May
2019
16:00
94
26
2383
Virtual karabakh

Yalan yalan gətirər

Ramin Musayev yazır...

“Həqiqəti bir paltonu tutmaq kimi təqdim etmək lazımdır, yaş dəsmal kimi üzə çırpmaq yox!” - Mark Tven belə deyib. Düz deyib! 

“Yalançının evi yandı, heç kim inanmadı” - qədim atalar sözü belə ərz etsə də, uşaqlıqdan bunu eşitsək də, yalan danışmaq həyat tərzinin əsasına çevrilib. Hamı deyir ki, “düz danışmaq olmur axı, məcbursan yalan danışmağa”. Mən bununla razı deyiləm, çünki mən sözü üzə deyirəm, özü də həqiqəti, yəni düşündüyümü. Hamı da qəbul edir, inciyən də yoxdur.

Bu yaxınlarda bir rəfiqəm məndən soruşdu ki, “Kiməsə hörmət edirəm, amma onunla görüşmək istəmirəmsə, ona necə deməliyəm, ümumiyyətlə demək lazımdırmı? Axı onun ürəyini sındırmaq istəmirəm, inciyər. Görüşdüyümüzdə o qədər şikayət edir, pessimist olur ki, mən də az qala, depressiyaya qapılıram.” Bu sual məni düşündürdü. Cavabım oldu ki, çalış ona düşüncələrini anlat, vəziyyəti başa sal. 

Yola vermək - bu ifadəni çox işlədirik və eşidirik. Yəni kimsə digərindən nə isə xahiş edir, həmin şəxs də imtina etmək istəmir, utanır, söz verir, amma etmir. Bu yerdə oyun başlayır. Zəng edir, əvvəl deyir, zəng edəcəyəm, sonra SMS yazır ki, zəng edərəm, sonra da cavab vermir. Bir sözlə, yola verir. Guya ki, YOX deyib, xətrinə dəymək istəmir. Amma sonunda inciklik başlayır, ümidlər puça çıxır, işlər korlanır və düşmənçilik olur. 

Uşaq deyil - Bəzən insanlar düşünür ki, yalan deyərək və ya yola verərək kiminsə xətrinə dəyməyəcək. Amma digər tərəf də anlayır ki, aldadılır. Xətrinə dəyir, amma üzə demir. Özünü elə aparır ki, guya inandı. Əvəzində o da yalan danışır. Bu bilərəkdən olmur, şüuraltı baş verir. 

Belə hallara görə dostluqlar pozulur, şəriklərin arasında dava düşür, sevgililər ayrılıb düşmən olur… 

Biznes - Azərbaycanda şərikli biznesin 90 faizi sonda ən yaxşı halda dostluğun pozulması, ən pis halda birinin həbsi, yaxud müflisliyi ilə bitir. Çünki işə başlayanda “Kişi deyilik?! Söz danışmışıq!” deyirlər. Sənədləşdirməyə pis baxılır, söz danışılmır, yola verilir və sonunda düşmən qazanır. Və ya müştərini aldadaraq, daha tez və “rahat” yolla pul əldə etmək istəyirlər. Bu da həmin müştərinin itirilməsinə yol açır. Sonra da şikayət edirlər ki, alver yoxdur. 

Münasibət - Öz marağı üçün münasibət quraraq yalan danışılır. Çox qarşılanan hallar: kişi evlidir, yalandan deyir ki, subaydır. Və ya kişi evlənəcəklərinə söz verir. Verdiyi sözə əməl etməyəndə, yaxud həqiqət ortaya çıxanda ayrılırlar. Ayrılanda da düşmən kimi ayrılırlar. Çünki ümidlər puç oldu. Yenə yalan buna yol açır.  

Bəs niyə cəmiyyətimizdə yalana üstünlük verilir?

Çünki bunu bizə böyüklər uşaq vaxtından öyrədirlər. Uşaqlıqda hər şeyə maraq olur, böyüklərə suallar yağdırılır. Bəzən bu suallar çox “təhlükəli” ola bilər. Məsələn: “ana (ata), mən necə yaranmışam?” Əvvələr bu suala ən çox verilən cavab “Səni qaraçılar qapımıza atıblar”, və ya “Mağazadan almışıq”, yaxud “ Kələmin içindən tapmışıq” (yaxşı ki, “xiyarin içində” demirlər), və klassik versiya isə “Səni Hacıleylək qanadlarında gətirib” deyirlər. Mənə uşaq vaxtı bu sözləri deyəndə, düşünürdüm ki, bu böyüklər niyə belə cəfəngiyat danışır?! Yəni anlayırsan ki, aldadırlar.

Başqa bir halı götürək. Nəyi isə uşaq sındırır. Qorxur ki, həqiqəti desə, valideyn onu döyəcək, çox hallarda belə də baş verir. Ona görə çıxış yolları axtarmağa başlayır ki, özünü qorusun. Bu normal insan psixologiyasıdır. Heç kimsə ağrı və məzəmmət hiss etmək istəmir. Bu da yalana yol açır. 

Məktəbdə ev tapşırığını etməyəndə, müəlliməyə yalan deyirlər ki, özlərinə bəraət qazansınlar, qorusunlar. Düzünü desə ki, “Müəllim, yorulmuşdum, həvəsim yox idi”, “Uşaqlarla oynayırdım, vaxtım olmadı” və sairə… Təsəvvür edirsiniz də müəllim nə edəcək. Ən yaxşı halda bütün sinifin qarşısında biabır edəcək, bəlkə də alçaldacaq. Axı uşaqlar bunu qəbul etmirlər.

Böyüyüb gənc olanda nə qədər oğlan və ya qız valideyninə deyə bilər ki, sevgilisi ilə görüşə gedir? Bəlkə 1 faiz ola bilər. Valideyn bunu qəbul etmir. Hətta bir tanış qız danışmışdı ki, onu şəhərdə sevdiyi oğlanla gəzəndə görən qonşular anasına deyirlər. Ana ataya deyib, ata da onu göyərənə kimi döymüşdü. Səbəbi isə “qonşuların yanında biabır olduq!” Qız da o zamandan valideynlərinə nifrət edir və yola verir. İstədiyini də edir, hamısı da yalan üzərində qurulur. Bu da onlardan intiqam almaqdır.

Bu nədir?

Birinci hallarda uşağı yola verirlər, əslində aldadırlar. Uşaq da düşünür ki, əgər atası, anası ona yalan danışırsa, deməli elə ən doğru bu yoldur. İkinci halda isə özünü qorumaq üçün yalan danışır. Çox hallarda da bu metod işləyir və düşünür ki, elə bu yolla canını qurtardı, deməli yenə doğru yoldadır. Şüuraltında bu, qayda olaraq həkk olunur. Beləliklə, insanlar ömrü boyu bu qayda ilə yaşayır və hamını yola verirlər. 

Bunun əks tərəfi isə odur ki, yalan danışıb kimisə aldadanda, o da qarşılığında eynisini edir. Və bu bir oyuna çevrilir. Əslində buna ehtiyac yoxdur. Əgər sizi nə isə narahat edirsə, Mark Tvenin dediyi kimi, düşüncələrinizlə “palto tutar kimi” bölüşün. Yəni sakit, xoş rəftarla sözünüzü deyin. Elə deyin ki, qarşı tərəf inciməsin, sizi anlasın və qəbul etsin.

Əgər inanmırsınızsa, yoxlayın. Görəcəksiniz ki, daxilinizdə necə xəfiflik yaranacaq və özünüzü rahat hiss edəcəksiniz. Ətrafınızı dəyişmək üçün özünüzü dəyişin.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri