28 
Apr
2019
21:40
651
42
9519
Virtual karabakh

Kərim Kərimov - Yuri Qaqarini kosmosa yola salan azərbaycanlı

28 Apr, 2019
21:40
9519

Kərim Kərimov - Yuri Qaqarini kosmosa yola salan azərbaycanlı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu məqalədə oxucularımıza dünyaya səs salan alimlər arasında xüsusi yer tutan azərbaycanlı, əfsanəvi kosmonavtika generalı Kərim Kərimov barədə danışacağıq. 

Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakının Pirşağı qəsəbəsində, ziyalı ailəsində anadan olub. Ailədə üç qardaş olublar və Kərim ailənin böyük uşağıdır. Onun səkkiz yaşı olan zaman anası vəfat edib. Ataları bir daha ailə həyatı qurmayıb və ömrünü onların tərbiyəsinə, təhsilinə həsr edib.

“Quran”ı oxumaq və radiotexnika sahəsi 

Atası Kərimin ərəb əlifbasını öyrənməsi, “Quran”ı orijinaldan oxuya bilməsi üçün Azərbaycan məktəbinə qoyub. 

Ərəb əlifbası latın qrafikası ilə əvəz olunduğu üçün o, məktəbini dəyişməli olub. O, uşaq vaxtından radiotexnikaya böyük maraq göstərib.

Kərim orta təhsili bitirən kimi öz sinif yoldaşı Zəhra adlı xanımla ailə həyatı qurur.

O, Azərbaycan Sənaye İnstitutunda təhsil alan zaman qızı Sürəyya dünyaya gəlib. 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu alıb. Daha sonra İkinci Dünya Müharibəsinə gedib.

Məhz həmin zamandan o, həyatını raket texnikası ilə bağlayıb. Gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat verilib. Onun bilikləri yoxlanıb və birbaşa akademiyanın V kursuna qəbul olunub.

42 ildən sonra Bakıya qayıdır

1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırıb. “Katyuşa” adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanıb. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfi saxlanılırdı. O, Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı alıb. 

1946-cı ildə Kərim Kərimov bir qrup zabitlə almanların müharibədə maye yanacaqla işləyən FAU-2 raketinin sirlərini öyrənmək üçün Almaniyaya göndərilib. Həmin il öz ailəsini Moskvaya aparıb və yalnız 42 ildən sonra vətəninə qızı ilə qayıdıb. Zəhra xanıma Moskvaya getdikdən sonra yenidən Bakını, doğmalarını görmək qismət olmur.

1947-ci ildə FAU-2 raketlərinin ilk sınağı baş tutub. 1950-ci il o, Stalin mükafatı laureatı (SSRİ Dövlət mükafatı laureatı) adına layiq görülmüşdü. Bu, onun maye yanacaqla işləyən raketlərin işlənib-hazırlanmasına görə verilən ilk dövlət mükafatı olub. 

Kosmosa ilk insanın göndərilməsi

Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmayıb. 1961-ci ilin aprel ayının 12-də, SSRİ-nin təyyarəçi-kosmonavtı Yuri Qaqarin Baykonur kosmodromundan “Vostok” gəmisində kosmosa qalxanda onu dünyada ilk kosmik uçuşa yola salanların arasında soydaşımız da olub.

Elə bu tarixi uçuşu həyata keçirənlərin təltifolunma mərasimində Kərim Kərimova “Lenin” ordeni və vaxtından əvvəl general-mayor rütbəsi verilib. Onu üzdən ancaq SSRİ-nin ali rəhbərliyi tanıyıb. Bu adamın fəaliyyətləri ABŞ-ın NASA agentliyinin nəzərindən yayınmayıb və MKİ onunla əlaqə qurmaq üçün uğursuz cəhdlər edib.

1965-ci ildən SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə qalmaqla yanaşı, yeni yaradılan Mülki Ümumi Maşınqayırma Nazirliyində Baş Kosmos İdarəsinin rəisi vəzifəsinə keçirilib və nazirliyin kollegiya üzvü olub.

1966-cı ildə isə Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilib. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov olub. 1966-cı ildən 1991-ci ilə qədər general özü şəxsən kosmosa ekipajın göndərilməsinə razılıq verib və Yerə qayıtdıqdan sonra onların raportlarını şəxsən qəbul edib. 

1967-ci ilin oktyabrında orbitə ilk dəfə iki pilotsuz kosmik aparatın (“Kosmos-186” və “Kosmos-188”) göndərilməsi nəticəsində Kərimov general-leytenant rütbəsinə layiq görülüb. 1974-cü ildən Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsini də icra edib.

1987-ci ilə kimi də çox azərbaycanlı bilmirdi ki, sovet kosmonavtikasında əsas vəzifələrdən birini yerinə yetirən şəxs onların həmyerlisidir. Kərim Kərimovun Yuri Qaqarinin kosmosa ilk uçuşundan tutmuş “Mir” kosmik stansiyasına qədər (1986) bütün böyük əhəmiyyətli kosmik missiyalarda iştirak etməsinə baxmayaraq, televiziya kameraları həmişə komonavta yönəlirdi, amma raport verilən şəxsə yox. Kərim Kərimovun ancaq səsi yayımlanırdı. 

Medallar, kosmik sahə, fəxri üzv

1979-cu ildə general Kərim Kərimov kosmik tədqiqatlar sahəsindəki uğurlarına görə ikinci dəfə SSRİ Dövlət mükafatına, 1987-ci ildə isə ikinci dəfə Lenin ordeninə layiq görülüb. 

1991-ci ildə 74 yaşında istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməyib. Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olub. 

İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə “Lenin” ordeninə, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenlərinə layiq görülüb və çoxlu medalla təltif olunub.

Kərim Kərimov iki dəfə dövlət mükafatı alıb. O, həmçinin, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Kosmik sahədə nüfuz sahibi olan soydaşımız 2003-cü ildə vəfat edib. Onun gördüyü işlər,  nəsillərə örnək ola biləcək bioqrafiyası, nüfuzu bizimlə birlikdə qalıb. O, kosmonavtlar arasında dərin hörmət qazanıb və kosmosun öyrənilməsinə böyük töhfələr verdiyinə görə bu gün də ehtiramla yad edilir. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri