18 
May
2019
18:00
100
39
7936
Virtual karabakh

Səhnəni, sənəti tez tərk edən və ya yenidən ikinci səhnə ömrü yaşayan sənətçilər

18 May, 2019
18:00
7936

Səhnəni, sənəti tez tərk edən və ya yenidən ikinci səhnə ömrü yaşayan sənətçilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhnə, teatr, kino ətrafından və yaxınlarından savayı heç kimin tanımadığı bir insanı bir anın içindəcə tanıda, minlərin, on minlərin, yüz minlərin, hətta milyonların sevimlisinə, ulduzuna çevirir.

Dünənə kimi adi, sadə, sakit, sıravi bir insan ömrü yaşayan şəxs bir andaca səhnə, teatr, kino ilə evlərə, ailələrə daxil olur, onların qəhrəmanına, idealına, kumirinə çevrilə bilir. Amma bəzən bu şöhrət, bu ulduzluq, bu parıltı heç də uzun çəkmir, sıravilikdən kənara çıxıb, tanınmış, populyar sənətçi, sənətkar ömrü yaşayan insan gəldiyi kimi, bir anın içindəcə sakit, səssiz-səmirsiz çıxıb gedir, səhnə, teatr, kino həyatını tərk edir, guşənişinliyə çəkilir və ya yenidən toplanıb, əvvəlki, qaldığı yerdən yoluna davam etməyə qərar verir.

Bu gedişin özü də fərqli olur: kimisi vaxtından əvvəl səhnə, sənət həyatını vaxtsız tərk etsə də,  yaratdıqları nəinki bir ömür boyu ona bəs edir, hətta dünyasını dəyişdikdən sonra da əbədilik, əbədiyaşarlıq qazanır. Yenidən səhnəyə dönüşü olmasa da, yaratdıqları, yaşatdıqları hər şey üçün kifayət edir.

Kimisi vaxtında reallaşdıra, gerçəkləşdirə bilmədikləri və ya bunu etmək iqtidarında olmadıqları ilə baş-başa qalır, unudulur, xatırlanmır, xatırladılmır və ya nadir, istisna hallarda yada düşür.

Kimisi səhnənin, sənətin cazibəsindən heç cür ayrıla, qurtula bilmir. Getdiyi kimi, yenidən geriyə dönməyin həsrətini yaşayır, anını gözləyir, gününü sayır. Qayıdarkən yaratdıqlarının, yaşatdıqlarının davamını gətirirmi? Kimisinə nəsib olur, kimisinə də...

Budəfəki yazımızda sənhəni, sənəti vaxtından əvvəl tərk edən və ya tərk etmək məcburiyyətində qalan (həmçinin, yenidən dönüb ikinci səhnə, sənət ömrü yaşayan), amma yaratdıqları, yaşatdıqları ilə əbədilik yaddaşlarda qalan sənətçilərdən, sənətkarlardan bəhs edəcəyik.

Şəfiqə Məmmədova

Azərbaycan səhnəsinin, Azərbaycan kinosu və teatrının parlaq ulduzlarından biri... Səhnəyə ilk addımları, teatra, kinoya gəlişi ilə bir andaca sözün yaxşı mənasında tufan, fırtına qoparan, tanınan, qəbul edilən, populyarlıq qazanan və sevilən korifey sənətkar... Böyük və kiçik, əsas və epizodik rollarda çəkilməsindən asılı olmayaraq, hər bir rolunda, ifasında izini, nəfəsini, möhürünü qoyan nəhəng aktrisa...

Gertruda, Maşa, Gültəkin, Bəyaz, Gülcan, Nurcahan, Pırpız Sona, xüsusilə “Bizim Cəbi müəllim”, “Qaraca qız” , “Dədə Qorqud”, “Ad günü” və “İstintaq” filmlərində yaratdığı Gülya, Pəricahan, Fəridə, Burla xatun və Cəbişin arvadı obrazları qəlbləri, könülləri yerindən oynadan, riqqətə gətirən, ən əsası, bir-birindən fərqlənən bu obrazları yüksək peşəkarlıqla yaddaşlara həkk etdirən sənətçi...

Təəssüf ki, Şəfiqə xanım sənətinin, yaradıcılığının ən gözəl çağında, çox erkən yaşlarında (hansı ki, heç qırx yaşı tamam olmamışıdı) səhnə həyatı ilə birdəfəlik vidalaşmaq qərarı verir. SSRİ Xalq artisti Mehdi Məmmədovdan ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı quran böyük sənətkar ailə - şəxsi həyatı ilə bağlı sənhəndən, kino və teatrdan uzaqlaşır.

Uzun müddət gözlərdən, könüllərdən, efirlərdən, mətbuatdan kənarda qalmağı üstün tutur. Ta ki 1980-ci illərin lap sonlarında AzTV-nin məşhur “Dalğa” verilişində efirə çıxana kimi. Bu dəfə bir sənətşünas, pedaqoq kimi sevənlərin, həsrətində olanların görüşünə gəlir.

Tamilla Rüstəmova

Azərbaycanın çox tanınmış və sevilən bəstəkarlarından olan Səid Rüstəmovun ailəsində dünyaya gələn Tamilla xanım ixtisasca musiqiçi (piano müəllimi) olsa da, çox erkən yaşlarından səhnədə, kinoda rol alıb, həm zahiri gözəlliyi, həm də yaratdığı azsaylı obrazları ilə yaddaşlarda qalıb.

Hamımızın “Böyük dayaq” filmindən tandığmız Maya bacı, “Ulduz” komediyasından tanıdığmız Ulduz və “Axırıncı aşırım” filmindən tanıdığımız Növrəstə obrazının mahir ifaçısı Tamilla Rüstəmova...

Tamilla xanım yaşının, yaradıcılığın ən gözəl vaxtlarında sənət, kino həyatından uzaqlaşır. Buna səbəb onun Qnesinalar adına Musiqi İnstitutunun fortepiano ixtisası üzrə təhsil alarkən həmin institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək, Riqaya köçüb yaşması olur. Uzun illərdən sonra Bakıya köçən aktrisa bir müddət “Bülbül” adına məşhur məktəbdə piano dərsi də deyir. Amma bu dəfə sakit həyat tərzinə, hər kəsin gözündən uzaq qalmağa üstünlük verir,  cəmi bir hal istisna olmaqla, mediaya, efirə çıxmır və yenidən ailəsi ilə birlikdə Rusiyaya köçür.

Zərnigar Ağakişiyeva

Azərbaycan sənhəsinin Zəri, Zər-Nigarı... Gözəlləyi, cazibəsi, parlaq istedadı, gözəl və yaddaqalan obrazları hər kəsi ovsunlayan, əfsuslayan nəhəng aktrisa... Səhnəmizin, kinomuzun, teatrımızın Xuramanı, Tatyanası, Fəxrəndə xanımı, Teadorası, Kərbəlayi Fatması, Dilbəri və daha neçə-neçə, bir-birindən gözəl obrazların mahir ifaçısı Zərnigar Ağakişiyeva...

Yaratdığı iki qayınana obrazı - “Kökdən düşmüş piano” tamaşasında və “Təhminə” filmindəki (Zivər) obrazları ilə tamaşaçılarda həm nifrət hissi oyatmağı, həm də milyonların yaddaşlarına həkk etdirməyi bacaran böyük sənətkar...

Zərnigar xanımın şəxsi həyatı, taleyi heç cür uğurlu alınmır. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü  cəmi 11 il olur.

Həyat yoldaşının peşəsi də mədəniyyət sahəsinə aid deyilmiş, həmçinin, 11 illik evlilikdən övladları da olmayıbmış və bu, onların ayrılması ilə nəticələnibmiş. Tək, bir növ guşənişin həyat keçirən aktrisa bir müddət səhnədən inciyib, ayrılmalı olur.

Buna səbəb isə ona 1989-1992-ci illərdə səhnədə cəmi iki rol verilməsi olur. Ancaq bir də yeddi ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdır. Kinoda yaratdığı son obrazı isə “Yuxu” filmindəki Xurşud obrazıdır.

Çox kədərli bir taleyi olan aktrisa ötən ilin fevral ayının 8-də ürək çatışmazlığından vəfat edib.

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açır və tanınmış aktrisanın cəsədini aşkar edirlər.

Mömünat Qurbanova

Kinoya ilk gəlişi - “Dərviş Parisi partladır” filmindəki Şərəfnisə obrazı ilə tez bir zamanda tanınan, rəğbət qazan gənc aktrisa.... Bu rol onu təkcə tamaşaçılara sevdirməklə, tanıtmaqla yekunlaşmır, həm də gələcək ailə həyatının qurulmasında önəmli rol oynayır.

Belə ki, burada o, gələcək həyat yoldaşı, Şahbaz obrazının yaradıcısı, tanınmış aktyor Ənvər Həsənovla tanış olur və bu tanışlıq sonda onların evlənməsi ilə nəticələnir. Ümumiyyətlə, aktrisa cəmi üç filmdə rol alır və hər üç filmdə həyat yoldaşı da iştirak edir.

Onlar “Atları yəhərləyin” (Qanlı zəmi) və “Sonuncu döyüş” filmlərində çəkilirlər. Ancaq sonradan gənc və perspektivli aktrisa sənhə, kino həyatından uzaqlaşır. 50 yaşında, 2008-ci ilin dekabrın 8-də faciəli avtoqəza nəticəsində vəfat edir.

Belə ki, aktrisa 50-ci doğum gününü qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir, lakin onlar Nabrandan geri qayıdarkən qəzaya uğrayır və nəticədə Mömünat xanım bu qəzada dünyasını dəyişir.

Əminə Babayeva

Cəmi 19 yaşında, 1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Teatrında fəaliyyətə başlayan gənc və istedadlı aktrisa...

“Bağ qonşuları” tamaşasında çəkildiyi ilk rolu olan Rəmziyyə ilə diqqəti cəlb edən, bundan sonra bir çox tamaşalarda rollara dəvət alan, hətta 1976-cı ildə qadın rollarının ifasına görə Mədəniyyət Nazirliyi tərəfindən İlin ən yaxşı aktrisası elan edilən sənətçi...

Sonradan Əminə xanımın səhnə taleyində müəyyən fasilələr, problemlər yaşanır. Belə ki, aktrisa cəmi 40 yaşında, yəni 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş Xalq artisti, mərhum Həsənağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılır. 10 il səhnədən ayrı düşən aktrisa 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında, daha sonra Bakı Bələdiyyə Teatrında çalışır.

16 il Akademik Milli Dram Teatrından uzaqlaşdırmasından sonra 2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə xanım “İmzanının hökmü” tamaşasında Nazlı xanım obrazını yaradır və o gündən teatrda fasiləsiz çalışır.

Hicran Mehbalıyeva

1973-1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alan, 1977-1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyən və yaratdığı obrazları ilə yadda qalan sənətçi...

Həmçinin, AzTV-nin bir sıra əyləncəli proqramlarında, Yeni İl gecələrində iştirak edən, aktrisalıq keyfiyyətləri ilə yanaşı, müğənnilik keyfiyyətlərinə də malik olan, Xalq artisti, mərhum Yaşa Nuri ilə birgə ifa etdikləri “Neyləsin bu yollar, hardasa sevgi var” mahnısı ilə tamaçıların rəğbətini qazanan aktrisa...

Hicran xanım da səhnəni, sənəti tez tərk edən sənətçilərdəndəndir. Əməkdar aktrisa ailəsi ilə başqa ölkəyə (deyilənlərə görə, hazırda Rusiyada yaşayır və ara-sıra Azərbaycana gəlib-gedir) köçdüyü üçün sənətdən uzaqlaşır.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri