18 
May
2019
11:54
122
23
5274
Virtual karabakh

Dünyadakı yeganə Ədəbiyyat Muzeyi - Elit qadınlardan söz adamlarına keçən məbəd

18 May, 2019
11:54
5274

Dünyadakı yeganə Ədəbiyyat Muzeyi - Elit qadınlardan söz adamlarına keçən məbəd

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarix boyu bəşəriyyət öz şanlı keçmişinə sayğı duruşu kimi muzeylər yaradıb, bu muzeylərdə öz şanlı keçmişini, görkəmli şəxsiyyətlərinin xatirələrini qoruyub-saxlayıb.

Bakı şəhəri də keçmişə şahidlik edən, unikallığı ilə göz oxşayan muzeylərlə zəngindir. Bakı həm də onunla unikaldır ki, burada dünyadakı yeganə söz məbədi - Ədəbiyyat Muzeyi yerləşir.

Oxu.Az 18 may – Beynəlxalq Muzeylər Günündə bu muzeyinin daşlaşmış yaddaşına nəzər salıb:

Bakının mərkəzində bir bina ucalır – Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. Özünəxaslığı, gözəl memarlığı ilə baxanlara hüzur verən bu memarlıq nümunəsi qəlbində sözün hökmü olan hər kəsdə bir doğmalıq hissi oyadır.  

Bina 1850-ci illərdə birmərtəbəli karvansara kimi inşa ediləndə heç kim bilmirdi ki, gün gələcək, bura sözün, ədəbiyyatın, şanlı və qanlı keçmişin canlı şahidi kimi binaları göyü dələn boz bir şəhərə yaraşıq olacaq.

1856-cı ildən 1868-ci ilədək karvansara kimi xidmət göstərən bina bir müddət sonra Bakı milyonçularından Hacıağa Dadaşova satılır. Bununla binanın tarixində yeni mərhələ başlayır. 1915-ci ildə mühəndis Aleksandr Nikitinə tikilinin yeni layihəsini hazırlamaq tapşırılır. O, binanın layihəsinə ikinci mərtəbəni də əlavə edərək, buranı şəhərin aristokrat sakinlərinin baş çəkəcəyi banket zalı edir.

Yeni sahib binanı “Metropol” hotelinə çevirir. Hotelin birinci mərtəbəsi kübar qadınların sevimli əşyalarının satıldığı zərgərlik mağazaları, ikinci mərtəbəsi isə əyləncə mərkəzi olur.

Bu tale 1918-ci ilə qədər davam edir. 1918-ci ildə azərbaycanlılara qarşı yönəlmiş mart soyqırımında binanın damına pulemyotlar yerləşdirilir və gələcəkdə şanlı tarixə şahidlik edəcək bina əhalinin gülləbaran edilməsini, güllə yağışını, göz yaşının qana qarışdığı qırğını daş yaddaşına yazır.

Ancaq hər şey bununla bitmir. Az sonra Azərbaycan Xalq Cümhuriyyəti elan edilir və paytaxt Bakıya köçürülür. Hotel Azərbaycan hökumətinə verilir. Sovetlərin işğalı və Azərbaycan Cümhuriyyətinin süqutuna qədər Nazirlər Kabineti bu mehmanxanada yerləşir. Dövlət rəsmiləri bu binada həm yaşayır, həm işləyir. Binanın lal divarları ölkə əhalisinə verilən, dünyanın bir çox demokratik dövlətlərində olmayan insan hüquq və azadlıqlarının qəbuluna şahid olur.

1920-ci ildə sovetlər Bakını zəbt edir. 70 il sürəcək istibdad başlayır. Bina 20-30-cu illərdə Azərbaycan Həmkarlar İttifaqına verilir.  

Tikilinin ədəbiyyat məbədinə çevrilməsinin tarixi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi qərarı ilə bağlıdır. Belə ki, 1939-cu ildə bu münasibətlə Nizami Muzeyinin təşkil olunması qərara alınır. Binanın muzeyə çevrilməsi memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynova həvalə olunur.

Binaya daha iki mərtəbə əlavə olunur. Fasadına altı söz ustadının – Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundovun, Xurşidbanu Natəvanın, Cəlil Məmmədquluzadənin və Cəfər Cabbarlının heykəlləri qoyulur.

1941-ci ildə Nizaminin 800 illik yubileyi tamam olur, lakin İkinci Dünya Müharibəsi ilə əlaqədar binanın açılışı mümkün olmur. Açılış faşizm üzərində qələbədən beş gün sonra – 1945-ci ilin mayın 14-də baş tutur.

Bura sonradan Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilir. Hazırda muzeydə 76 mindən çox eksponat qorunur. Nadir nümunələr 30 əsas və 10 köməkçi zalda nümayiş etdirilir.

Binanın qarşısında dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) heykəli ucalır. Heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən 1949-cu ildə hazırlanan heykəl sanki əzəməti ilə min illər ərzində varlığını qorumuş Azərbaycan ədəbiyyatının, keçmişdən gələcəyə uzanan söz ənənəsinin keşikçisidir. 

Muzeyin nadir eksponatları arasında orta əsr Azərbaycan şəhərlərinin ərazilərindəki arxeoloji qazıntılarda aşkarlanmış rəsmli qablar, kaşılar, Nizami Gəncəvinin məzarından tapılmış tirmə parça, Azərbaycan klassiklərinin miniatürlü əlyazma “Divan”ları, Nəsiminin türbəsindən götürülmüş bir ovuc torpaq, Füzulinin əl xətti, Şuşanın qurucusu Pənahəli xanın üstü “Quran” ayələrilə naxışlanmış köynəyi, Xurşidbanu Natəvanın əl işi olan zərif tikmələr, Aleksandr Dümanın ona hədiyyə etdiyi şahmat taxtasından qalmış fiqurlar, Mirzə Fətəli Axundzadənin əlyazmaları, kitabxanası, tarı, sazı, ev əşyaları, XIX əsrdə Təbrizdə toxunmuş “Dörd fəsil” xalçası, Əlimərdan bəy Topçubaşının Parisdəki Sen-Klu məzarlığından gətirilmiş başdaşı, Mirzə Cəlilin kamançası, “Molla Nəsrəddin” jurnalının redaksiyasındakı divar saatını görmək olar.

Firudin bəy Köçərli, Nəriman Nərimanov, Salman Mümtaz, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyevə məxsus qələmlər, yazı ləvazimatı, əlyazmaları, məktubları, Mikayıl Müşfiqin tarı, Cəfər Cabbarlının patefonu, Hüseyn Cavidin eynəyi, Yusif Vəzir Çəmənzəminlinin xatirə albomu, Əliağa Vahidin son siqareti, Abdulla Şaiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Ənvər Məmmədxanlının, Mir Cəlalın, Mehdi Hüseynin, Xəlil Rzanın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin və bir çox görkəmli ədəbiyyat nümayəndələrinin xatirələrini yaşadan əşyalar var.

Vəfa Babasoy

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri