23 
Apr
2019
16:55
100
73
8598
Virtual karabakh

Mən dəli deyiləm!

23 Apr, 2019
16:55
8598

Mən dəli deyiləm!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Mən dəli deyiləm!

Bu cavabı “Psixoterapevtə müraciət et” təklifi edəndə tez-tez eşidirik. Analitik psixologiyanın banisi Karl Qustav Yunq deyib ki, “Mənə psixoloji sağlam adam göstərin, mən onu müalicə edim”. Kişi düz deyib də. Niyə? Niyəsini davamında oxuyun.

Uşaqlıqda hamımız çox sayda psixoloji travmalara məruz qalırıq. Elə ən çox da onlar bizim davranışımıza təsir edir, həyatımız boyu transformasiya edərək digər problemlərə çevrilir. Digər tərəfdən, sonradan baş verən hadisələr də öz izini qoyur. 

Məsələn, elə boşanmaları götürək. Statistikaya görə, Azərbaycanda hər dörd ailədən biri boşanır. Bu, çox böyük rəqəmdir. Bir də ailədə xoşbəxt olmayıb, cəmiyyətin qınağına görə boşanmayanlar var. Bir neçə ailəyə bölünən kişilər, valideynləri tərəfindən əzilən və həyatları onlar tərəfindən qurulan şəxlər və s. götürsən, baxın, nə qədər psixoterapevtə ehtiyacı olan adamlar var. 

Uşaqlıqda valideynlər tərəfindən döyülən, tənbeh edilərkən, özündən asılı olmayaraq ona ağır söz deyərək həyatını alt üst edənlər də var. “Şapalaqla” birlikdə həmin söz şüuraltımıza yazılaraq bütün həyatımızı alt-üst edir. 

Son illər intihar hadisələri çoxalıb. Xüsusilə gənclər arasında. Bu da psixoloji durumun pis vəziyyətdə olmasıdır. Gənclərin beyni hələ sınaqlara hazır deyil, ona görə dərin depressiyaya məruz qalır. Depressiya müalicə olunmazsa, intihar fikirlərinin inkişafı və tətbiqinə yol açır. Misal gətirəcək çox hadisələr var. Hamısı bir-birinə oxşar deyil. 

Psixoterapevtin qəbuluna düşənə kimi mən də özümü psixoloji sağlam sayırdım. Amma seanslar zamanı o qədər hadisələr və problemlər ortaya çıxdı ki, mən özüm buna təəccübləndim. Həkimə müraciət etməyimə isə həyat məni məcbur etdi.

Keçirdiyim qəzadan aldığım ağır kəllə-beyin travmasından yeni özümə gəlirdim, başıma elə oyunlar gəldi ki, xəstəliyim onun yanında toy-bayram oldu. Həm kontuziya, həm də mənimlə baş verən hadisələr məni depressiyaya sürükləyirdi. Amma vaxtında psixoterapevtin qəbuluna düşdüm. Dörd ay ərzində şüuraltımdan bütün uşaqlıq travmalarını aşkar edərək oradan sildik. İnanmayacaqsınız, amma həyatımda baş verən bütün çətinlik və problemlər məhz elə uşaqlıq travmalarından qaynaqlanırdı. Rahatlıqla depressiyadan çıxdım və həyatım dəyişdi.

Vaxtaşırı tanışlarımla söhbət zamanı onların nə qədər problemlərinin olmasına şahid oluram. Bu, özəlliklə boşanan qadınlar və kişilərdə çox parlaq olur. Ailənin dağılması hər iki tərəf üçün çox ağır prosesdir. Kənardan hiss olunmasa da, bu hadisələr onların həyatının keyfiyyətində əks olunur.

Təəssüf ki, son illərdə boşanmaların çoxunun səbəbi kişilərin seksual zəifliyi və ya tamamilə impotent olması səbəbindən baş verir. Əslində, bunlar psixosomatik səbəblərdir. Onlar fiziki olaraq sağlam ola bilərlər. Bəs bu nə səbəbdən yaranır? Onların alçaldılması (özəlliklə uşaq vaxtı), qorxu və ya hər hansı qeyri-adi hadisələrdən. Amma qorxusundan və ya utandığından nə valideynlərinə deyə bilir, nə dostlarına, nə də mütəxəssisə müraciət edə bilir. 

Psixoterapevt tanışımın mənə ərz etdiyi hadisələri danışım: 17 yaşında oğlan onun qəbuluna düşür. Problem: o qızlara deyil, kişilərə meyilli olur. Şüuraltında araşdırma apararkən aydın olur ki, uşaq vaxtı zəif olduğuna görə atası və böyük qardaşı guya ki ona tərbiyə vermək məqsədi ilə alçaldaraq deyirlərmiş ki, “Əsgərliyə gedəndə hamı səni zorlayacaq!” Bu da onun şüuraltı proqramına çevrilir ki, o, passiv olaraq kişilərlə cinsi əlaqədə olacaq. Bu “proqram” da onu bu yola təhrik edir. Müalicədən sonra isə o, bunlardan yaxa qurtara bilir. Baxın, bir sözlə necə uşağın həyatını alt-üst etmək olar?!

Digər bir hadisə: Valideynləri tərəfindən ərə verilən qız ərinin təzyiqinə və onu alçaltmasına məruz qalır. O, həyat yoldaşını alçaldır, günahları onun boynuna yıxır, problemi özündə görmək istəmir. Problem isə onun seksual zəifliyidir. “Mama uşağı” olan həmin oğlan isə hər zaman anasının təzyiqinə məruz qalaraq alçaldılırmış. Anası bunu qəsdən deyil, onun xeyri üçün etdiyini düşünür. Bu səbəbdən onda psixosomatik seksual problemlər yaranır. Amma belə şəxslər bununla razılaşa bilmir. Sonunda boşanma və hər iki gənc bədbəxtdir.

Belə mütəxəssislərin müalicəsi ucuz deyil. Azərbaycanda bunun qiyməti ortalama bir seans üçün 50 manat civarındadır. Bir seans bir saat çəkir. Həm də belə problemlər 1-2 seansa həll olunmur. Haqq-hesab edəndə yetərli qədər pul edir. Bəs sizin xoşbəxtliyiniz pul ilə hesablanırmı?

Yaxşı xəbərim var!

Bu yaxınlarda Azərbaycanda fəaliyyətə başlamış psixoloji mərkəzin təqdimatında olmuşdum. Əsas xeyir xəbər isə budur ki, həmin mərkəzdə Azərbaycan vətəndaşları pulsuz konsultasiya keçə bilər. 

Keçən həftə “Bakı Beynəlxalq Əqli Sağlamlıq Mərkəzinin direktoru Dr. Raphael Psaras ilə görüşdüm. Görüş zamanı Dr.Psaras məlumat verdi ki, mərkəz sponsor tərəfindən maliyyələşdirilir. Bunun məqsədi həmvətənlərimizin psixoloji sağlamlığına yardım etməkdir. Hər kəs zəng edərək konsultasiyaya yazıla bilər (məqalənin sonunda əlaqə nömrəsini tapa bilərsiniz). Hər kəs ayda iki dəfə seans keçə bilər. Hələlik buna heç bir vaxt məhdudiyyəti yoxdur. Mütəxəsislər Yunanıstan, Rusiya və Azərbaycandandır. Seanslar Azərbaycan, rus və ingilis dillərində aparılır. 

Məsləhətim odur ki, heç nəyi gözləmədən bu şansdan istifadə edəsiniz. Çünki hamınının şüuraltında problemləri var, onu həll etmədən rahat yaşamaq mümkün deyil. Mən də bu həftə ilk konsultasiyama gedəcəyəm. 

Çox adam psixiatr, psixoloq, psixoterapevt anlayışlarını səhv salırlar. Onların kim olduğuna baxaq.

Psixoloq: Psixologiya üzrə təhsil aldıqdan sonra klinik psixologiya sahəsində magistr dərəcəsini bitirmiş mütəxəssisdir. Diaqnoz qoymaq və terapiya aparmaq bacarığına sahibdir. Psixologiya ixtisasının və psixoterapiyanın tətbiq sahələrinin etik qaydalarına hakimdir və bu qaydalara əməl etməkdə məsuldur. Həkim deyil, dərman yazmır.

Psixiatr: Tibb təhsilini tamamlayan və psixiatriya üzrə ixtisaslaşan mütəxəssisdir. Tibb təhsili aldığı üçün farmakoterapiya aparmaq ixtiyarına malikdir. Psixiatr psixoterapiya aparmaq üçün lazımi təhsili almalıdır.

Psixoterapevt: Psixologiya sahəsində çalışan, diaqnoz qoymaq və bu istiqamətdə terapevtik üsullarla terapiya tətbiq etmək bacarığına malik mütəxəssisdir.

Bakı Beynəlxalq Əqli Sağlamlıq Mərkəzi

http://bimh.az/

Telefon: +994 12 499 77 71 (Hər gün saat 10:00-dan 19:00-dək zəng edə bilərsiniz)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri