May
2019
12:19
83
336
5087
Virtual karabakh

Yerə tüpürmək milli xüsusiyyətimizdir

7 May, 2019
12:19
5087

Yerə tüpürmək milli xüsusiyyətimizdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Hərdən mənə elə gəlir ki, sosial şəbəkələrdə yaşayan və real həyatda yaşayan iki müxtəlif xalqıq. Küçədə bir zibil görən kimi hamı öz səhifəsində fotosunu paylaşır və böyük hərflərlə yazır ki, küçəyə zibil atmazlar. Xaricdə belə deyil, ah Avropa, Avropa... Yaxşı, o zibili sən atmırsan, mən atmıram, bəs o zibil necə olur ki, küçəyə tökülür?

Əslində, çox asan. Avtomobillə hərəkət edəndə siqaret kötüyündən tutmuş, nəm salfetkaya qədər ələ keçən hər şey atılır küçəyə. Səhərlər eyvanlardan zibil torbaları həyətə uçur.  Sutkanın istənilən saatında isə yer-göy günəbaxan tumlarından əskik olmur. Bu, yadplanetlilərin, ya da ərəb turistlərin işi olmaya?

Çünki hamımız ev tərbiyəsi görmüş, ali təhsilli adamlarıq. Biz küçəyə zibil atmarıq, burada nəsə bir hikmət var. Hamımız da danışanda bəy nəslinin nümayəndələriyik. Babamız da filan mahalın qazisi olub. Di gəl ki, bir zibil qədər mədəniyyətimiz yoxdur.

O gün bir qadın yanında uşağı nəsə yeyə-yeyə küçədə gedirdilər. Yediyinin qabığını küçəyə atdı. Elə qayıdıb demək istəyirdim ki, ay xanım, zibili niyə yerə atırsınız? Qadın qayıtdı ki, özüm bilərəm, beş də artıq. Elə ikinci kəlməni demək istəyirdim ki, bəs bu əxlaqdan, mədəniyyətdən deyil, bir xalaya baxdım, bir də özümə. Müxtəlif çəki dərəcələrində olduğumuz üçün düşündüm ki, indi bu xala mənə yağlı peraşkili əliylə bir dənə vursa, mən elə yerimdə qalacağam. Kor-peşman susdum.

İndi bu hadisə sizə gülməli gəlsə də, mənim üçün çox kədərli idi. Çünki mən doğma şəhərimi belə xala-əmilərdən qoruya bilmirəm. İstədiyini edir, hələ bir özünə haqq da qazandırır. Amma “Instagram” səhifəsinə baxsan xala - qlamur xaladır. 

Hələ başqa bir dərdimiz də var, bu da küçəyə tüpürmək xasiyyətimizdir. Hətta deyərdim ki, milli sərvətimizdir. Onu elə qoruyuruq ki, heç tarixi abidələrimizi elə qorumuruq. Necə yəni şəhərə çıxasan, küçəyə tüpürməyəsən? Blokun ağzında durasan, tüpürməyəsən? Camaat baxıb nə deyər? Filankəsin oğlu yaman bivec çıxdı, heç oxşamadı nəslinin kişilərinə. Küçəyə tüpürmür. Dəhşət.

İndi bütün bu nəql etdiklərimi gözünüzün önündə canladırın və görün ki, necə əcaib tablodur. Həm də biz hamımız bunun şahidiyik. Bu problemi özümüz həll edə bilmiriksə, onda qoy, bunu dövlət səviyyəsində həll etsinlər. Küçəyə tüpürdün, cərimə. Zibil atdın, cərimə, özü də böyük məbləğdə. Pulun yoxdur, lap yaxşı. Məcburi iş, həmin küçəni bir həftə gecə-gündüz təmizlə. Bax, onda tüpürmək üçün ciblərində plastik stəkan gəzdirərlər. Axı canından bir dəfə pul çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri