22 
Apr
2019
18:41
489
28
6491
Virtual karabakh

ABŞ-dan təqaüd təklifi alan gənc: Azərbaycanda əla qiymətlərlə oxuyurdum

Mingəçevir şəhərində anadan olub orada böyüyən 19 yaşlı Cavid Əlizadə IX sinfə kimi Mingəçevirdə orta məktəbdə təhsil alıb. Sonra Böyük Britaniyaya üz tutub və üç il ərzində təhsilini orada davam etdirib.

Oxu.Az ABŞ-ın Lafayette Kollecindən 74 min dollar tam təqaüd təklifi alan 19 yaşlı azərbaycanlı Cavid Əlizadə ilə söhbət edib.

- Britaniyaya yolun necə düşdü?

- Uşaqlıqdan xaricdə oxumaq arzum olub. Böyük elm həvəskarı olduğum üçün hər zaman kitablar, ya da internet vasitəsilə xarici alimlərin işləri ilə tanış olmuşam, ona görə xaricdə təhsil həmişə cəlbedici gəlib. IX sinfi bitirəndən sonra ailəmin dəstəyi ilə arzuma çata bildim.

- Nə kimi çətinliklərlə rastlaşdın və öhdəsindən necə gəldin?

- Azərbaycanda oxuyanda da həmişə əla qiymətlərlə oxuyurdum, olimpiadaçı olmuşam. Ambisiyalı, yarışmağı sevdiyim və çalışqan olduğum üçün təhsillə bağlı problem yaşamamışam. Britaniyada da təhsilimi əla qiymətlərlə bitirmişəm, orada da olimpiadaçı idim. Böyük Britaniya biologiya olimpiadasında qızıl, gümüş, bürünc medal, Böyük Britaniya kimya olimpiadasında gümüş, Böyük Britaniya riyaziyyat olimpiadasında qızıl medal sahibiyəm.


Təkcə akademik sahədə deyil, sosial sahədə də aktiv idim: məktəbdə bir neçə klubların prezidenti və vitse-prezidenti olmuşam. Həmçinin “house captain” dediyimiz mövqeyim də olub. Mentalitet fərqi olduğu üçün başlanğıcda inteqrasiya bir az vaxt alıb, sonra hər şey yoluna düşdü.

- Mingəçevir məktəbi ilə Britaniya məktəbi arasında nə kimi fərqlər gördün?

- Fərqlər çoxdur. Təhsilə yanaşma onlarda çox fərqlidir. Mən Böyük Britaniyanın top məktəblərindən sayılan “Cardiff Sixth Form College”ində oxumuşam, oraya qəbul olmaq da, orada oxumaq da asan deyil. Çox savadlı uşaqlarla əhatələnmişdim, mübarizə həddən artıq çox idi, bu da insanı daha çox çalışmağa vadar edir.

- Sosial şəbəkələrdən istifadə etmirsən, deyəsən. Yaşıdlarının sosial şəbəkələrdən aktiv istifadə etməsinə münasibətin necədir?

- Həmyaşıdlarımın seçimlərinə və həyat tərzlərinə hörmətlə yanaşıram. Mənim isə marağım olmadığı üçün işlətmirəm. Sadəcə xaricdəki dostlarımla ünsiyyətdə qalmaq üçün “İnstagram” profili açmışam.



- Universitet seçimini edəndə nəyə üstünlük verəcəksən?

- Çox faktorları nəzərə alacağam, emosiyalara və eqoma üstünlük verməyib maksimum rasional yanaşmağa çalışacağam. Getdiyim yerdən asılı olmayaraq ölkəmi, millətimi və bayrağımı layiqincə təmsil etmək istəyirəm. Gələcəkdə də ölkəmizin inkişafında rolumun olmasını arzulayıram.

- Gənclərə və xaricdə təhsil almaq istəyənlərə sözün...

- Onlara sözüm: çalışmaq, əllərindəki resurslardan istifadə etmək və ruhdan düşməməkdir. Həyatda hər şey istədiyimiz kimi olmur, amma bu, bizi sadəcə daha çox motivasiya etməlidir.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri