Kiçik yanğınlar niyə böyük faciəyə çevrilir?
Kiçik yanğınlar niyə böyük faciəyə çevrilir?
Son dövrlərdə paytaxtda bir çox tikili və ticarət mərkəzlərində yanğın hadisələri baş verib. Bunun bir çox səbəbləri var, onlar barədə bir qədər sonra danışacağıq.
Heç bir obyekt, ərazi yanğından, uçqundan, eləcə də, digər fövqəladə hadisələrdən sığortalanmayıb. Amma baş verən kiçik yanğın hadisəsinin böyüməsinə və daha geniş sahələri əhatə etməsinə səbəb olan amillər heç də təsadüfi deyil.
Məsələn, götürək elə son dövrlərdə çox müzakirə olunan “Diqlas” ticarət mərkəzinin yanmasını. Daha doğrusu, yanaraq kül olmasını. Fərz edək ki, binada çıxan yanğın hər hansı ehtiyatsızlıq səbəbindən baş verib. İlkin mərhələdə ticarət mərkəzinin yanğın təhlükəsizliyi sisteminin işləməməsi yanğının şiddətlənməsinə və vəziyyətin daha da ciddiləşməsinə səbəb olub.
İkinci məqam isə əraziyə qurumların operativ nəqliyyat vasitələrinin (yanğınsöndürmə, polis, təcili tibbi yardım və s.) daxil ola bilməməsidir.
Hər bir halda əraziyə göndərilən yanğınsöndürmə briqadası yanan binaya rahat yaxınlaşa və işini icra edə bilsəydi, daha az ziyanla vəziyyətdən çıxmaq şansı var idi. Lakin bu mümkün olmadı. Niyə? Çünki ərazidə avtomobillərin qaydasız şəkildə saxlanılması, küçənin kifayət qədər kiçik olması buna mane olurdu.
Bu gün eyni vəziyyət paytaxt ərazisində ucaldılan yeni tikililərin həyətyanı sahələrində də mövcuddur. Binalar tikilir. İstifadəyə hazır olan kimi ərazi bağça, market, restoranlar üçün zəbt edilir. Nəticədə həmin küçələrə mövcud olan giriş-çıxışlar avtomobillər üçün belə çətinləşir, o ki qaldı operativ nəqliyyat vasitələri.
Bəs bu məsələnin həlli üçün hansı tədbirlər görülməlidir? Yüzlərlə insanın yaşadığı hündürmərtəbəli binalar, dəyərli eksponatların qorunduğu muzeylər, minlərlə insanın çalışdığı ticarət mərkəzlərinin təhlükəsizliyi nə dərəcədə qorunur? Baş verə biləcək fövqəladə hal zamanı operativ nəqliyyat vasitələrinin giriş-çıxışı nəzərə alınıbmı? Tikililərə verilən icazələr zamanı bu məqamlar nəzərə alınırmı?
Oxu.Az bu mövzu üzərində kiçik bir araşdırma aparıb.
Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsində mövzu ilə əlaqəli müvafiq maddələr var. Belə ki, tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, müdafiə tələblərinə dair, eləcə də, tikintidə istifadə edilən materialların keyfiyyət dərəcəsini göstərən texniki normativ hüquqi aktlar olmalıdır. Bu, o deməkdir ki, tikintidə istifadə edilən hər bir material baş verə biləcək hadisə zamanı vəziyyətə mənfi və ya müsbət təsir edə bilər.
Tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması vacib məqamdır. Eyni zamanda, yanğından, təbii və ya texnogen xarakterli təhlükədən müdafiə üçün əvvəlcədən tikinti ərazisində və tikinti obyektində təhlükəsizlik məqsədilə qabaqlayıcı tədbirlər görülməlidir.
Mövzu ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayevlə əlaqə saxladıq. E.Babayev saytımıza açıqlamasında bildirdi ki, tikinti sahəsində yanğın təhlükəsizliyinə ciddi nəzarət olunur:
“Diqqətinizə çatdırım ki, mülkiyyət formasından asılı olmayaraq, müxtəlif təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılması zamanı yanğın təhlükəsizliyi tələblərinə riayət olunub-olunmamasının müəyyən edilməsi məqsədilə Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciətlər daxil olur.
Müraciətlər əsasında əməkdaşlarımız tərəfindən sənədlərdə qeyd olunmuş əraziyə baxış keçirilir, hər hansı bir məlumatın dəqiqləşdirilməsi tələb olunduqda müvafiq instansiyalara sorğular göndərilir və yanğın təhlükəsizliyi tələblərinə zidd hallar aşkar edilmədiyi təqdirdə, müsbət rəy tərtib olunaraq müraciətlər cavablandırılır.
Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış torpaq sahəsində inşası nəzərdə tutulan obyektin layihə sənədləri rəsmi qaydada Xidmətə təqdim olunur. Aidiyyəti şöbənin əməkdaşları tərəfindən bu layihə sənədləri öyrənilir və layihə müəssisəsi tərəfindən layihənin işlənilməsində yanğın təhlükəsizliyi standartlarına, norma və qaydalarına riayət edilib-edilməməsi müəyyən edilir.
Bu zaman inşası nəzərdə tutulan obyektin baş planında göstərilmiş ətraf və daxili yollara, yanğına qarşı xarici su təchizatı mənbələrinə, mövcud bina və qurğulara, həmçinin, kommunikasiya xətləri ilə yanğına qarşı ara məsafələrinə, layihə hissələrində isə binadan təxliyyə yollarına, yanğına qarşı avtomatika qurğularının və daxili su təchizatı sistemlərinin, eləcə də, zəruri olan digər tələblərin yanğın təhlükəsizliyi norma və qaydalarına uyğun olaraq layihələndirilməsinə diqqət yetirilir.
Nöqsan aşkar edilərsə, işçi qaydada aradan qaldırılmasına çalışılır. Müvafiq qanunla tənzimlənən müraciətlərə baxılma müddəti ərzində layihə həllərində dəyişikliklərin edilməsi mümkün olmadığı təqdirdə konkret olaraq pozulmuş normativ tələblər izahlı şəkildə qeyd olunan və bu çatışmazlıqların aradan qaldırılmasından sonra müraciət etmələrini tövsiyə edən cavab məktubu ilə layihələr geri qaytarılır.
Yanğın təhlükəsizliyi norma və qaydalarına zidd olan hallar aradan qaldırıldıqdan sonra isə tikinti obyektlərinin layihə sənədlərinə müsbət rəyin verilməsi təmin olunur”.
Belə bir sual yaranır: “Tikintiyə başlanılanda qeyd edilən məqamlar tikinti prosesi çərçivəsində nəzərə alınmır?”
E.Babayev bu məqama da aydınlıq gətirib. O qeyd edib ki, razılaşdırılmış layihə əsasında aparılan tikinti-quraşdırma işləri zamanı qurumun əməkdaşları həmin əraziyə baxış keçirir və mövcud qanunvericiliyə uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan obyektlərin layihəyə uyğun inşasının aparılmasına nəzarət edir. Əgər hər hansı yanğına qarşı norma və qaydanın pozulması halı aşkar olunarsa, sifarişçiyə və podratçı təkilata bununla bağlı məktublar ünvanlanır.
Bundan başqa, E.Babayev tikinti işləri başa çatdıqdan sonra Tikinti və Şəhərsalma Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tikinti obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi aktının verilməsi məqsədilə müvafiq icra hakimiyyətlərindən Xidmətə müraciətlərin daxil olduğunu da diqqətə çatdırıb:
“Müraciət əsasında Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq struktur bölmələrinin mühəndis-inspektor heyəti tərəfindən obyektlərə baxış keçirilir. Razılaşdırılmış layihəyə uyğunluğu öyrənilir, obyektin təyinatına uyğun olaraq orada mövud olan yanğına qarşı avtomatika qurğuları, yəni yanğın xəbərverici siqnalizasiya, yanğınsöndürmə, tüstü xaricetmə və s. qurğuların işlək olub-olmamasının müəyyən edilməsi məqsədilə test edilir. Aparılmış yanğın-texniki müayinəsinin nəticəsindən asılı olaraq müraciətlər cavablandırılır”.
Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi isə bəzi vətəndaşlar tərəfindən yaşayış binalarına aparan və məhəllədaxili yollarda yaradılan süni maneələrdir. Normalara görə, yanğın keçidlərinin eni 3,5 metrdən az olmamalıdır. Yanğın su hovuzlarının, yanğın hidrantlarının isə qarşısında 12m x 12m ölçüdə meydançalar ayrılmalıdır. Təəssüf ki, bəzən yer məhdudiyyəti səbəbindən suyun götürülməsi üçün texnikalar quraşdırıla bilmir, bəzən isə suyu götürə bilsə də, dövr etməsində məhdudiyyətlər yaranır. Bu isə yanğına operativ və effektiv müdaxiləni çətinləşdirir.
E.Babayev bu istiqamətdə çoxsaylı tədbirlərin aparıldığını, vətəndaşlar tərəfindən yaradılan süni maneələrin bir qisminin artıq aradan qaldırıldığını bildirib:
“Bilirsiniz, çox ciddi məqama toxundunuz. Əfsuslar olsun ki, bəzi vətəndaşlar tərəfindən avtomobil yollarının hərəkət hissəsinə beton plitələrin düzülməsi, dəmir dirəklərin basdırılması, yolun hərəkət hissəsində və ya həyətyanı ərazidə bu məqsədlər üçün təyin olunmamış yerlərdə avtomobillərin park edilməsi kimi hallara yol verilir. Bu isə çox ciddi problemdir.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq hər bir vətəndaşın yanğın təhlükəsizliyi qaydalarına əməl etməli olduğunu nəzərə alaraq, yanğın keçidlərində, yanğına qarşı su təchizatı qurğularının, yəni yanğın su hovuzlarının və yanğın hidrantlarının yaxınlığında nəqliyyat vasitələrini park etmənin yolverilməz olduğunu bir daha diqqətlərinə çatdırıram.
Bildirmək istəyirəm ki, binanın həyətyanı sahəsində avtomobillərin pərakəndə şəkildə və təyin olunmamış yerlərdə park edilməsi, hərəkət hissəsinin daralmasına və ya tamamilə məhdudlaşdırılmasına səbəb olur. Bu isə öz növbəsində yanğın yerinə tələsən yanğınsöndürmə avtomobilinin həmin yoldan keçməsini mümkünsüz etməklə, alternativ yol axtarmasına əngəl törədir, əmələ gələn vaxt itkisi səbəbindən isə tez bir zamanda xilasetmə işlərinin aparılmasını və yanğının miqyası və həcmi artmadan söndürülməsini çətinləşdirir”.
Məsələnin digər tərəfi isə yanğın təhükəsizliyi ilə bağlı quraşdırılan sistemlərin işlək vəziyyətdə olmamasıdır. Əfsuslar olsun ki, bu məqam baş verən hər hansı bir kiçik yanğın hadisəsini dəhşətli faciəyə çevirə bilir. Həmin sistemlərin işlək vəziyyətdə olub-olmamasına kim cavabdehdir? Bu halların qarşısını almaq üçün hansı qaydalara əməl etmək lazımdır?
E.Babayevin fikrincə, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə rəhbərləri bu məsələni diqqət mərkəzində saxlamalı və mütəmadi yoxlamalıdır. Lakin təəssüf ki, bu məsələyə hələ də səhlənkar yanaşanlar var:
“Ümumiyyətlə, yanğın təhlükəsizliyi tələblərinə kompleks şəkildə yanaşılmalıdır. Qəbul edək ki, qurğu quraşdırılıb, lakin nasaz vəziyyətdədir. Bu onun yanğının təhlükəli amillərinə reaksiyasını heçə endirməklə yanaşı, eyni zamanda, qarşısının alınmasında istifadəsini mümkünsüz edir. Yəni qurğunun mövcud olması yanğın baş verdikdə istifadə mümkünlüyü demək deyil.
Digər misal, obyektdə daxili yanğın su kranı quraşdırılıb. Onu su ilə qidalandıracaq su mənbəyi, nasosxana olmalı, şlanq və lülələrlə təchiz edilməli və yanğın baş verdikdə bu alət və avadanlıqlardan istifadə edə biləcək şəxs olmalıdır. Yanğın təhlükəsizliyi qaydalarını bilmələrinə, yanğın baş verdikdə ediləcək ilkin hərəkətlərin öyrədilməsinə müəssisə rəhbərləri cavabdehdirlər. Bəzən elə düşünürlər ki, yanğına qarşı avtomatika qurğularının, ilkin yanğınsöndürmə vasitələrinin saz vəziyyətdə olmasına və texniki qulluğun göstərilməsinə cavabdehlik FHN-nin üzərindədir.
Xeyr, bu belə deyil! Respublika ərazisində xüsusi razılığı, yəni lisenziyası olan onlarla müəssisə və təşkilat vardır ki, ilkin yanğınsöndürmə alət və avadanlıqlarının satışı, eləcə də, yanğına qarşı avtomatika qurğularının quraşdırılması və texniki qulluğunu həyata keçirir. Hər bir müəssisə rəhbərinə tabeliyində və ya sahibi olduğu obyektdə mövcud yanğına qarşı avtomatika qurğularına peşəkarlar tərəfindən baxışın keçirilməsini, nasaz qurğuların saz vəziyyətə gətirilməsini, işçilərə yanğına qarşı təlimatların keçirilməsini və digər yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin daim diqqətdə saxlamalarını tövsiyə edirəm”.
Könül Cəfərli