30 
İyn
2014
18:52
71
7
3817
Virtual karabakh

Qəhrəman Rzayev: Adi oğlan da ən prestijli universitetlərdən birinə qəbul ola bilər – FOTO

30 İyn, 2014
18:52
3817

Qəhrəman Rzayev: Adi oğlan da ən prestijli universitetlərdən birinə qəbul ola bilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çətinliklər onları dəf etmək üçündür”.

Oxu.Az nümunə ola biləcək Azərbaycan gənclərini oxucularına tanıtmağa davam edir. 

Bugünkü qonağımız ABŞ-ın ən prestijli universitetlərindən olan Texas A&M University-nin tələbəsi Qəhrəman Rzayevdir.

Gənc yaşına baxmayaraq çox şeyə nail olub və irəli addımlamaq üçün yetərincə qətiyyətlidir. Ümid edirik ki, onun əhvalatı bir çoxlarını təslim olmamağa və qarşılarına qoyduqları məqsədə çatmaq üçün irəliləməyə sövq edəcək.

- Zəhmət olmasa özünüz haqqında danışın. Bakıda hansı məktəbi bitirmisiz, necə oxumusuz?

- Adım Qəhrəman Rzayevdir. 18 yaşım var, dostlarım məni Kreyq çağırır. Bakıda böyümüşəm, 9-cu sinifə qədər 6 saylı məktəbdə, daha sonra isə 53 saylı məktəbdə oxumuşam. Məktəbi 2013-cü ildə fərqlənmə ilə bitirmişəm.

- Nəyə görə xaricdə təhsil almağı qərara aldız? Nəyə görə məhz ABŞ? Ailəniz bu qərarınıza necə münasibət göstərdi?

- 9-cu sinifdən sonra Ali məktəbə daxil olmaq barədə düşünməyə başladım. Uşaqlıqdan mükəmməl ingilis dili, yaxşı riyaziyyat və məntiq biliklərim var idi. Müəllimlər hər zaman məndə yüksək potensial görürdülər. Mən hiss edirdim ki, əgər yaxşı təhsil alsam böyük uğurlar əldə edərəm.

ABŞ-da dünyanın ən güclü universitetləri yerləşir. Burada özü üzərində işləməyə hazır olan ağıllı uşaqlar üçün böyük imkanlar var. Bundan başqa, mənim qohumlarım ABŞ-ın mübadilə proqramı üzrə bir il burada oxuyublar, onlar mənim üçün nümunə olublar. Onlar həmişə mənə dəstək olub, mənim də bunu bacaracağımı söyləyirdilər.

Valideynlərim hər zaman mənə dəstək olublar. Ümumiyyətlə, düşünürəm ki, əgər anam olmasaydı potensialımın onda birini belə istifadə edə bilməzdim. ABŞ-da universitetə daxil olmaq üçün SAT və TOEFL imtahanlarına hazırlaşmağa başladım. Bu imtahanları verdiyim üçün Türkiyə Ali məktəblərinə də qəbul ola bilərdim. Belə ki, mənim həmişə ehtiyatda B planım olub. Mən qəbul üçün artıq 10-cu sinifdə bütün imtahanları uğurla verdim. Bundan sonra sadəcə sənədləri universitetə göndərmək və məktəbi bitirmək lazım idi.

- ABŞ-da dəqiq olaraq harada oxuyursuz? Oradakı təhsiliniz, digər tələbələrlə münasibətləriniz haqqında ətraflı danışa bilərsiniz?

- Mən ABŞ-ın dünyanın ən güclü universitetləri sırasında olan 8 universitetinə qəbul olunmuşdum. Sonda Texas A&M University-ni seçdim. Biznes idarəçiliyi fakültəsində oxuyuram. Bununla yanaşı ABŞ-da kolleclər var ki, burada 1-ci və 2-ci kurs tələbələri siniflər götürə bilir. Mən də Blinn adlanan sinif götürürəm. Tələbələrin çoxu amerikalılardır. Azərbaycan haqqında demək olar ki, heç kim heç nə bilmir. Mən onlara öz ölkəmiz haqqında informasiya verirəm. Dostlarım çoxdur. Ümumilikdə münasibətlərim hamı ilə yaxşıdır. Amma mən bizim mədəniyyət və təfəkkürümüz arasında güclü fərqi hiss edirəm.

- Siz ABŞ-da təhsilinizin birinci ilində hansı nailiyyətləri əldə etmisiz? Zəhmət olmasa bu barədə danışardız.

- Həqiqətən də təhsilimin birinci ili uğurlu oldu. Bu ilin fevral ayında təhsilimdəki uğurlarıma görə mötəbər Phi Theta Kappa tələbə cəmiyyətinə qəbul edilmişəm. Bu cəmiyyətin 2 milyon üzvü və ABŞ-ın bütün universitet və kolleclərində 2500 çapteri (filialı) var. May ayında mən 170 üzv arasından öz çapterimin zabiti seçildim və gələn il tələbə dövlətində (Student Government Association) onu təmsil edəcəm. Bununla da mən Phi Theta Kappa təşkilatında bu vəzifəyə seçilən ilk azərbaycanlı oldum. Bu, mənim üçün böyük uğurdur, belə ki, ABŞ-da əksər işverənlər tələbənin tədris ili zamanı təhsildən başqa daha nə ilə məşğul olduğuna böyük əhəmiyyət verirlər. Bu qəbildən olan uğurlar gələcəkdə karyeramda müsbət göstərici olacaq.         

Bundan başqa, mən dərslərimə ciddi yanaşıram. Bu semestrdə mütləq GPA-nı (tələbələrin təhsil üçün qiymətləri) mümkün 4.00-dan 4.00 qazanmışam, bununla da  kollecdə  95%-dən çox tələbəni geridə qoymuşam. Gələn semestrdə buna görə kollecin prezidenti tərəfindən mükafatlandırılaraq fəxri tələbələr siyahısına daxil ediləcəyəm.

- 17 yaşında təkbaşına Texasa köçmüsüz. Çətin idi?

- Düzünü desəm bu, çox çətin idi. Təhsil bu çətinliklərin yarısıdır. Bundan başqa, 17 yaşımda müstəqil yaşamalı oldum, yemək bişirməkdən tutmuş sənədlərimin hazırlanmasına qədər bütün işlərimi özüm görməli oldum. Düzünü desəm Bakıda yaşayanda gündəlik işlər barədə heç düşünmürdüm də. Bunların hamısını əvəzimə anam görürdü. Valideynlərimdən 10 000 km uzaqlıqda müstəqil yaşamağa başlayanda anamın mənim üçün elədiklərinə daha çox dəyər verməyə başladım. Etiraf edim ki, Texasda yalnız başına yaşamaq çox çətindir. Bu, əsl həyat məktəbidir. Amma sən inkişaf edirsən, uşaqdan müstəqil insana çevrilirsən.

- Təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıdıb burada işləməyi planlayırsınızmı? Sizin fikrinizcə bizdə gənc mütəxəssislər üçün layiqli şərait yaradırlarmı?

- Düzünü desəm bu suala cavab verməyə çətinlik çəkirəm. Vətənim üçün darıxıram və gələcəkdə Bakıya qayıtmağı çox istərdim, əgər yaxşı bir iş tapsam. Amma düşünürəm ki, burada bir neçə il işləyib təcrübə yığmaq üçün karyeraya ABŞ-da başlamağım daha düzgün olar.

- Amerika və bizim təhsilimiz arasında prinsipial fərq nədədir? Onlardan nəyi mənimsəmək və əksinə bizim təhsilin hansı metodunun orada tətbiq edilməsini istərdiniz?

- Fərq çox böyükdür. Mən deyərdim ki, hətta ABŞ-da dərslərdə ən çox praktikadır. Professorlar bizim analitik bacarığımızı istifadə etməyimizi istəyirlər. Hər dərs laboratoriyada təcrübələr aparılır. Tələbələrin də dərslərə münasibəti tamamən fərqlidir. Fərq yenə deyirəm böyükdür, sözlə ifadə edilə bilməyəcək qədər böyükdür. Hesab edirəm ki, Azərbaycan Ali məktəblərindən ən çox ADA qərb tədrisinə inteqrasiya edir. Orda oxuyan çoxlu dostlarım var, və deyə bilərəm ki, onların təhsil sistemi ABŞ-da istifadə edilən təhsil sisteminə bənzərdir.

- Sonda məqsədə çatmaları üçün məktəbli və abituriyentlərə məsləhətləriniz və arzularınız...

- Qəbul imtahanlarında hər kəsə uğurlar arzulayıram. Əgər qarşınıza xaricdə təhsil almaq məqsədi qoymusunuzsa buna ciddi yanaşmalısınız, bütün imkanlar barədə məlumat yığmalı, ingilis dilini öyrənməli, üzərinizdə işləməlisiniz və ən əsası özünüzə inanmalısınız. Nüfuzlu universitetə daxil olmaq çətindir, amma çətinliklər elə onları dəf etmək üçündür.

Qələbə hissindən gözəl hiss ola bilməz. Məqsədinə nail olmağının sevincini yaşamaq gözəldir. Mən ortastatistik azərbaycanlı ailəsindən olan birinin dünyanın ən mötəbər universitetlərindən birinə qəbul ola bilməsinə ümdə nümunəyəm. Mən özüm üzərimdə çox işləməliyəm ki, potensialımı sübut edim. Özüm də daxil olmaqla hamıya uğur arzulayıram və sizə də müsahibə üçün təşəkkür edirəm.

Aliyə İsmayılzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri