23 
Apr
2019
10:41
207
64
9816
Virtual karabakh

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

23 Apr, 2019
10:41
9816

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsasən, “avtoş” maşını kimi tanınan “Vaz 2107” markalı avtomobillər 1982-ci ildən istehsal olunmağa başlayıb. İstehsal və istismarı müddətində özünə yeni ad qazanıb: “kibrit qutusu”. Bu ad isə təsadüfən verilməyib. Maşın qəza anında dərhal kağız qutu kimi əzilir və sürücünün, sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradır.

Mexaniki sürət qutusuna malik olduğu üçün avtoxuliqanların da seçiminə çevrilib. Qaydalar sərtləşdirilməzdən əvvəl paytaxtda hər addımbaşı ön təkərləri qaldırılmış, qara pərdələrlə örtülmüş “07”lərə rast gəlmək mümkün idi. Köhnə “beşmərtəbə dairəsi” isə məskənləri idi. 

Düzdür, indi avtoxuliqanların sayı xeyli azalsa da, “07”lərin istehsalı 2012-ci ildən dayandırılsa da, bu maşınların istismarı hələ davam edir.

Halbuki Rusiya istehsalı olan bu maşınların təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün istismardan yığışdırılması məsələsi hər zaman gündəmdə olub. 

Azərbaycan Texniki Universitetinin Avtomobil texnikası kafedrasının dosenti Bəxtiyar Namazov bu mövzu ilə əlaqəli fikirlərini Oxu.Az-la bölüşüb.

Onun sözlərinə görə, bu maşınlar nəinki bu günün, heç istehsal olunduğu vaxtın tələblərinə belə tamamilə cavab vermir. 

“Onlar hətta istehsal olunduğu gündən belə çox zəif avtomobillər olub. Onların nə əyləc sistemi normaldır, nə ekoloji baxımdan tələblərə cavab verir. Bu avtomobillərin ölkədə istismarını məhdudlaşdırmaq üçün ilk növbədə onların ölkəyə gətirilməsinin qarşısını almaq lazımdır”, - deyə B.Namazov əlavə edib. 

“Avtomobillərin istismar müddəti müxtəlif ölkələrdə başqa cürdür. Avropa ölkələrində 8-9, ABŞ-da 8 ildir. Azərbaycan kimi iqtisadi cəhətdən nisbətən zəif ölkələrdə daha çoxdur. Hazırda Azərbaycanda avtomobillərin istismar müddəti orta hesabla 10 ildən yuxarıdır. 

Misal üçün, yük maşınlarının 81,5 faizinin istismar müddəti 10 ildən yuxarıdır. Yalnız 4 faiz yük maşınlarının istismar müddəti beş ildən aşağıdır. Qalanlarının isə 5-10 il arasındadır. 

Avtomobillərin 72,4 faizi, daha dəqiq desək, 830 731 ədədinin istismar müddəti 10 ildən yuxarı, 18,6 faizinin (213 830 ədədi) 5-10 il arası, 8,97 faizi (102 876 ədədi) beş ilə qədərdir. 

Azərbaycanın bugünkü reallığını nəzərə alaraq, köhnə avtomobillərin istismarını qadağan etmək olmaz. Əlbəttə ki, müəyyən iqtisadi yollarla belə avtomobillərin istismarını məhdudlaşdırmaq mümkündür. Belə avtomobillər qadağan olunsa, Azərbaycanda avtomobil sahəsində kəskin boşluqlar yaranacaq”, - deyən B.Namazov əlavə edib ki, istismar müddəti bitmiş avtomobillər mərhələli şəkildə dəyişdirilməlidir:

“Azərbaycanda bugünkü günə istismarda olan 1,33 milyon avtomobil var. Bu avtomobillərin də statistik rəqəmlərə əsaslansaq, bir milyona yaxınının istismar müddəti orta Avropa istismar müddətindən yuxarıdır. Bu sayda avtomobillərin birdən-birə istismardan çıxarılması iqtisadi baxımdan mümkün deyil. Bunlar mərhələli şəkildə dəyişdirilməlidir”. 

Ekspertin fikrincə, istismar müddətini keçmiş avtomobillər texniki nöqteyi-nəzərdən yoxlanılmalıdır və saz vəziyyətdə olmalıdır. 

Mütəxəssis Azərbaycanda gömrük rüsumlarının nəzərə çarpacaq dərəcədə yüksək olduğuna diqqət çəkib:

“Bu da ölkəyə gətirilən avtomobillərin qiymətinin yüksək olmasına gətirib çıxarır və köhnə avtomobilləri yeni avtomobillərlə əvəzləməkdə müəyyən çətinliklər yaradır. 

Digər tərəfdən, düşünürəm ki, ölkəyə gətirilən minik maşınlarının vergisini onun mühərrikin işçi həcminin hər kub santimetrinə görə hesablanması doğru deyil. Çünki Avropa təsnifatında avtomobillərin sinfi onun ölçülərinə görə müəyyən edilir. Ölkəmizdəki hazırkı qayda keçmiş sovet dövründə istifadə edilirdi.

Bundan başqa, avtomobillərin real bazar qiyməti var. Bunlar nəzərə alınmaqla avtomobillərə rüsumlar müəyyən olunmalıdır”. 

Ekspert istismar müddəti başa çatmış avtomobillərdən yaxa qurtarmaq üçün xarici praktikadan istifadənin mümkünlüyünü açıqlayıb. 

“Xarici ölkələrdə istismar müddətini keçmiş avtomobillərdən yaxa qurtarmaq üçün utilizasiya proqramından istifadə edilir. Əvvəla, yeni avtomobillərə vergilər azaldılır ki, insanlar öz avtomobillərini daha asanlıqla dəyişməyə meyilli olsun. 

Rusiyanın özündə də istismar müddətini keçən avtomobilləri sıradan çıxarmaq üçün köhnə maşınlar dövlətin maliyyəsi hesabına hər hansı şirkətlər tərəfindən qəbul olunur, bunun qarşılığında avtomobil sahibinin hesabına pul keçirilir, onlar da bu maliyyə hesabına özlərinə Rusiyada istehsal olunan yeni avtomobillər alırlar. Bununla Rusiya həm köhnə avtomobilləri istismardan yığışdırır, həm də yerli istehsal olan avtomobillərin satışını həyata keçirir. 

Sözsüz ki, hazırda Azərbaycanda avtomobil istehsalı çox azdır. Ancaq bizdə də bu cür praktikadan istifadə etmək olar. Bununla köhnə avtomobilləri istismardan çıxarmaq olar”, - o qeyd edib. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri