23 
May
2019
11:55
48
146
7554
Virtual karabakh

Övladımızı bir qaşıq suda boğmağa hazırıq, təki biz deyən olsun

23 May, 2019
11:55
7554

Övladımızı bir qaşıq suda boğmağa hazırıq, təki biz deyən olsun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Uşaq doğulan kimi bütün nəsil yığılıb ona ad qoyur. Əşşi, bunlar cavandırlar, nə bilirlər uşağa ad qoymaq nədir? Və ya, yenə “interesni” ad qoyacaqlar, nənənin, ya da babanın adını qoy uşağa, yox e, ən yaxşısı “Quran”dan ad qoyun və s. kimi məsləhətlər. Hətta deyərdim ki, əmrlər. Hünərin var, nəslin sözündən çıx.

Sonra nəsil-kökün məsləhəti ilə uşaq “məsləhətli” bağçaya, sonra “məsləhətli” məktəbə, daha sonra “məsləhətli” instituta gedir, lap sonra “məsləhətli” qız və ya oğlanla ailə qurur. Pəh, konsert də bundan sonra başlayır. Bağçanı, məktəbi, institutu bir təhər yola verən gənc ailə qurmaq məsələsinə gələndə artıq bezir və bildirir ki, ay milllət, mən bu adamı sevmirəm, istəmirəm!

Nəsil-kök də bir ağızdan qışqırır ki, bəs, “qələtini elə, bunu alassan, vəssalam”. Hə, nəsilin sözündən çıxmaq olmaz, yoxsa qaragün edərlər səni. Çoxu da ya nəsilin gücünə təslim olur, ya da çox nadir hallarda başını götürüb qaçır. Bəziləri isə ömürlük dağ çəkir valideynlərinə. Madam ki, övladına nəslin qarşısında sahib çıxa bilmədin, di salamat qal. Mən getdim, amma o dünyaya. Yenə də faciə, yenə də cavan həyata son.

Bu səhər oxudum ki, Rusiyanın Novokuznetsk şəhərində yaşayan Aysel adında həmyerlimizin meyiti çayda tapılıb. Ekspertizanın rəyinə görə, meyitdə zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb. Onu da qeyd edim ki, xeyli vaxt idi ki, Aysel itkin düşmüşdü.

1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızı “Zavodski” polis bölməsində müstəntiq işləyib. Leytenant rütbəsi daşıyıb. Kim bilir, bəlkə də, Aysel sabah Rusiyada çox yüksək vəzifədə çalışacaq, adımızı ucaldacaqdı. Hamımız da onunla fəxr edəcəkdik ki, bax, bizim qızımızdır. Amma buna imkan vermədik. Bəli, hamımız. Çünki bizim üçün əsas odur ki, qız ərə getsin, uşaq doğsun. Özü də biz deyən kişidən. Öz istədiyinə ərə getsə, biabırçılıqdır, olmaz! Ümumiyyətlə, qız qələt edir kimisə sevir. Elə oğlan da.

Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib ki, Aysel bir müddət əvvəl idmançı bir oğlanla nişanlanıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib.

Anlaşılan odur ki, biz dünyanın harasına getsək belə, beynizimdə olan köhnə düşüncələrdən əl çəkməyəcəyik. Mentalitet palazına bürünüb özümüzü də, övladımızı da məhv edəcəyik. Qızlarımızı “məsləhətli” oğlanlara zorla ərə verəcək, oğlanlarımızı da məcburən “məsləhətli” qızlarla evləndirəcəyik. Ailə də bədbəxt olacaq, o ailədə doğulan uşaqlar da. “Məsləhət” məsələsi isə nəsildən-nəsilə ötürüləcək.

Sonra da həsrətlə “Ah Avropa, Avropa” deyirik. Onların təhsillərinə, qurduğu işlərə, bizneslərinə, ailədə olan münasibətlərinə. Amma öz övladımızı bir qaşıq suda boğmağa hazırıq. Təki biz deyən olsun.

Aysel, Allah sənə rəhmət eləsin. Səni bir qaşıq suda biz boğduq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri