May
2019
19:00
90
251
6347
Virtual karabakh

Öz uşağımdır, istəyirəm, döyürəm, istəyirəm, sevirəm…

6 May, 2019
19:00
6347

Öz uşağımdır, istəyirəm, döyürəm, istəyirəm, sevirəm…

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günay Malikqızı yazır...

Artıq dünyada hər şeyin yaxşı olduğuna inandığım yaşda deyiləm. Amma yenə də uşaqlara qarşı olan şiddətə inanacaq qədər böyümək istəməzdim.

Niyə son vaxtlar ailədaxili şiddətlə bağlı yazılarla çox rastlaşıram?

Sosial şəbəkələrdə, xəbər agentliklərində bir neçə yazı oxuduqdan sonra bu məsələ məni daha çox düşündürdü.

Axı biz uşaqlarının “nazı” ilə həddindən çox oynayan millətik. Bizim üçün uşaq 40 yaşında da elə “uşaqdır”, onu incitmək istəmirik, özümüz incisək də, amma, bu barədə sonra...

Bəs niyə balaca uşaqların fiziki təzyiqə məruz qalması halları çoxalır?

Bəlkə, analar, atalar işi də, evi də çatdırmalıdır deyə çox yorulurlar, valideynlik hissləri korşalır? Bəlkə, kişilər uşaqların dünyaya gəlməsi prosesində fəal iştirak etməklə missiyalarını bitmiş hesab edir? Qadın yorulur və körpənin adi sualı böyük bir problemə çevrilir? Bəlkə, maddi çətinliklər səbəbindən bəzi valideynlər heyiflərini uşaqlardan almaq istəyirlər. “Bəlkə”lər çox ola bilər, amma heç birinin həqiqət olmaq şansı yoxdur.

Axı uşağın bədəninə zərər yetirəcək qədər döyən valideynin hansı bəhanəsi həqiqət ola bilər? Əslində, başqalarının uşaqlıqları, yaşadıqları barədə fikir yürütməkdən çəkinirəm. Amma heç çəkinmədən evdə uşağına əl qaldırıb, onun bədəninə, həm də mənəviyyatına zərər vuran valideynlə üzləşərəm...

Bədənlərində döyülməkdən izlər qalan uşaqların qəlbindəki izləri görməzdən gələ bilmərik. Ən dəhşətlisi budur ki, o uşaqlara heç cür kömək edə bilmirik. Uşaqların şiddətə məruz qaldığını görən, bilən müəllimlərin, qonşuların, qohumların valideynlərlə mübarizə üsulu yoxdur.

Axı hamı öz uşağını öz bildiyi “üsulla” tərbiyə edir. Uşağı öz evində öz valideynlərindən necə “qorumaq” olar? Deyəcəksiniz ki, qaynar xətt var. Bəli, var: (012) 480 22 80, amma qaynar xəttin mövcudluğu, onu hamımızın əzbərləməsi nəyi dəyişdirir?

Kim zəng vuracaq? Kim hesab edir ki, o, hansısa uşağı onun valideynindən çox sevir? Zəng vurduğuna, bir uşağı ailədaxili şiddətdən qorumaq istədiyinə görə o adama haqq verəcəyik?

İnanın, nəticədə, zəng vurub vətəndaşlıq borcunu yerinə yetirən, o uşağın gücsüzlüyündən istifadə edib döyməyi öz valideynlik “haqqı” hesab edən anadan və ya atadan daha çox günahkar çıxarılacaq.

Qəribədir, bütün günü başqalarının etdiklərini və ya etmədiklərini müzakirə edən “bizlər” belə həssas və vətəndaş mövqeyi tələb edən məsələlərdə 180 dərəcə dəyişirik. Az qala başqalarının günorta nə yeyəcəyini bilməyə haqqımız olduğunu düşünürük, ancaq belə məsələlərə qarışmamağın daha düzgün olacağına qərar veririk.

Əslində, uşaqların bağlı qapılar arxasında öz valideynləri tərəfindən məruz qaldığı fiziki və psixoloji basqıya YOX deməyi bacarmalıyıq. Bunu öyrənməliyik. Bu məsələnin hüquqi tərəfləri dərin və bir yazıya yetməyəcək qədər ətraflı yanaşma tələb edir. Mən hüquqdan çox, ƏXLAQDAN danışmaq istəyirəm.

Uşağı tərbiyələndirmək üçün ona fiziki güc tətbiq etmək nə qədər səhvdirsə, bunu görüb, bilib, susmaq da bir o qədər səhvdir. Bəlkə də, ikincilər daha çox günahkardırlar.

Cəmiyyət ailədaxili zorakılığın ağır yükünü anlamadıqca, səssiz qaldığımız hər hadisə geri döndərə bilməyəcəyimiz faciəvi hallara yol açacaq.

Valideynləri tərəfindən döyülməyi adi qəbul edən bir çox uşaq sonra dünyaya kin-küdurət və zorakılıqla münasibət göstərir. Bəli, o uşaq ailə içində zorakılığa məruz qalanda təkdir, acizdir, ancaq böyüdükcə, yaşadıqca yalnız özünə yox, ətrafında olan hər kəsə onun tək yaşadığı o dəhşətdən pay düşəcək.

Cəmiyyət bunu anlamağa qadir olanda qanunlar daha tez öz yolunu tapacaq. Bir uşağın hər gün eşitdiyiniz imdad səsinə qulaqlarımızı bağlaya bilərik, ancaq əvvəl-axır, o SƏS böyük fəlakətlərin carçısı olacaq. Uşaqların SƏSSİZ yaşadığı ailədaxili zorakılığın SƏSİ olmaq vaxtı çoxdan gəlib çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri