24 
May
2019
21:01
85
151
10190
Virtual karabakh

Yekə-yekə danışanlardan biri nazirə əl uzatdı, əli havada qaldı

24 May, 2019
21:01
10190

Yekə-yekə danışanlardan biri nazirə əl uzatdı, əli havada qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəramət Böyükçöl yazır...

Görürsünüz də, həyat öz əhəmiyyətini necə itirir, içimizdəki işıq get-gedə necə öləziyir, ümidsiz açılan səhərlərin sayı get-gedə necə çoxalır. Siz Allah, son zənglərin maraqsızlığına baxın. Bəs niyə belə oldu? Bəlkə, bütün yalanlarımız ifşa olundu, ona görədir. Məsələn, məlum oldu ki, 11 il bir parta arxasında oturduğumuz dostlara sevgimiz yalandır. Biz heç vaxt ayrılmayacağıq, tez-tez görüşər, oturarıq... Daha heç kim bu cür sözlərə inanmır.

Fakt göstərdi ki, uzağı bir il sonra münasibətlər soyuyur, ayrılırsan. Demək, bizi xoşbəxt eləyən yalanlarmış və demək, 11 il bir yerdə qalmağımız məcburiyyətmiş. İlahi, nə yaxşı yalanı yaratmısan, buna görə şəxsən öz adımdan sənə təşəkkür edirəm.

Yalan olmasaydı, biz necə yaşayardıq? Yalan olmasaydı, 25-30 il bir qadınla eyni yastığa necə baş qoyardıq? Yalan olmasaydı, iş yerimizdə münasibətləri necə düzüb-qoşardıq? Yalan olmasaydı, efirlərimiz nə göstərərdi, saytlarımız nə yazardı? Həqiqətsiz yaşamaq olar, amma yalansız mümkün deyil. 

Məsələn, o da məlum oldu ki, ali məktəbə daxil olmaq arzusu da boş şeymiş. Biz elə bilirdik ki, universitetə girdiksə, vəssalam, bütün qapılar üzümüzə açıldı, yollarımız hamarlaşdı. Bu arzu ilə kitab oxuduq, müəllim yanına getdik, sınaq imtahanları, kurslar, nə bilim, nələr, nələr... Elə bildik ki, özümüzə gələcək quracağıq. Olmadı. Heç bir kitab arası açmayan nadanın biri gəlib məmur qızını aldı, bir göz qırpımında müdir oldu, alim oldu, professor oldu, akademik oldu, sonra da sənə ağıl öyrətməyə başladı. Adamın ürəyi partlamazmı? Adam dəli olmazmı? Bütün bu haqsızlıqları bilən, görən növbəti nəsil həvəsdən, ruhdan düşməzmi və beləcə, içində işıq azalmazmı, öləziməzmi, sönməzmi? Yalan olmasa, özümüzü aldatmasaq, bunlara dözməkmi olar? 

Biri var kor olmaq, biri də var gözlərini yummaq. Bizdə adamlar gözlərini yumub yaşayır. Biz müalicəsinə 5-3 manat tapılmayan adamların baş daşına iki dəqiqənin içində tapılan pul qədər miskin varlıqlarıq. Bizim oksigenimiz yalandır. Yalanla qidalanırıq. Bəlkə də, dünyada ən kədərli şey toyuğu tutub kəsmək üçün onun qabağına dən tökməkdir. O dən dünyanın ən kədərli yalanı deyilmi? Bizim də qabağımıza tökülən dənlər yalandır, aldanışdır. 

Belə bir dünyada yaşamaq həssas insanlar üçün zülmdür, əzabdır, işgəncədir. Amma yaşayırsan, nəfəs alırsan, hər gün işə-gedib gəlirsən, sevmədiyin adamların üzünə gülürsən. Biz yalan danışanda yox, həqiqəti deyəndə peşman oluruq, özümüzü bağışlamırıq ki, niyə düz danışdım? Çünki adamı yalan danışdığına görə yox, həqiqəti dediyinə görə cəzalandırırlar.

İnsanlar arasında münasibətləri tənzimləyən, daim nizam-intizamda saxlayan da yalandır, saxtakarlıqdır. Həqiqəti deyən kimi aləm bir-birinə qarışır, dava düşür. Amma yalanı deyirsən, mehribançılıq olur, hırıldaya-hırıldaya yaşayırsan, gedir. 

Mənimlə istər mətbuatda, istərsə də həyatda yekə-yekə, saymazyana danışan adamları özlərindən yekələrin yanında necə əzilib-büzüldüyünü, miskin bir vəziyyətdə aciz-aciz altdan yuxarı baxdığını görəndə, düzü, ləzzət alıram. Həmin adamlardan biri o gün tədbirdə nazirə əl uzatdı, nazir onun əlini almadı. Pərt olmasın deyə fırlanıb əlini yanındakına uzatdı. Guya əvvəldən ona salam verirdi. Tərslikdən yanındakının da gözü nazirdə idi deyə havada yellənən ələ fikir vermədi. Ümumiyyətlə, inanmıram bu mənzərəni kimsə görsün, çünki hamının gözü nazirdə idi. Mən isə diqqətlə baxırdım, adam bilmədi əlini neyləsin, axırda cibinə qoydu. Və utanmaz-utanmaz o əllə tədbirin axırına kimi nazirə əl çaldı, axşam da gedib qızının saçlarını sığallayacaq. 

Görürsünüzmü, yalandır. Guya o adam naziri çox istəyir? Vallah, nifrət eləyir. O nazirə əl çalanların, onu alqışlayanların biri də həqiqət deyil, hamısı yalandır. O adamlardan biri həqiqəti desə, müsibət olar, işdən qovular. Yalan olmasa, bizim evimiz-eşiyimiz də olmaz, uşaqlarımız ac qalar. Əslində, insan ən çox yaltaqlandığı adama nifrət edir, şəxsi təcrübəmdən danışıram.

Adamlar olub ki, məcbur olub ona yaltaqlanmışam, onu görən kimi müti bir görkəm alıb tez kostyumumun orta düyməsini bağlamışam, əllərimi arxamda cütləmişəm. Halbuki içimdə ona nifrət edirəm. Məni öz qarşımda bu qədər alçaltdığı üçün əlimdə əlac olsa, lopası ilə onun gözünün içinə tüpürərdim. Ancaq bacarmıram, neyləyim? Alınmır. Həqiqəti desəm, bayquş kimi tək qalacağam. 

Ata da yalandır, ana da, bacı-qardaş da, dostlar da, həyat yoldaşı da yalandır. Bircə uşaqlar həqiqətdir. Bircə onlar yalan danışa bilmir. İlahi, bəs körpələr böyüdükcə içləri niyə kirlənir, yaşa dolduqca niyə hiyləgərləşir, bicləşir? Əvvəlcə ata-anası, sonra məktəb, sonra isə universitet niyə onu mükəmməl bir yalanşünas kimi yetişdirir? Niyə gül kimi tərtəmiz bir uşaq böyüyüb deputat olur, professor olur, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 30 kitab müəllifi olur, axırda da hırıldaya-hırıldaya yox olub gedir? Niyə adamlar murdar bir varlıq kimi doğulub məsum körpə kimi ölmürlər?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri