29 
Apr
2019
18:45
112
253
8397
Virtual karabakh

Dəb bloqeri: Gənclər yaşlarının dəlisovluğunu göstərmirlər - MÜSAHİBƏ

29 Apr, 2019
18:45
8397

Dəb bloqeri: Gənclər yaşlarının dəlisovluğunu göstərmirlər - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc ana, dəb bloqeri, marketinq mütəxəssisi 28 yaşlı Şəbnəm Mustafazadə Bakı Dövlət Universitetinin iqtisadi kibernetika fakültəsini bitirib. Hazırda Kembric Universitetinin marketinq kollecində rəqəmsal marketinq üzrə distant təhsil alan müsahibimiz, həm də marketinq mütəxəssisi kimi çalışır.

O deyir ki, bloqer həvəs göstərdiyi hər hansı sahə üzrə (dəb, makiyaj, səyahət, kitab, restoranlar və s.) fikirlərini yazan, bildiklərini yeniləyən, araşdıran şəxsdir. Onun fikrincə, bloqerin vebsayt üzərindən bloqu olmalıdır. “İnstagram”dan tanınan və izləyicilərini məlumatlandıran insanlar isə “influencer” adlanır. 

Vebsaytına maddi yatırım edən bloqer onları fərqləndirmək lazım olduğunu bildirir.

Oxu.Az “Stylelusion” adı ilə tanınan bloqer Şəbnəm Mustafazadə ilə müsahibəni təqdim edir:

- Şəbnəm xanım, necə oldu ki, bloq yaratdınız?

- Uşaqlıqdan dəbə marağım olub. Nənəm o vaxtın məşhur dərzilərindən idi, tikiş maşınları, jurnalları vardı, mən də oradan şəkilləri kəsib yapışdırırdım. Səkkiz il əvvəl bloq açdım, amma sosial şəbəkələr çox da məşhur deyildilər deyə, oxunma sayı demək olar sıfır idi. Səhifəni bağlayıb bir müddət sonra yenidən açdım. Əvvəllər ancaq maarifləndirici postlar paylaşırdım. Sonra özümü təqdim etdim.

İnsan öz xasiyyətini xarici görünüşü ilə bildirir. Bəzən nəsə mesaj vermək istəyənlər yazılı geyimlərlə bunu edə bilirlər. Dəb mənim üçün özünüifadə deməkdir. İncəsənətlə bağlı hər şey marağımı cəlb edir, dəb də incəsənətin ürəyidir.

- Bəs Azərbaycanda dəb hansı vəziyyətdədir?

- Qonşu Gürcüstanda gözəl moda həftələri keçirilir, dünyanın hər bir nöqtəsindən oraya insanlar gəlir, amma bizdə onun yarısı da deyil. 

Brendlərimizin əsas çatışmazlığı odur ki, davamlılıq yoxdur. Bir kolleksiya, iki kolleksiya çıxır, üçüncüsü gəlmir. Sabit gəlir qazana bilməyən dizaynerlər başqa işlərə yönəlirlər. 

Bizdə daha çox özünü dəbə həsr edən insanlar üçün geyimlər dizayn olunur - “əndrabadi”. Gündəlik geyimlər dizayn edən brendlər çox azdır. Hər kəs üçün olan geyimlər dizayn olunsa, insanlar arasında yayılar.



- Gənc qızlarda nələri bəyənmirsiniz?

- Azərbaycan qızları makiyajdan çox istifadə edir, hündürdaban ayaqqabını gündəlik geyimə qarışdırıb geyinirlər. Tələbə qızlar yaşlarının gəncliyini, dəlisovluğunu göstərmək istəmirlər, yaşlarından böyük, xanım-xatın görünməyə can atırlar.

Gənc qızlarda rəngarənlik, müxtəliflik görmək istərdim, eynilik yox. Gəncliyin bir də qayıtmayacağını nəzərə almalıdırlar, maksimum sayda eksperimentlərə açıq olmalıdırlar.



- Bloqa nə qədər vaxtınız sərf olunur?

- Həftəsonumu bloqa həsr edirəm. Həftəiçi işləsəm də, araşdırmalara vaxt ayırıram. 

- Əsas gözəllik qaydaları...

- Mənim üçün gözəllik təbiilikdir. Təbii ki, estetik əməliyyatları süni adlandırmıram. Sadəcə, hər şey həddində gözəldir. 

- Hansısa vacib görüşə beş dəqiqə vaxtınız qalsa, necə hazırlaşarsınız?

- Makiyajım tonal krem, dodaq boyası və maskaradan ibarət olar. Geyim olaraq isə kip oturan uzunqol qara köynək, klassik şalvar, stiletto geyinilsə, heç bir tədbirdə, yığıncaqda uduzulmaz.

- Kitab oxumağa da vaxt ayırırsınız. Bir çox adam vaxt çatışmazlığından şikayətlənir və kitab oxumayıb, bunu bəhanə edirlər. Bəs sizdə bu necə alınır? 

- Vaxt tapmaq çətindir. İşdən sonra, heç olmazsa, özünə ayıracaq vaxt qalır, amma ana olmaq 24 saatlıq işdir. Özümə qarşı tələbkar olmağa çalışıram. İnsan nə qədər özünə qarşı tələbkar olursa, o qədər çox oxumağa, yeni şeylər kəşf etməyə meyilli olur. Bir həftə heç nə etməsəm, bir ay passiv olacağımı bilirəm, buna görə də özümü boş saxlamamağa, nə iləsə məşğul olmağa çalışıram. Yeni nələrsə kəşf etməyi, öyrənməyi çox sevirəm, bunları sonra ailəmə, oğluma ötürə bilirəm.

- İlhamlandığınız, sevdiyiniz kitab hansıdır?

- İxtisasıma əsasən, Malkolm Qladuellin marketinqlə bağlı analizlərini əks etdirən kitablarını sevirəm. “Outliers” kitabını tövsiyə edirəm. Roman, hekayədən çox, elmi tədqiqatları, həyatıma tətbiq edə biləcəyim məlumatlar olan kitabları sevirəm. Hazırda Şeril Sendberqin “Fəallıqdan qorxma” kitabını oxuyuram. Yazıçı kitabda həyatından təcrübələri əks etdirib, həyat yolumda mənə lazım ola biləcək məlumatlar var.

- Boş vaxtınızı necə keçirirsiniz?

- Boş vaxt tapdıqca dincəlməyə, həyat yoldaşımla birlikdə nələrsə etməyə çalışıram.

- Gələcək üçün planlarınız nələrdir?

- Gələcək üçün bloq fəaliyyətimi professional hobbi kimi davam etdirməyi, rəqəmsal marketinq karyeramda irəliləməyi planlayıram.



- Xanımlara sözünüz..

- Çox xanımlar məndən işləri necə çatdırdığımı soruşur. Kimlərisə iş görməyə ilhamlandırdığım üçün sevinirəm.

Məncə, insan özünə qarşı həmişə düzgün olmalıdır. Özünə bəhanə gətirirsənsə, bunun qarşısını heç nə almayacaq. Mənim də ailə qayğıları içində itdiyim günlər olur, depressiyanı yaşayıb bitirirəm, öz-özümə deyirəm ki, bitdi, davam et, orada qalma, zaman keçir, informasiya dövründəyik, hər gün yeni nəsə çıxır.

Həyatın sürətinə çatmağa çalış, ailəndən öncə özün varsan. Hər şeyin qarşısına özünü qoyub, özünə hörmət edəndə, özünə maddi və mənəvi investisiya qoyanda, ailən də daxil olmaqla ətrafındakı hər kəs sənə hörmət edəcək, özünlə fəxr edəcəksən.

Gənc qızlara isə sözüm odur ki, ailə çox şey deməkdir, vaxtı gələndə olacaq, hələ ki özünüzü inkişaf etdirin, kitablar oxuyun, sosial şəbəkələrdə çox vaxt itirməyin, həvəsiniz olan işi tapın. Enerjiniz var, yerinizdə dayanmayın. Gələcəkdə - yaşlananda dincəlməyə çox vaxtımız olacaq.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri