səhvdir.

Sənin diqqətin yoldadırsa, sən piyadanı mütləq görəcəksən (ağac və ya dirək arxasında gizlənənlər xaric).

Uzaqdan gördünsə, ayağını qazdan çək. Ayaq əyləcə keçir.

Yüngülcə əyləcə toxunursan ki, arxa stoplar yansın. Bu zaman arxadan gələn daha da diqqətli olur və sən arxadan vurulma qəzasından özünü sığortalayırsan. Sürət aşağı düşür və sən yolun ortasından piyada olduqda sən ona ən aşağı sürətdə çatırsan və dayanırsan. Bu zaman, arxadan gələn səni vurmur, sən də piyadanı vurmusan. Və Əhməd dayı sənin həyatına daxil olmadan çıxır gedir.

Başqa bir misal: Sən sürətlə gedirsən. Digər zolaqda olan sürücü sürətini aşağı salır, sən ona fikir vermədən sürətini eyni saxlayırsan. Və budur, Bikə xalanın siması ilk olaraq avtomobilinin alın şüşəsinə, sonra isə əbədi olaraq həyatına həkk olunur.

Nə etməli? Ətrafda baş verənləri analiz edin. Qonşu maşınların hərəkətini nəzarətdə saxlayın. Sürətini aşağı salmış sürücü piyada üçün bunu edə bilər. İnandırım sizi, həyatda Bikə xalanın simasından daha maraqlı şeylər var. Diqqətiniz yolda olsun. Ağac və dirək arxasında gizlənən, yola güllə kimi açılan piyadalardan qorunmaq olar.

Sadəcə, diqqət və düzgün analiz lazımdır. Hava qaraldısa, sürət aşağı düşməlidir. Çünki işıqlı gün kimi komfortunuz yoxdur. Yağış yağdısa, sürət aşağı düşməlidir. Quru asfalt kimi rahatlığınız yoxdur. Hər şeyi nəzərə alın.

Hətta avtomobilinizin əyləci, təkəri və işıqları belə, hadisə zamanı həlledici rol oynaya bilər. Sizə evə salamat və problemsiz çatmaq lazımdır, yoxsa tələsərək həbsxanaya düşmək?

Günahkar yol salanlardır

Bizdə yolu avtomobillər üçün salırlar. Piyadaları düşünən yoxdur. Yollar enli, səkilər dar. Səkilərdə restoran, mağaza, avtoyuma və başqa məntəqələr. Piyada səkidən deyil, yoldan istifadə edir.

Çünki səkisi zəbt edilib. Pulgir sahibkarlar, buna göz yuman, çox güman ki, pulgir məmurlar, səkiyə dırmaşdırıb avtomobil saxlayanlar, onlardan pul alan “parkovşik”lər və bütün bunlara göz yuman orqanların biganəliyinə görə.

Və ya yol çəkirlər, piyada keçidi yoxdur. Yuxarıda yazdıqlarımı bu yazıq piyadalar Qala yolunda necə həyata keçirsinlər?! Yolu çəkib, ora avtobus dayanacağı qoyublar, amma piyada keçidi yoxdur. Bu avtobusdan düşən binəva piyada yolun o biri tərəfinə şüvüllə hoppansın? Dron uçurmaq qadağan oldunduğuna görə heç dronla da uça bilməz.

Bakıda onlarla belə yer var. Yol çəkilir, amma piyada unudulur. Bilirsiniz niyə? Bu yolu çəkənlərin heç biri piyada deyil. Soruşsan, sonuncu dəfə avtobusa nə zaman minib, yadında olmaz. Belə adamlar keçid düşünəcəklər? Çox uzağa getməyək. Babək prospektində bir yerdə də piyada keçidi yoxdur.

Günahkar yol polisidir

Heç yaxalarını kənara çəkməsinlər. Onlarda da günah var. Jalüzə görə 150 manat cərimə yazmaq əvəzinə piyadaların və sürücülərin maarifləndirilməsi üçün iş görmək daha effektiv olardı.

Yol polisi nə etməlidir?

● Dövlət büdcəsindən ayrılmış pulla maarifləndirici çarxların hazırlanıb yayılması;

● Rəsmi veb səhifənin yenilənməsi və piyadalar üçün ayrıca bölmənin olması;

● “Youtube”, “Instagram”, “Facebook” sosial şəbəkələri ilə aktiv təbliğat apararaq, auditoriya ilə aktiv ünsiyyətə girib problemlərin müəyyən edilməsi;

● Sosial şəbəkələrin gücündən istifadə edərək, gündəmdə qalacaq paylaşımlar edilməsi;

● TV-də gedən veriliş, serial və filmlərdə olan yol hərəkəti qayda pozuntularına dərhal reaksiya verilməsi və TV-nin bu səhvin aradan qaldırmasına nail olunması;

● TV DYP-nin haqlı iradını qulaqardına vurduqda, məsələnin ictimai müzakirəyə çıxarılıb onların qınanması;

● TV-də sosial reklam hüququndan istifadə edib reklamların yerləşdirilməsi;

●Piyada vurulması ilə nəticələn hadisələrin diqqətli, ədalətli araşdırılmasının təmin edilməsi və bu barədə ictimaiyyətə mütəmadi məlumat verilməsi;

● Məktəblərdə yol hərəkəti ilə bağlı dərslərin salınması üçün hökumət qarşısında məsələ qaldırılması və buna nail olunması;

● Olmayan, yararsız və ehtiyac olan yerlərdə nişanların və xətləmənin edilməsi üçün müvafiq tədbirlərin görülməsi və hər ay şəhər küçələrinin təftiş edilməsi;

İnandırım sizi, bu təhlükəsizliyə heç bir aidiyyəti olmayan jalüzə cərimə yazmaqdan daha vacibdir.

Günahkar mediadır

Mediamızın zəlil vəziyyətdə olduğu haqqında dəfələrlə yazmışam. TV və radiolarda təbliğat sıfır səviyyəsindədir. Siz Ərşad Hüseynov və Tural Yusifovdan savayı yanaraq, ehtirasla və kömək etmək məqsədilə təbliğat aparan başqa bir şəxs tanıyırsınız? 1 mln. 600 min sürücüyə, milyonlarla piyadaya iki nəfər işini sevən təbliğatçı. Azərbaycanın televiziya məkanında “AvtoStop”dan savayı sürücüləri maarifləndirən ikinci bir layihə yox idi. 110 verilişi öz hesabımıza etmişdik. Daha sonra pulumuz çatmadı.

İndiyənə qədər heç kim bizim etdiyimiz kimi və ya ona bənzər bir verilişi etməyə cəhd etməyib. Özümü tərifləmək fikrində deyiləm. Sadəcə, bu, deyəsən, Ərşad müəllim və məndən başqa heç kimə lazım deyil. Çünki ucuz, bayağı şoular daha cəlbedici görünür.

Onu etmək çox asandır. Amma unutmamalı olduğumuz bir məsələ var. Bizim ailə üzvlərimiz də piyada olurlar. Başımıza gəlmədən, bu hadisələrin qarşısını almalıyıq. TV-lər nə etməlidir ?

● Yol hərəkəti təhlükəsizliyini təbliğ edən verilişlərin hazırlanmasını sifariş etməlidir (Deməsinlər ki, pul yoxdur. Pul var, özü də kifayət qədər);

● Yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial çarxların sosial reklam olaraq yayınlanması ən reytinqli verilişlərin vaxtına salınmalıdır. Yoxsa yol polis çarx çəkdirsin və sən onu gecə 02:00-a sal, belə iş olmur;

● Yayımlanan seriallarda bu məsələyə diqqət ayırılmasının önəminin yaradıcı kollektivə izah edilməsi (“Disney” cizgi filmlərində siçan personajı kəmər bağlayır);

● Təbliğat işi görən şəxslərə (cəmi iki nəfər) təbliğat üçün imkan yardılması və onlardan veriliş hazırladığına görə pul alınmaması. Bu, vacib məsələdir. Pul istənilən zaman, bilməyəcəksən efirə yaxşı material hazırlayasan, yoxsa pulu haradan tapıb TV-yə ödəyəsən.

Vallah, sizin övladınızı avtomobil vurduqda, yadınıza Şəbnəm Tovuzlunun maşını düşməyəcək. Mütləq günahkar axtaracaqsınız. Özünüzdən başqa hər kəsi günahkar biləcəksiniz. Hər birinizin bu işdə bir məsuliyyəti vardır. Məsuliyyətsiz olmayın!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri