14 
May
2019
17:35
181
60
8924
Virtual karabakh

Aqressiv britaniyalı futbol azarkeşləri Bakıdan niyə qorxur?

14 May, 2019
17:35
8924

Aqressiv britaniyalı futbol azarkeşləri Bakıdan niyə qorxur?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycan ərazisində britaniyalı turistlərə təhlükənin olması ilə bağlı öz vətəndaşlarına ünvanladığı ehtiyatsız və əsassız tövsiyələr Azərbaycanın dövlət strukturlarından gözlənilən cavabını aldı .

Xatırladaq ki, tövsiyələr Böyük Britaniyanın XİN saytında dərc olunub. Nazirlik öz vətəndaşlarını Bakıda mayın 29-da Avropa Liqasının final oyununun (İngiltərənin “Çelsi” və “Arsenal” klubları qarşılaşacaq) keçirilməsi ilə əlaqədar öz vətəndaşlarını terror təhdidinin olması ilə bağlı xəbərdar edib. Mayın 1-də bu tövsiyələr yenilənib, Azərbaycana İstanbuldan səfər etməklə bağlı xəbərdarlıq silinib. Bütövlükdə isə ingilislərin Azərbaycanda terror təhdidinin olması ilə bağlı fikri dəyişməyib.

İngiltərənin ali diplomatiyası vətəndaşlarına gecə saatlarında Bakı küçələrində tək-tənha gəzməməyi və üstlərində iri məbləğdə nağd pul saxlamamağı tövsiyə edir. Onlar britaniyalıları nüfuzlu şirkətlərin taksi xidmətlərindən istifadə etməyə çağırır.

Halbuki Azərbaycan yüksək təhlükəsizlik sisteminə malik olan dövlət kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir.

Bunu Oxu.Az-a verdiyi açıqlamada Dövlət Təhlükəsizlik Xidmətinin İctimayyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev bildirib.

“Bundan əvvəl keçirilmiş beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən, prestijli idman yarışlarında çox sayda xarici qonağın iştirak etməsi, Azərbaycana böyük turist axını, onların Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə tanışlığı üçün yaradılmış hərtərəfli şərait və ən əsası, ölkəmizdə olmuş xarici qonaqların yenidən Azərbaycana gəlməyi arzulaması, bütün bunlar Azərbaycanda qonaqpərvərliyin və yüksək təhlükəsizlik səviyyəsinin olmasının bariz nümunəsidir”, - deyə xidmət rəhbəri bildirib.

Bu gün Azərbaycan bizim müstəqil dövlətin qarantı olan müdrik prezidentimiz İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti sayılır, hərtərəfli dinamik inkişaf səviyyəsi ilə seçilir, stabillik və təhlükəsizlik məkanı kimi tanınır.

“Müvafiq dövlət strukturları və hüquq-mühafizə orqanlarının birgə fəaliyyət nəticəsində ölkədə davamlı sabitlik və təhlükəsizlik müşahidə olunur. Azərbaycanın dünyada nüfuzu gündən-günə artır. Bizim ölkə beynəlxalq təhlükəsizlik sistemində aktiv iştirak edir. Ölkəyə böyük inam bəslənilir, iri investisiyalar qoyulur, irimiqyaslı layihələr gerçəkləşdirilir”, - deyə A.Babayev bildirib.

Bundan savayı, ümumi təhlükəsizliyin etibarlı şəkildə təmin olunmas məqsədilə xarici dövlətlərin müvafiq tərəfdaş-strukturları ilə ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir.

Dövlət Təhlükəsizlik Xidmətinin rəsmisi onu da qeyd edib ki, güclü təhlükəsizlik sisteminə malik olan bir çox tərəfdaş-ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri keçirilən görüşlərdə özləri də Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizliyə həsəd apardıqlarını etiraf edirlər.  Azərbaycan təkcə regionun yox, ümumilikdə bütün dünyada təhlükəsizlik sisteminin formalaşmasına öz töhfəsini verir.

Qeyd edək ki, Azərbaycan Xarici işlər Nazirliyinin rəsmi Londonun tövsiyələrinə cavabı özünü çox gözlətməyib. 

Azərbaycanın Turizm Assosiasiyasının rəhbəri (AZTA) Nahid Bağırov Oxu.Az-a verdiyi açıqlamada 2015-ci ildə ölkəyə iki milyona yaxın turistin gəldiyini, 2018-ci ildə isə bu göstəricinin 2 milyon 800 min nəfər (xarici vətəndaş nəzərdə tutulur - red.) yüksəldiyini vurğulayıb. Yəni üç il ərzində turistlərin sayı 30 faiz artıb.

“Belə bir vəziyyətdə hansı təhlükədən söhbət gedə bilər? Mən anlaya bilmirəm. Rəqəmlər öz sözünü deyir. Soruşan lazımdır, niyə 2012-ci ildə Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəndə heç kim belə ucuz söhbətlər etmirdi? Britaniyalılar həmin vaxt harada idi? Birinci dəfədir belə şeylər eşidirik. Buna qədər heç bir xarici siyasət orqanı Azərbaycanla bağlı heç bir xəbərdarlıq etməmişdi. Onlara nə təsir etdi? Biz Avropa Olimpiya Oyunları keçirmişik, hər il irimiqyaslı beynəlxalq səviyyəli forumlar, dialoqlar keçirilir, bu tədbirlərdə beynəlxalq rəsmilər iştirak edir. Yayda UNESCO-nun beynəlxalq tədbiri keçiriləcək”, - deyə assosiasiya rəhbəri sadalayır.

N.Bağırov güman edir ki, ingilislər özlərini düzgün ifadə etməyiblər və əksinə, bizim vətəndaşları britaniyalı azarkeşlərdən qaynaqlanan təhdidlərlə bağlı xəbərdar ediblər. Aqressiv britaniyalı azarkeşlərin ictimai asayişi pozması və cinayətlər törətməsi ilə bağlı çox insidentlər olub. Britaniyalı futbol fanatları dünyanın ən aqressiv azarkeşləri sayılır. Bu reputasiyanı illər ərzində qazanıblar.

“Onlar nə üçün bu barədə danışmırlar? Təhdid barədə danışmaq üçün buna əsas olmalıdır. Onlarda isə belə əsas yoxdur. Başqa ölkələr susur. Britaniyalılar seçilmiş millətdir, yoxsa?”, - deyə N. Bağırov hiddətlənib.

Bu arada, hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildiriblər ki, geridə qoyduğumuz may günlərində Bakıda bir neçə yüz cinayət qeydə alınıb və onlardan yalnız 10-da xarici vətəndaşlar iştirak edib. Üstəlik, onların təxminən yarısında cinayət və ya qanun pozuntusu elə xarici vətəndaşların özləri tərəfindən törədilib.

Mayın 13-də Nəsimi rayonunda Bakı sakini Orxan Annağızadəyə qarşı xuliqanlıq əməli törətmiş Türkiyə vətəndaşı saxlanılıb.

Hadisəni törədən şəxs 10 il Azərbaycanda yaşamış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Turan Oğuzdur. Ötən günlər ərzində xarici vətəndaşların iştirakı ilə daha iki fakt qeydə alınıb. Ancaq məsələ ondadır ki, onlardan heç birinin xarici turistə aidiyyəti yoxdur. Hər iki hadisədə söhbət Azərbaycanda daimi yaşama icazəsi olan əslən azərbaycanlı Gürcüstan vətəndaşlarından gedir.  

Xəzər rayonunda evi qarət etməkdə şübhəli bilinən Türkiyə vətəndaşı saxlanılıb. Nizami rayonunda Gürcüstan vətəndaşı (əslən azərbaycanlı) 18 yaşlı gənc tərəfindən döyülməsi ilə bağlı polisə şikayət edib.

“Bəzən ərəb turistlərdən və üçüncü dövlətlərin vətəndaşlarıından şikayətlər daxil olur. Onlar öz axmaqlıqlarına və ehtiyatsızlıqlarına görə mülkiyyətlə bağlı cinayətlərin qurbanlarına çevrilirlər”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Bu ilin yanvar ayında Bakının mərkəzində ağır cinayət törədilib. Qazaxıstan vətəndaşı gecə saatlarında işdən evə qayıdan qadına hücum edib. Xarici vətəndaş qurbanının çənəsini sındıraraq, onu zorlayıb.

 Avropa ölkələri vətəndaşlarına qarşı cinayətlər nadir hallarda qeydə alınır. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, son bir il ərzində bu baxımdan bir cinayət belə qeydə alınmayıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri