22 
Apr
2019
12:46
25
148
5147
Virtual karabakh

Bu gün kimi “şaqqalayırıq”, inşallah?

22 Apr, 2019
12:46
5147

Bu gün kimi “şaqqalayırıq”, inşallah?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Linç dedikdə ağıla ilk olaraq daş-qalaq səhnəsi gəlir; yadımıza tarixin o biri başında İsa peyğəmbərin qənşərinə daş-qalaq olunmaq üçün gətirilən zinakar qadın düşür, gözümüzün qabağında isə tarixin bu başında kütlənin kanalizasiya borusundan çıxarıb sürüyə-sürüyə öldürməyə apardıqları Liviya hökmdarı Qəddafinin qorxmuş sifəti canlanır.

Linçetmənin praktik tarixi çox qədim zamanlara gedib çıxsa da, onun siyasi-psixoloji tarixi ABŞ-ın yaranma tarixi ilə tay-tuşdur.

1780-ci ildə ABŞ-ın Virciniya ştatında irland əsilli Çarlz Linç adlı tütün plantatoru vardı. Bu Linç ABŞ-ın “Müstəqillik Müharibəsi” zamanı polis polkovniki rütbəsi əldə etmişdi və tabeliyindəki zabitlərlə birlikdə “xalq məhkəmələri” quraraq “ingilis tərəfdarları”nı sorğu-sualsız edam edirdi. Daha sonra bu siyahıya “qızıldərililər”, üsyankar zənci kölələr də əlavə olundu. Linçin cəza metodu çox sadə idi; onun “xalq məhkəməsi”nin “günahkar” elan etdiyi adamı yığıncaq iştirakçıları əvvəlcə döyürdülər, sonra orqanlarını kəsirdilər, axırda da ya dirəyə bağlayıb yandırırdılar, ya da tikə-tikə olunmuş cəsədi başıaşağı asırdılar.

Polkovnik Linçin “vətənpərvərliy”i o qədər şöhrət qazanmışdı ki, hətta onun “xalq məhkəmələri”nə yerli qəzetlərdə “bütün xalqımız dəvətlidir” deyə elanlar verilir, linçetmə barədə xəbərlər də dərc olunurdu. Məsələn, o dövrdə gündəlik qəzetlərdə belə başlıqlar oxumaq adi hal idi: “Cinayətkarın şaqqalanmasında minə yaxın adam iştirak edib”, yaxud “Hər kəs cinayətkardan bir tikə qoparmağa nail olub”, ya da “Cinayətkarın asıldığı ip 1350 dollara satılıb” və s.

Getdikcə polkovnik Linçin bu cəzalandırma şəkli qanuniləşdi və “Linç Qanunları” adını aldı, ta 1960-cı illərə qədər ABŞ-da qüvvədə qaldı.

Linçetmə ABŞ-da kölələliyin ləğvi ilə birlikdə öz qanuniliyini itirsə də, qeyri-qanuni olaraq bu gün də müxtəlif ölkələrdə və formalarda təsadüf olunan cəzalandırma metodu kimi yaşayır.

Məsələn, yuxarıda qeyd etdiyimiz keçmiş Liviya lideri Qəddafinin linçlə öldürülməsini, yaxud bəzi müsəlman ölkələrində hələ də zinada günahlandırılan qadınların daş-qalaq olunmasını, lap elə bu günlərdə Türkiyədə CHP lideri Kamal Qılıncdaroğlunun yas mərasimində dindar kütlənin hücumuna məruz qalmasını yaxın tariximizdən və coğrafiyamızdan misal göstərmək olar.  

Amma linçetmənin ən modern forması sosial şəbəkələrdə sözlə, təhqirlə, şantajla linçetmədir. Çarlz Linçin zamanında başlanğıcda linçetmənin məqsədi ABŞ düşmənlərini cəzalandırmaq idisə, sonradan bu vəhşilik edam kefqomluğuna, vandalizm eyş-işrətinə çevrildi. Artıq şöhrətinin dadını çıxaran polkovnik Linç viskidən içib kefi istədiyi adamı kütlənin “ağzı”na atırdı. 

İndi də sosial şəbəkələrdə çox zaman linçləmə prosesi insanların sadəcə virtual “kef məclisi” kimi təşkil olunur. Hətta bəzi sosial şəbəkə istifadəçiləri yarızarafat, yarıciddi bir-birilərinə yazırlar ki, “bu gün kimi “şaqqalayırıq”, inşallah?” Bu, artıq söz, fikir azadlığı deyil, psixi pozğunluqdur. Sosial şəbəkələrdə ac yırtıcı sürüsü kimi dolaşıb yaralı şikar axtarmaq! Özünü yaralı şikar kimi göstərib bu sürünü arxasınca lökküdərək öz cəmdəyini reklam edənlər də bir ayrı psixopat növüdür.

Bu linç şəbəkəsi tarixin ayrı-ayrı zamanlarında şəkildən-şəklə düşərək günümüzə qədər təkamül prosesi keçib. Sokratın edamına səs verənlər də onlar idi, Brunonu tonqala aparanlar da. Şopenhauer onları birləşdirən başlıca xarakterik xüsusiyyəti təxminən belə izah edir: “Heç bir əqli ehtiyacları yoxdur, anlayışlara nifrət edərlər, özləri ilə ünsiyyətdən heç bir intellektual həzz almazlar”.

Burada ən vacib olan ifadə insanın, (lap elə millətin) “özü ilə ünsiyyət” məsələsidir. Özü ilə ünsiyyət qura bilməyən insan məzmunundan və formasından asılı olmayaraq, həmişə başqasına “saldırır”, hətta lətifə danışsa belə. O, özündə olmayan bir şeyə möhtacdır - ünsiyyətə olan ehtiyacını ödəyəcək kənar bir ağıla. Kütlə insanı bu məqamda yaranır: o “kənar ağıl” bu cür, sadəcə, ünsiyyət ehtiyacı olan adamları bir yerə toplayıb quru nitqlə yemləyir və əlində hazır saxlayır: kimisə alqışlamaq, yaxud daşlamaq üçün minlərlə əl daha “bərəkətlidir”.

Linçetmədə qabaqcadan psixoloji hazırlığa ehtiyac var. Heç bir linçetmə öz-özünə, spontan, psixoloji yetişmə mərhələsi olmadan baş vermir, mütləq bir yönləndirici qüvvə olmalıdır. O, qüvvə də dünyaya ağlını deyil, ağzını açıb baxan oxşarları bir yerə vaxtında yığa bilmiş “kənar ağıldır”.

Linç sürüsünü təkcə mənəvi, psixoloji eynilik, oxşarlıq birləşdirmir, diqqətlə izləsəniz, görəcəksiniz ki, onlar həm də qazanc baxımından öz dövrlərinin babları, “qarındaş”larıdır. Yəni linç sürüsünü mənəvi səviyyə ilə yanaşı, maddi səviyyə ilə də bir-birilərinə yaxın olan adamlar formalaşdırır. Pəki, onlar linçetmədən bir şey qazanırlarmı, ümumiyyətlə, bir qazanc güdürlərmi? Polkovnik Linçin dövründə qəzet başlıqlarını yada salaq: “Hər kəs cinayətkardan bir tikə qoparmağa nail olub”. Vəssalam, linç sürüsünün tarixin bütün dövrlərində linçləmədən güddüyü və götürdüyü qazanc budur – bir çimdik sadizm!

Bu gün sosial şəbəkələrdəki linç qruplarını da linç tozanağından başqa heç bir şey maraqlandırmır; təki bir hədəf olsun və hərəmiz ona bir daş ataq, ətindən bir çimdik qoparaq. Sonrası, şair demiş, nə ola, ola...

Yazını oxuyan oxucuda sual yarana bilər, mən indi hardan bilim ki, dünən gecə hirsimdən boğula-boğula yazdığım statusla həmin bu linç sürüsünün bir üzvünə çevrilmişəm, ya yox? Bundan ötrü dərin psixoanaliz aparmağa ehtiyac yoxdur. Baxmaq lazımdır, səni hirsləndirib status yazmağa vadar edən məsələ haqqında neçə dəqiqə özünlə götür-qoy etdin, ağlına neçə fikir gəldi və sən onların içindən hansını seçdin? Yoxsa sən, sadəcə, hamının bir nəfəri daşladığını görüb laqeyd qala bilmədin və əlinə keçən ilk daşı götürüb atdın?         

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri