16 
May
2019
12:39
92
35
16631
Virtual karabakh

Göz əməliyyatı və linzalarla bağlı bilinməyən məqamlar - Cərullazadə ilə müsahibə

16 May, 2019
12:39
16631

Göz əməliyyatı və linzalarla bağlı bilinməyən məqamlar - Cərullazadə ilə müsahibə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar əhali arasında göz xəstəliklərindən şikayətlər artıb. Bunun səbəbini isə texnoloji avadanlıqlardan (telefon, kompüter və s.) normadan artıq istifadə ilə əlaqələndirirlər. Xüsusilə azyaşlı uşaqlar arasında görmə zəifliyi, gözün tənbəlləşməsi kimi hallar müşahidə edilir. Bundan başqa, linza və görmənin lazer əməliyyatı ilə bərpası prosesindən də şikayət edənlərin sayı az deyil.

Görəsən, bu probemlərlə düzgün mübarizə üsulu nədir? Azyaşlı uşaqların görmə probleminin olduğunu hansı simptomlarla müşahidə etmək olar? Linza, yoxsa eynək istifadəsi? Lazer əməliyyatı bir müddət sonra gözlərin tutulmasına səbəb ola bilərmi?

Bütün bunları nəzərə alaraq hər kəsi maraqlandıran suallara cavab almaq üçün peşəkar oftalmoloqla həmsöhbət olduq.

Oxu.Az professor, oftalmoloq Çingiz Cərullazadənin oğlu, 2009-2010-cu illərdə ABŞ-ın Los-Anceles şəhərində Kaliforniya Universitetində (UCLA) orbito facial cərrahiyyəsi üzrə ixtisaslaşmış, Oculoplastik Cərrah İmran Cərullazadə ilə müsahibəni təqdim edir:

Azərbaycan Tibb Universitetini bitirən İmran Cərullazadə ixtisasını daha da təkmilləşdirmək üçün 8 il Latın Amerikasında, Kolumbiya və ABŞ-da oxuyub. 2010-cu ildən etibarən Amerika Oftalmologiya Akademiyasının üzvü və təlimçisidir:

Onun sözlərinə görə, bu gün Azərbaycanda daha çox azyaşlılar arasında görmə zəifliyi müşahidə edilir:

“2011-ci ildən Azərbaycanda çalışmağa başlamışam. O vaxtdan bu günə qədər bir çox problemlər artıb. Əsasən, azyaşlı uşaqlar arasında uzaqgörmə ilə bağlı şikayətlər çoxalıb. Əslində, bunun səbəblərindən biri texnoloji avadanlıqlar, digəri isə insanların tənbəlliyidir. Bu xəstəliklər yeni yaranmayıb. Bütün dövrlərdə bu və bunun kimi digər göz xəstəlikləri mövcud olub. Lakin bu qədər artmasının səbəbi insanların təbiətdən qaçmasıdır”.

- Təbiətdən qaçmaq deyərkən nəyi nəzərdə tutursunuz?

- Bilirsiniz, o vaxt rayon yerlərində insanlar daim uzaq məsafələrə baxıb. Təbiətdə olub. Təbii qidalar istehlak edib. Orqanizm nə qədər təbii qida, təmiz hava qəbul edərsə, bir o qədər möhkəm və dözümlü olur. Göz nə qədər uzaq məsafəyə baxarsa, bir o qədər də aktiv olar. Amma artıq insanlar rayon yerlərindən şəhərlərə köçüb.

Geniş evləri balaca qutu kimi evlər əvəz edib. İnsanların bütün işləri, demək olar ki, masaüstü və yaxın məsafədədir. Belə olan halda göz artıq yaxıngörmə ilə kifayətlənir, uzaqgörmə getdikcə passivləşməyə başlayır. Təəssüf ki, tərəqqi belə gedir və biz dağlıq-meşəlik ərazilərdən gəlib dar küçələrə çıxmışıq.

Kitablar, planşetlər, telefonlar insanın gözünü yalnız yaxına fokuslayır. Mütəmadi bu cür həyat tərzi uzaqgörmə itiliyinin zəifləməsinə gətirib çıxarır.

- Azyaşlı uşaqlarda buna səbəb nədir?

- Bilirsiniz, azyaşlı uşaqlarda görmə zəifliyi, xüsusilə uzaqgörmənin zəifləməsinə səbəb telefonlardır. Əslində, bunun əsas səbəbi valideynlərdir. İnandırım sizi, diqqət etsəniz, görərsiniz. Valideyn işdən evə gələn kimi telefonu alır əlinə, çəkilir bir küncə. Uşaq da qalır tək. Gedir oturur valideynin böyründə. Ya da valideyndən telefon istəyir və oynayır.

Başqa bir nümunə gətirim. Azyaşlı uşaqlar bəzən yemək yeyən zaman telefon və planşetdən istifadə edirlər. Bu, yanlışdır. Uşaq bir saat gec yesin, qorxusu olmaz. Amma övladınızı telefon və planşetlə yemək yeməyə öyrətdinizsə, deməli onun gözlərini məhv etdiniz.

- Televizora baxmaq uşaqlarda görmə zəifliyi yarada bilərmi?

- Baxın, bu, artıq təsdiq olunmuş bir məsələdir. Televizora baxmaqla uşaqların gözündə zəiflik yarana bilməz. Çünki heç kim televizora 1-2 metr məsafədən baxmır. Televizor olur 4-5 metr məsafədə. Problem telefon və planşetlərə baxmaqla yaranır. Artıq o dərəcəyə çatıb ki, uşaq valideynin sözlərinə qulaq asmır. Gəlir həkimə və deyir ki, uşaq mənim sözümü eşitmir, xahiş edirəm, siz deyin, bəlkə, eşidər. Bu, artıq valideyn-uşaq arasındakı münasibətlərin təməlinin düzgün qoyulmadığından xəbər verir.

- 3-4 yaşlı uşaqlar bəzən gözlərini tez-tez qırpır. Bu, nəyin əlamətidir?

- Çox nadir hallarda bu simptom nevroloji problemlərlə əlaqələndirilir. Amma düzdür, valideynlər əksər hallarda uşaqların əsəbi olmasından şübhələnərək, birbaşa nevropatoloqlara müraciət edirlər. Mənim öz təcrübəmdə belə məqamlar olub. Onların böyük əksəriyyəti məktəblərdə digər uşaqlardan və ya cizgi filmlərindən götürülən vərdişlərdir. Həqiqətən, mən məktəbdə oxuyan zaman bu halla rastlaşmışdım. Bu, qeyri-ixtiyari vərdişdir. Yaxşı olar ki, bu vərdiş özünü möhkəmlətmədən onu aradan qaldıracaq məşğuliyyətlər tapılsın. Məsələn, həmin uşaqlara gözlərini qırpma, sənə telefonla oynamağa bir saat daha vaxt verəcəyəm desəniz, inanın ki, onlar o vərdişi elə tez tərgidir ki... (gülür)

Başqa bir səbəbi isə allergiya ilə bağlı ola bilər. Uşaqlara baxan kimi bilirik ki, onlarda allergiya var, yoxsa yox. Əgər gözlərini tez-tez qırpması allergik səbəbdən yaranıbsa, onun müalicəsi var. Əgər sadaladığım heç bir hal ona aid deyilsə, bu, artıq “tik” dediyimiz xəstəlikdir və nevropatoloqa müraciət etmək lazımdır.

- Uşaqlar problemlərini ifadə edə bilmir. Bəzən valideyn uşağın görmə zəifliyi olduğunu gec başa düşür və bu, görmə zəifliyinin daha da irəliləməsinə gətirib çıxarır. Əsasən, gözlərdən birinin passivliyi üstünlük təşkil edir. Bu məsələdə valideynlər nə etməlidir?

- Bəli,nmaraqlı məqama toxundunuz. Bax, məhz bu səbəbdən valideynlər gərək uşaqları mütəmadi olaraq həkim konsultasiyalarına gətirsinlər. Vaxtında müayinə olunan zaman xəstəliklər ilkin mərhələdə müşahidə edilir və onların müalicəsi daha rahat və tez olur.

Sırf görmə ilə bağlı problemi valideynlər hiss edə bilməz. Onu heç uşaqlar özü də hiss etmir. Çünki iki gözlə baxan insan görmə zəifliyini  hiss edə bilməz. Uşaqlarda uzaqgörmə zəifliyi və allergiyalar çox olur. Gözlərin qaşınması, sulanması və s. Ümumiyyətlə, allergiya özü də simptomatik və asimptomatikdir.

Simptomatik allergiya vəziyyətində uşaq bunu özü hiss edir. Amma asimptomatik allergiya hallarında uşaqlar bunu özləri hiss etmir. Bu, yalnız həkim müayinəsi zamanı məlum olur. Allergiya isə yaş getdikcə azalır. Təxminən 30 yaşa qədər allergiya davamlı azalaraq gedir. Mənfiliyin (uzaqgörmə zəifliyi) stabil saxlanması üçün isə mümkün qədər kompüterlərdən, telefonlardan uzaq qalmalıdırlar. Çünki mənfilik də bədən boy verdiyi müddətcə qalxır.

Göz alması uzanır, uzandıqca isə zəifləmə prosesi gedir. Bu isə təxminən 23 yaşa qədər davam edir. Ona görə uşaqların daha çox uzaq məsafələrə, sonsuzluğa baxması yaxşıdır. Daha yaxşı olar ki, dəniz qırağında üfüqə baxsınlar.

- Göz gimnasitikası effektivdirmi?

- Bütün sahələrdə sübut olunmuş və sübut olunmamış məlumatlar var. Göz gimnastikası da həmin məqamlardandır. Bu, hər kəsin inandığı, lakin elmi cəhətdən sübut olunmayan informasiyadır. Heç vaxt ola bilməz ki, göz məşqləri görməni bərpa etsin. Məsələn, göz gimnastikası görmə zəifliyi -5 olan gözü -3-ə sala bilməz. Gimnastika yorğunluğu aradan qaldıra bilər.

- Göz xərçənginə rast gəlinirmi?

- Çox tez-tez rast gəlinən hal olmasa da, gözdə də xərçəng ola bilir.

- Bu gün, demək olar ki, bütün orqanların transplantasiyası var. Gözlə bağlı hər hansı transplantasiyaların yaranması gözlənilirmi?

- Əslində, bu gün bu məsələ aktual deyil. Çünki gözdə milyonlarla sinir var və onların hər birinin cərrahi üsulla birləşdirilməsi qəliz prosesdir. Bu gün Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına başlanılıb. Gələcəkdə digər hər hansı yeniliklər olarsa, bu da bu sahədə ilk ola bilər. 

- Bir qədər linza və eynək məsələsinə toxunaq. Bu iki üsuldan hansı daha məqsədəuyğun hesab edilir?     

- Təbii ki, söhbət müqayisəli çəkildə şərh etməkdən gedirsə, eynək daha məsləhətlidir. Çünki linza göz üçün yad cisimdir. Gözə yad cisim qoymaqdansa, eynəkdən istifadə etmək daha məqsədəuyğundur. Amma bir məqam da var ki, eynəklə müqayisədə, linza ilə daha yaxşı görmək olur. Həm də görüntü baxımından da linzalar daha çox bəyənilir.

Ümumiyyətlə, hər şey həkim təyinatından və xəstənin gözünün vəziyyətindən asılıdır. Düzgün təyinat yazılıbsa, heç bir problem olmur.

Linza istifadə edən insan bilməlidir ki, natəmiz şəkildə istifadə edilən linzalar gözə mikrob düşməsinə şərait yarada bilir. Bu isə qarşısıalınmaz xəstəliklərə, hətta gözün itirilməsinə belə gətirib çıxara bilər. Ona görə də bəzən xəstələr təmizkar olduqlarına güvənmədikləri üçün linza seçimi etmirlər.

- Linzalar gözün qidalanmasının qarşısını alırmı?

- Bəli. Linzalar bizim buynuz qişa dediyimiz, gözün ön hissəsində damarlar olmayan hissədə saxlanılır. Gözün dediyimiz hissəsinə isə oksigen çatmır. Buynuz qişanın bütün qidası göz yaşı və havadan gələn oksigenlə təmin edilir. İndi baxın, linza taxılan zaman həmin oksigenin yolu bağlanır və çətinləşir.

Buna görə də linzanı həkim təyin etdiyi müddətdən artıq gözdə saxlamaq olmaz. Düzgün istifadə edilmədikdə, istifadə müddəti keçən linzaları taxdıqda problem yarana bilər. Amma təyinata uyğun şəkildə taxılan linzalardan gözə və görməyə heç bir ziyan olmaz.

- Bəzən deyirlər ki, linza istifadə edən xəstələrdə buynuz qişada incəlmə gedir. Bu isə lazer əməliyyatına mane ola bilir. Bu, nə dərəcədə doğrudur?

- Əslində, belə bir məqam var. Linza buynuz qişanı sürtərək nazikləşdirə bilir. Amma bu mütəmadi olaraq 15-20 il linza istifadə edən insanlarda müşahidə edilə bilən məqamdır. Heç kim linza taxmazdan qabaq buynuz qişanın qalınlığını yoxlamır. Belə olan halda buynuz qişanın linza istifadəsindən sonra nazikləşdiyini deyən şəxslər də bir qədər sual doğurur. Ona görə deyə bilərəm ki, görmənin eksimer lazer cihazı ilə korreksiyası bir anda olmur.

Həkim korreksiyadan qabaq təxminən 1-2 həftə ərzində linzalardan istifadə etməməyi tövsiyə edir. Bu zaman isə göz öz formasına qayıdır. Bundan sonra korreksiya zamanı heç bir problem olmur.

- Lazer korreksiyasının müddəti varmı? Bir müddət sonra görmənin geriləməsi müşahidə edilə bilərmi?

- Müəyyən bir görmə geriliyi müşahidə edilə bilər. Məsələn, -5 dərəcə görmə zəifliyi olan xəstənin gözü lazer korreksiyası olunubsa və xəstə təyinatlara düzgün riayət edibsə, görmənin zəifləməsi ehtimalı 5 faizdir. Amma ümumiyyətlə, görmədə müəyyən qədər geriləmə dedikdə, -1 dərəcəyə qədər zəifləməni nəzərdə tuturam.

- Hansı dərəcədə zəif görmənin eksimer lazer cihazı vasitəsilə korreskiyasi məqbul hesab olunur? Hər hansı bir normalar varmı?

- Mən deyərdim ki, bu istiqamətdə cəmiyyət arasında yanlış fikirlər var. Hər kəs elə düşünür ki, mənfilik dərəcəsi az olan xəstələrin lazer korreksiyasına müraciət etməsi doğru deyil. Lazer korreksiya ilə görmənin bərpası daha böyük, yəni -5 və daha yuxarı dərəcələrdə mənfilik olan xəstələrə şamil edilməlidir. Əslində, mən bununla razı deyiləm. Çünki mənfilik nə qədər çox olursa, korreksiya zamanı buynuz qişa bir o qədər nazikləşir. Bu zaman isə gözün forması dəyişir.

Mənim bir xəstəmin görməsi -20 olub. Onun görməsini lazer cihazı vasitəsilə heç vaxt bərpa etmək olmaz. Şəxsən mən görməsi -5 dərəcə və daha yuxarı olan xəstələri lazer korreksiya etməyi sevmirəm. Ondansa əməliyyatla linza qoyulması daha məqsədəuyğundur. Həmin o -20 dərəcə mənfiliyi olan xəstəyə əməliyyatla linza qoymuşuq və həyatına daha rahat şəkildə davam edir.

- Bəs əməliyyatla qoyulan linzalarda yaxın məsafəyə fokuslanma problem olmur?

- Əslində, gözün fokuslanması 40 yaşa qədərdir. 40 yaşdan sonra bütün insanlarda fokuslanma prosesi yavaş-yavaş dəyişir. Fokuslanmada problem yaradan linzalar da olur, yaratmayan linzalar da. Amma mən, umumiyyətlə, bu linzaların zərurət olmadığı halda 40 yaşdan sonra qoyulmasını məsləhət görürəm.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri