18 
Apr
2019
15:29
41
134
5529
Virtual karabakh

Sözsüz mahnı

18 Apr, 2019
15:29
5529

Sözsüz mahnı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

- Hazırsan? Çıxaq?

- Hə, çıxaq. 

Hər ikisi sakitcə evdən çıxdılar. Sakitcə liftə minib aşağı düşdülər. Avtomobilə minib hava limanına doğru hərəkət etməyə başladılar. Bu dəfə evin xanımı yola çıxırdı. Əvvəl işdən belə təklif olanda həyat yoldaşı qəti olaraq buna qarşı çıxırdı.

“Xeyir ola, qadın xeylağını göndərirlər. İşdə kişi yoxdur, göndərsinlər?” Xanım da mübahisə etməz, sadəcə, işdə hər dəfə müxtəlif bəhanələr gətirərək ezamiyyətə getməzdi. Bu dəfə isə özü üçün müəyyən etdi ki, gedəcək. Sakitcə gəlib xəbəri yoldaşına dedi. O isə xəbəri çox soyuqqanlı qarşıladı. Cavabı “istəyirsən get, istəmirsən, getmə, özün bilərsən” oldu. 

Artıq 10 dəqiqə olardı ki, yol gedirdilər. Sakitcə, dinmədən. Hətta bir anlıq ona elə gəldi ki, avtomobil özü hərəkət edir, içəridə isə iki soyuq meyit var. Bir-birinə deməyə sözü olmayan, ögey iki nəfər. Onlar nə ölü, nə də diridirlər. Hər ikisi öz dünyasına çəkilərək, öz fikirlərində hərəkət edərək yol qət edirlər. 

Bir zamanlar saatlarla danışar, ən kiçik məsələni birgə müzakirə edərdilər. İllər keçdikcə onların arasında yaranan soyuqluğun səbəbini artıq heç biri xatırlamırdı. Amma bir şey dəqiq idi. Bir zamanlar bir-birini çox sevirdilər.

Yol isə elə hey uzanırdı. Boz, yaşıl, mavi rənglər bir-birinə qarışırdı. Avtomobil öz sürəti ilə hərəkət edirdi. Birdən içindən onun əllərinə toxunmaq keçdi. Amma fikrindən tez də döndü. Ona baxdı, saçları ağarmışdı. Gözlərinin ətrafında qırışlar əmələ gəlmişdi. Üzü isə çoxdan gülmürdü. Ən azı onunla gülmürdü.

Bəlkə də, başqa qadınlarla üzü də, könlü də gülürdü. Barmağındakı üzüyə baxdı. Üzüyün qaşı da onların gözü kimi sönük və solğun idi. Buna baxmayaraq, üzüyü barmağından çıxarmırdı. Həyat yoldaşı isə çoxdan idi ki, üzüyü taxmırdı. Açığı, xanım da tələb etmirdi. Anlayırdı ki, artıq hər şey əvvəlki kimi deyildi. Onun beynindəkiləri nə qədər anlamaq istəsə də, heç nə başa düşə bilmirdi.

Onlar artıq nə ailə kimi ailəydilər, nə də ayrılırdılar. Çox mənasız və anlamsız vəziyyət idi. Görünür ki, bu vəziyyət onların hər ikisini qane edirdi. Soyuq, boz, sözsüz mahnı kimi. Evlərində isə sükut hökm sürürdü. Son zamanlar isə bu sükut lap dəhşətli olmuşdu. İndi isə onlarla bir yerdə avtomobilə minib hava limanına gedirdi. 

Təyinat yerinə çatanda isə onu qucaqlamaq istədi. Yola çıxırdı axı. Bilmək olmur, bəlkə də, son dəfə görüşürlər. Nə qədər yad olsalar da, içində çox doğma adamı dəfn etmiş kimi yaşayırdı. Hər şey bir-birinə qarışmışdı. Yenə də ona qarşı addım ata bilmədi. Çantasını götürüb limana doğru addımladı. Heç biri sağollaşmadı. Sükut isə hələ də onlarla bir yerdə idi. Çünki onu qovmağa heç birinin cürəti çatmadı. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri