17 
May
2019
14:00
32
144
5435
Virtual karabakh

Kişi ol!

17 May, 2019
14:00
5435

Kişi ol!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Mən sizin təhqirlərinizi qəbul etmədikcə, onlar sizə aiddir. (Ömər Xəyyam)

10 il öncə sosial şəbəkələr forumları əvəz etdilər. Forumlarda bütün istifadəçilər ləqəb (nickname) altında qeydiyyatdan keçirdilər, onların kim olduğu məlum deyildi. Ona görə onlar bir-birlərini əsaslı və əsassız tənqid və təhqir etməkdən çəkinmirdilər. “Facebook” yaranandan sonra öz ad və soyadları ilə qeyd olunmağa başladılar. Amma sosial şəbəkələrin populyarlaşması onlarda da saxta profillərin yaranmasına gətirib-çıxardı.

Bunun səbəbi nədir? Psixoloqlar nə deyir?

Bir neçə səbəb ola bilər. Amma hamısı saxtalıqdan, qorxaqlıqdandır, bir sözlə, kimdənsə gizlənmək məqsədi daşıyır. Bəzən öz adından rəy yazmağa qorxanlar tezbazar saxta profil yaradaraq təhqir dolu rəylər yazır. Birincisi, bu, həmin şəxsin qorxaq olduğunu göstərir. O, öz eqosunu təmin etmək üçün belə yollara əl atır. İkincisi, həmin şəxslərin çox kompleksləri olur.

Bəzən başqa səbəblər də olur. Məsələn, işi ilə əlaqədar, yaxud həyat yoldaşının görməməsi üçün belə saxtalıqlardan istifadə edirlər. Əsasən, onlar gözəgörünməz olurlar və heç yerdə onları görmürsən, hamını gizlicə oxuyurlar.

Hərdən istəyirsən yazasan ki, “Kişisən, öz profilindən yaz!” Amma kişilik əsl mənasında bu deyil. “Kişilk” ifadəsinin cinslə də əlaqəsi yoxdur. Kişilik əsl mənasında mərdlik deməkdir. Bəs mərd insan kimdir? Heç nədən və kimsədən qorxmayan? Bu ifadəni bu qədər cılızlaşdırmayaq. “Kişi adam” - kişi də ola bilər, qadın da. “Əsl kişi” nəinki mərd, həm də güclü, mədəni, tərbiyəli, savadlı, təvazökar və ağıllı bir adamdır. Çünki güc sahibinin özünəgüvəni yüksək olur. Bu da onun başqalarını özündən zəif bilməyən, onları alçaltmağa çalışmayan adamdır. Kişi adam hamıya hörmətlə yanaşır, gücünü isə lazım olanda göstərir. O, özünün kompüter arxasında deyil, həyatda güclü olduğunu göstərir. Kompüter arxasında şirə dönənlər, hələ bir saxta profildən yazanlar isə həyatda heç nəyə nail olmayan və kompleksləri olanlardır. Bunu psixoloqlar deyir.

Bir tanışım var, çox təvazökar adamdır. Harasa gedəndə, sıravi işçilərlə danışanda çox hörmətlə-izzətlə, müraciət edəndə üzr istəyərək başlayır, hər zaman hamıya diqqət yetirir. Bununla yanaşı, güclü insandır, həm də yüksək vəzifədə çalışır. Yəni bir zənglə kimisə işdən çıxara, işə ala da bilər. Ona görə həmin şəxsə hamı çox hörmət edir.

İnternet etiketi

İnternetdə tanıdığın olsun və ya olmasın, onu təhqir etmək olmaz. Tanımadığını özəlliklə. Bir neçə il öncə baş verən qalmaqallı hadisə buna sübutdur. Bir sosial şəbəkə istifadəçisi qadın müğənnini nalayiq sözlərlə təhqir edərək şərhlər yazmışdı. Bir neçə gündən sonra isə kamera qarşısında göz yaşları ilə üzr istəyib, qələt etdiyini, həmin sözlərin öz ana və bacısına aid olmasını etiraf etdi.

Düzünü deyim ki, belə metodların tərəfdarı deyiləm, amma bu, çox adama dərs olmalıdır. Çünki belə şərhləri (kommentləri) yazarkən başına belə iş gələ biləcəyini düşünməlidir. Sözünün arxasında axıra kimi durub ölümə də gedərsənsə, başqa məsələ. Onda irəli. Amma bir rəyə görə ölməyə dəyərmi?! 

Kiminsə fikri ilə razı deyilsənsə, mədəni şəkildə öz arqumentlərini göstər, sübut et ki, yanlış fikirdir. Yazarın ərz etdiyi fikri sübutlarla alt-üst et, onda sənə deyim “Afərin!”. Amma gücün çatmayanda söyüb təhqir edirsənsə, deməli, çox zəif və cılız adamsan. 

Bununla qarşılaşanda nə etməli?

Belə hadisələrlə qarşılaşsan, həmin şəxsin səviyyəsinə enmək olmaz. Amerikalı satirik şair Oqden Neş demişkən, “Əgər sən əbləhlə mübahisə edirsənsə, əmin ol ki, onlar iki nəfərdir”. Bu sitatı xırdalasaq, səviyyəsiz adamla mübahisə edirsənsə, deməli, sən də onun tayısan qənaətinə gəlmək olar. Onu sakitləşdirməyə iki dəfə cəhd et, alınmasa, davam etmə, xalq arasında deyilən kimi, “baş qoşma”. Sosial şəbəkədə belə istifadəçiləri bloka atmaq olur.

Bu, 1939-cu il Stalin repressiyaları zamanı kimisə tutdurub sürgün etmək üçün anonim məktublar yazanların hərəkətlərinə bənzəyir. “Mental genetika” adlı elm sübut edir ki, insanlar öz əcdadlarının yolunu təkrar edirlər. O repressiyada nə qədər incəsənət xadimlərimiz, ziyalılarımız həyatını itirdi! 

Bəzən mənim statuslarıma da belə şərhlər olur. İstifadəçinin səhifəsinə keçərək baxıram ki, yarım saat öncə yaradılıb. Adamda həvəsə bax ki, bunu edir. Nə deyəsən ki? Atıram bloka. Onsuz da fantomla söz güləşdirmək axmaqlıqdır.

Psixologiya ilə gənc yaşlarımdan maraqlandığım üçün, əgər fantom deyilsə, belə şəxsləri “yandırmaq” üçün ən gözəl yol mədəni şəkildə, yumor və sarkazmla cavab verməkdir. Həmin şəxs əsəbiləşməyə başlayacaq. Sonra isə ya “iqnor” edirsən, ya da bloka atırsan. Deyəcəksən ki, yeni profil açıb yazacaq. Yenə atırsan bloka. Bloka atmaq beş saniyə alır, yeni profil yaratmaq azı 10 dəqiqə.

Sosial şəbəkələrdə düşüncə

Sosial şəbəkələr insanları tanımaq üçün ən sadə vasitədir. Səhifəsinə keçib şəkillərinə baxıb, beş-altı statusunu oxuyanda həmin şəxs haqqında hər şey aydın olur. Bunun üçün diqqətli olmaq və cüzi səviyyədə insanların psixologiyasını bilmək kifayətdir. Hətta həmin istifadəçi heç bir fikir yazmayıb onun-bunun statuslarını bölüşürsə, onlarla da fikir cəmləşdirmək olar.

Sosial şəbəkələr ünsiyyətdə olmaq üçün gözəl vasitədir. Amma çox adam ondan düzgün istifadə edə bilmir. Fikir formalaşdırmaq, nə isə öyrənmək, öz fikrini bölüşmək, tanış olmaq, əlaqədə olmaq… baxın, nə qədər imkanlar var. Hətta artıq onların vasitəsilə pul qazananlar da var. Olsun! Niyə də olmasın?! İnsanlar nə qədər çox pul qazanırsa, o qədər başları qarışacaq, həyatları firavan olacaq. 

Yeri gəlmişkən deyim ki, çox adam görəndə ki, hansısa bloqer ödəniş qarşılığında status yazır, paxıllıqdan ona nə “like” qoyur, nə də şərh yazır ki, “mənim hesabıma pul qazanır”. Qazansın da! Bacarırsan, sən də elə!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri