22 
May
2019
09:53
57
338
6809
Virtual karabakh

Homoseksualları niyə qorumalıyıq?

22 May, 2019
09:53
6809

Homoseksualları niyə qorumalıyıq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Ölkəmizdə çox pis bir tendensiya yaranıb. Mən bunu feminizm və homoseksualizm faşistliyi adlandırıram. Qərb ölkələrində vegetarian faşistliyi də var, o, hələ bizə gəlib çıxmayıb. Məsələ nədir? Məlumdur ki, Sovet dövründə homoseksualizm cinayət sayılırdı. Postsovet dövründə isə homoseksuallıq bir cinayət kimi Cinayət Məcəlləsindən çıxarıldı. Lakin homoseksuallara qarşı neqativ münasibət davam edir. Bir fərd kimi homoseksuallığın leqallaşmasının tərəfdarıyam.

Nə zamansa homoseksual nikahlar qanuniləşsə, mən bunu da çox normal qəbul edərəm. Lakin bir insanın homofob olmaq hüququnu da tanıyıram. Azərbaycanda sosial media müstəvisində bir insanın homoseksualların əleyhinə nəsə yazdığı anda başlayan sosial linç mənim üçün homoseksual faşizmindən başqa bir şey deyil.

Homofobizm əsla cinayət deyil, onu da mövcud vəziyyətdə fikir azadlığının bir hissəsi kimi qəbul etmək gərəkdir. Əlbəttə ki, homofoblar insanları homoseksuallar əleyhinə zorakılığa çağırmırsa... Zorakılığa çağırış milli və beynəlxalq hüquq sisteminə görə cinayətdir. Fərq etməz ki, bu zorakılıq hansı millətə, hansı dinin daşıyıcılarına, ya da homoseksuallara istiqamətlənir. Ancaq bir insanın “mən homofobam” dediyi üçün sosial linçə məruz qalması da absurddur və bunu mütləq azadlıq tərəfdarı olduqlarını elan edən homoseksuallar edirsə, ümumiyyətlə, absurddur və faşizm də elə budur.

Bu yazdıqlarımının həm homoseksuallar, həm homofoblar tərəfindən qınananılacağına da əminəm. Qərb ölkələrində bu cür sosial linçlər geniş yayılıb. Lakin bizi Qərb ölkələri ilə müqayisə etmək məntiqli deyil. Sosial sığorta problemi ətrafında müzakirələr aparan bir cəmiyyətik, homoseksuallıqdan daha vacib problemlərimiz var.

Hər şey tarixi inkişafın ritminə uyğun formada inkişaf etməlidir, qış zamanı açan gülləri ölüm gözləyir. 17 may bütün dünyada Homofobiya əleyhdarlığı günü kimi qeyd edilir.

“Homofob” sözünü elmə gətirən psixiatr Georg Veinberq deyir ki, homoseksuallığın müalicəsi yoxdur, amma homofobluğun var. (ABŞ 1973-cü ildə homoseksuallığı ruhi xəstəliklər siyahısından çıxarıb, Dünya Səhiyyə Təşkilatı isə eyni addımı 1990-cı ildə atıb).

Bəli, kimsə homofob ola bilər. Homoseksualizm haqqında bilikləri az olar, daha çox duyğuları ilə düşünər, cəmiyyətin, ailənin, dinin yanaşmasının təsiri altında qala bilər. Misal üçün, homoseksual nikahların qanuni olduğu ABŞ-da 20 il bundan qabaq ölkə əhalinin üçdə ikisi homoseksual nikahların əleyhinə idi. İndi isə rəqəmlər yerini dəyişib, üçdə ikisi dəstəkləyir, üçdə biri əleyhinədir. Zaman keçdikcə insanların bu məsələ ilə bağlı düşüncələri dəyişir, bilikləri artır və homofobiya da azalır. Bu azalma isə sosial linçlərlə olmur.

Cəmiyyətdə tolerant bir mühit yaratmaq üçün maarifləndirmə gərəkdir, nəinki sosial linçlər... Bir insanı homofob olduğuna görə nişangaha qoyursunuzsa, bunun adı faşizmdir.

Eyni tendensiyanı biz feministlərdə də görürük. Və mən heç də Veinberq kimi homobiyanı bir xəstəlik kimi görmürəm. Homofobiyada psixoloji faktorlar da rol oynaya bilir, lakin burada əsas məqam sosioloji amillərdir. Mənə elə gəlir ki, homofobiyaya nifrət qusanlar da elə homofoblar kimi eyni sosial xəstəliyə mübtəladırlar. Bu xəstəliyin adı isə empatiya azlığıdır, səbəbsiz aqressiyadır.

O ki qaldı vegetarian faşizminə, keçən bir il status oxumuşdum. Veqan qız yazırdı ki, sosial mediada qan elanı paylaşıblar, mən qanımı vegetarian olmayan birinə verə bilərəmmi? Qan vermək kimi müqəddəs bir işdə insan fərq qoyursa, bunun da adı faşizmdir.

Faşizmin bütün təmayülləri lənətlənməlidir!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri