22 
May
2019
11:06
90
60
6316
Virtual karabakh

Azərbaycan nə qədər “təhlükəlidir”? - 24 il burada işləyən ingilisin təəssüratı

22 May, 2019
11:06
6316

Azərbaycan nə qədər “təhlükəlidir”? - 24 il burada işləyən ingilisin təəssüratı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün sonra Azərbaycanda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Minlərlə futbol azarkeşi Bakıda London derbisini izləyəcək. Lakin iki nəhəng İngiltərə klubunun Bakıdakı qarşılaşmasına çox az müddət qalmış xoşagəlməz və həqiqətə uyğun olmayan məlumatar yayılıb. 

Bəzi xarici KİV-də Bakının təhlükəli şəhər olduğu iddia olunub. Hətta Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Bakı ilə bağlı xəbərdarlıq edib. 

Halbuki on illərdir İngiltərənin böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ən böyüyü və uzun müddət fasiləsiz fəaliyyət göstərəni isə BP şirkətidir. Əməkdaşlarının böyük əksəriyyəti də əcnəbi vətəndaşlardır. 

BP 1992-ci ilin iyun ayında Azərbaycana gələrək, Bakıda ilk ofisini açıb. Ötən 27 il ərzində Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr həyata keçirilib. Bu müddət ərzində Bakıda, Azərbaycanda Böyük Britaniyanın yüzlərlə, minlərlə vətəndaşı çalışıb, işləyib.

Bəs onlar burada hansısa təhlükə ilə rastlaşıbmı?

Oxu.Az-ın əməkdaşı sualı elə BP-nin əməkdaşına ünvanlayıb.

Həmsöhbətimiz BP-nin Xəzər üzrə geoloji kəşfiyyat işlərinin rəhbəri Qreq Raylidir. O, 1995-ci ildə Azərbaycana gəlib.

Deyir ki, bu illər ərzində paytaxt Bakı daxil olmaqla ölkəmizdə insanların həyatı üçün təhlükəli heç bir hadisənin şahidi olmayıb:

“Azərbaycana ilk gəlişim 1995-ci ildə olub və o vaxtdan da burada çalışıram. Yəni, bu il düz 24 il tamam olur. 2006-cı ildən 2013-cü ilə qədər Bakıda yaşamışam. 2015-ci ildən yenidən Bakıya qayıtmışam və bu günə qədər də burada çalışır və yaşayıram. Amma hətta Sanberidə (London) çalışanda da mütəmadi olaraq Bakıya gəlirdim. 

Təəssüf edirəm ki, Bakı haqqında bu cür məqalə dərc edilib. Mən Bakının heç də təhlükəli şəhər olduğunu düşünmürəm. Burada yaşadığım illər ərzində heç vaxt özümü təhlükədə hiss edə biləcəyim bir vəziyyətlə rastlaşmamışam”.

Rayli Bakı ilə bağlı təəssüratını da danışıb:

“Bakıya ilk gəlişimdə “Hyatt Regency” otelində qalırdım və o vaxtlar orada küçənin o biri tərəfində kiçik bir park vardı. Yanvar, ya da ola bilsin ki, fevral ayı idi. Hava nisbətən soyuq idi, amma mən qərara aldım ki, parkda bir az gəzim. Gəzərkən bir yaşlı kişi ilə tanış oldum. O öz balaca oğlan nəvəsini gəzdirirdi. Onunla söhbətə başladıq və o məni öz evinə çay içməyə dəvət elədi. Getdim və orada onun xanımı və kiçik nəvəsiylə birlikdə bir neçə saat maraqlı vaxt keçirdim. Bu illər ərzində mən Azərbaycanda öz evimdə olduğum kimi tam rahat yaşamışam və tam dəqiq hiss edirəm ki, Azərbaycan mənim ikinici vətənimdir.

Sözsüz ki, bütün digər ölkələrdə olduğu kimi, mümkündür ki, hardasa bəzi məsələlər olsun, amma mən heç vaxt təhlükəsizliklə bağlı neqativ hər hansı bir məqam hiss etməmişəm. Mən hər səhər bulvarda gəzərək istirahət edirəm. 24 il ərzində heç vaxt heç bir insidentlə üzləşməmişəm və şahidi olmamışam”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri