15 
May
2019
15:31
130
87
10448
Virtual karabakh

Boyunu yerə soxum, hamı girdi məktəbə, sən qaldın...

15 May, 2019
15:31
10448

Boyunu yerə soxum, hamı girdi məktəbə, sən qaldın...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Artıq tədris ili yekunlaşmağa doğru gedir. Şagirdlərin çoxu yay tətilinə hazırlaşır, elə valideynlər də. Baxma, səhər saat 06:00-da durub uşağı məktəbə yollamaq olmayacaq.

Amma bir qisim insanlar da var ki, bu yay tətili onlar üçün əsl cəhənnəm olacaq. Söhbət abituriyentlər və onların valideynlərindən gedir. Təbii ki, abituriyentlərin içində imtahana daha yaxşı və daha zəif hazırlaşanlar var. Amma indi söhbət bundan getmir. Çox ümid edirəm ki, bu yay heç kim canına qəsd etməyəcək. Sözün əsl mənasında.

Hər il ali məktəblərə qəbul olanların siyahısı çıxan kimi eşidirik ki, ölkənin hər yerində ali məktəbə qəbul olmayan gənclərdən bəziləri özlərinə qəsd edir. Hər dəfə belə xəbər eşidəndə məyus oluram ki, sən demə, bizim cəmiyyət üçün əsas diplomdur. Və bunu hər dəfə gənclərin, böyüyən nəslin beyninə elə soxuruq ki, ilk uğursuzluq qarşısında uşaqlar özlərini öldürürlər. Çünki cəmiyyət olaraq dəyərlərimiz köklü surətdə səhvdir.

Bizim üçün əsas odur ki, övladımız vəzifədə olsun, qalstuk taxıb kostyum geyinsin. İstəmədiyi işlə məşğul ola bilər, amma əsas odur ki, diplomu olsun. Bizim üçün bir tikə karton parçası övladımızın canından daha dəyərli olub. Evini-eşiyini, varını-yoxunu satıb mütləq onu oxutmağı qarşısına məqsəd qoyan valideynlər uşağın çəkdiyi iztirabların fərqinə varmır. Sadəcə, özünü haqlı sayır. Uşağı üçün ən yaxşısını istəyir axı. Uşaqlar isə elə bizim kimi cürbəcür olur. Kimi daha istedadlı, kimi daha qoçaq, kimi daha ağıllı. Necə ki, biri hündür, kimi daha alçaqboylu olur. Amma bizim üçün bunun heç bir fərqi yoxdur. Əsas odur ki, diplomu olsun.

İmtahana girərkən onsuz da il boyu yığılan yorğunluğu və imtahan həyəcanını dəf etməyə çalışan uşaq, inanın ki, ali məktəbə qəbul olmağı sizdən daha çox istəyir. Bilirsiniz niyə? Ona görə yox ki, sabah ali məktəbdə təhsil alacaq, mütəxəssis olacaq. İnanın ki, bu, onu o qədər də narahat etmir. Onun istədiyi odur ki, valideynləri cavablar çıxandan sonra onu danlamasınlar.

“Boyunu yerə soxum, hamı girdi məktəbə, sən qaldın” sözlərini deməsinlər. Bu sözləri ən doğma adamlardan eşitmək çox ağrılıdır. Bəzisi buna dözür, bəzisi isə valideynlərin qınağına dözməyib özünü ən böyük günah etmiş kimi hiss edir. Günahını da uşaqcasına yumağa çalışır. Özlüyündə düşünür ki, mən yaxşı övlad olmadım, valideynlərimin əziyyətini yerə saldım, yaxşısı budur özümü öldürüm. Və özünü yerə soxur. Qara torpağın altına. Sonra ana-atanın çəkdiyi ah-nalə isə mənasız olur. Körpəcik sizin arzularınızı doğrulda bilmədiyi üçün həyata vida etdi.

Bu yazını yazmaqda məqsədim odur ki, bu barədə həm valideynlər, həm də abituriyentlər düşünsün. İmtahan dünyanın və həyatın sonu deyil. Ali məktəb də həyatın ən vacib məqsədi deyil. Çünki həyatda daha vacib şeylər var. Özünüzü və övladlarınızı cəmiyyətin axmaq fikirlərindən qoruyun.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri