12 
May
2019
21:32
62
106
7816
Virtual karabakh

Özümüzə elə toy tuturuq ki...

12 May, 2019
21:32
7816

Özümüzə elə toy tuturuq ki...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Xəlqimin toy kimi adəti var, adət də ondan ibarətdir ki, son damla qanına kimi borca girib, qohum-qonşudan daha bahalı tədbir keçirtmək.

Bəli, tədbir. Tədbirin giriş sözünü demək üçün məclisə dəvət olunan qudalar elə o dəqiqədən “mehriban quda” olurlar. Neçə xonça gəldi, gəlinin qızılları neçəlik idi, bəyin kostyumu bahalı idi, ya ucuz, gəlinlik birinci “prokat” idi, yoxsa ikinci, nişan üzüyünün qaşları böyük idi, ya xırda, süfrədə neçə cür salat var idi və s.

Və bütün bu vurhavurun üstünə gəlirəm gəlin maşının bahalı kirayəsi, bəzədilməsi, gəlinin salon xərcləri, bəyin hamam xərcləri, müğənnisi, fotoqrafı, love story-si və daha nələr. Hələ toya qədər keçilən marafon bir tərəfə. Elçilik, həri, nişan, xına. Hamı da deyir ki, əşşi, ömürdə bir dəfə olan şeydi, xəsislik etmə. Açığı, burada artıq xəsislikdən söhbət getmir, söhbət müflislikdən gedir. Sonra da deyirlər ki, bəs oğlanın evi yoxdu. Qızım kirayədə yaşayacaq.

Vallah, yuxarıda sadalanan xərcləri bir yerə qoysaydılar, yeni evlənənlərə rahat iki otaqlı mənzil bağışlamaq olardı. Toy məclisini isə xudmanı keçirib gəncləri təbrik etmək olardı. Amma ki bu, mümkün deyil. Xuramanın oğlu Rusiyyətdən gəlib elə toy elədisə, mən də etməliyəm, vəssalam. Və bu mənasız müsabiqə sonunda gənc evlənənlərin başında çatlayır. Mən qızıma o cür cehiz verdim, sənin gətirdiyin qızıla bax. Mən oğluma ev verdim, qızına verdiyin cehizə bax.

Bu ittihamları eşidəndə bizim insanların hələ də orta əsr təfəkkürü ilə yaşamasına bir daha əmin olursan. Əcnəbilər Marsa raket göndərir, biz hələ bir cehizi bir otağa yerləşdirə bilməyiriz. Hə, lap unutmuşdum axı. Gəlinbacının 2 metrlik son model televizor, 5 qapalı soyuducusundan savayı, bir diplomu da olmalıdır. Yəni diplom cehizin üstündə sertifikat kimi istifadə olunur. Bu nə mental məsələdirsə, XXI əsrdə belə bunu həll edə bilmirik.

İnsanımız o qədər qonşu-qohuma görə ömür sürüb ki, övladını da o cür yaşamağa məcbur edir. Həm özünə, həm də övladına toy tutur. Və ətrafda hamı toy üçün işləyir. Gəlini bəzəyən usta bir dəfəyə orta menecerin bir aylıq maaşını alır, bir gecəlik gəlinlik libası bir İT mütəxəssisin bir aylıq maaşı edir. Və bütün bunları biz şişirtmişik. Teatrlaşmış tədbirə çevirmişik. Bahalı kostyumlar, rekvizitlər, yaradıcı və texniki heyət, çəkiliş, musiqi, şou, hay-küy və sonda büdcədən xeyli kənara çıxan məbləğ. Sonra da 5 il borc qaytarmaq. Zato, “filankəsin oğlunun toyunda stola barmaq qoymağa yer yox idi” tərifinə layiq olmaq. Amma inanın ki, özünüzə tutduğunuz bu toy, bir ömür ancaq sizin xatirənizdə qalacaq, qohum-qonşu sabah başqa toyun müzakirəsi üçün bir başqa toyxanaya yığışacaq.

Oradan bir tuş, Allah mübarək eləsin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri