23 
May
2019
12:46
300
79
2648
Virtual karabakh

Heydər Əliyev Fondu iftar süfrəsi açdı - FOTO

Heydər Əliyev Fondu mayın 22-də, Ramazan ayında Şamaxı rayonunda iftar süfrəsi açıb.

Oxu.Az xəbər verir ki, Şamaxı Cümə məscidində açılan iftar süfrəsində 300-ə yaxın rayon sakini iştirak edib.

Bildirilib ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub ölkədir. 

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib.

Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək, təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib.

1980-ci ildə bu tarixi abidə təmir edilib.

Şamaxı Cümə məscidi daha sonra Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri