İyl
2014
15:20
42
4
2745
Virtual karabakh

Ramin Məmmədov: Kitablarımın qəhrəmanları Azərbaycanı bütün dünyada tanıdır – MÜSAHİBƏ + FOTO

3 İyl, 2014
15:20
2745

Ramin Məmmədov: Kitablarımın qəhrəmanları Azərbaycanı bütün dünyada tanıdır – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən öz işimin vurğunuyam”.

Oxu.Az oxucularına “Peşəkar” rubrikasının növbəti qonağını – Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ehtiyatda olan polis mayoru, publisist Ramin Məmmədovla müsahibəni təqdim edir. O, artıq 35 ildir ki, Azərbaycanın xaricdə təbliğatı və Rusiyada yaşayan həmvətənlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə məşğuldur.

Vətənpərvərlik anlayışını hərə öz istədiyi kimi ifadə edir. Amma Ramin Məmmədovun kitablarını oxuyarkən anlayırsan ki, bu təvazökar insanın elədiyi əsl vətənpərvərlikdir...

Onun kitabları gözəl insanların ömür yollarında uzun və sonsuz səyahətə bənzəyir, bu, Azərbaycanın dahi oğullarından, gözəl və qədim ölkəmizdən, onun zəngin mədəniyyəti və unikal ənənələrindən danışılan publisistik və ensiklopedik oçerklər toplusudur. Onun kitablarının qəhrəmanları bizim müasirlərimiz, Rusiyada yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanda doğulub və yaşayan rus və rusdillilərdir.

- Hər vaxtınız xeyir, Ramin müəllim! Həyatınızın əsas məqamları haqqında danışın, zəhmət olmasa.

- Mənim həyat yollarımın başlanğıcı oğuzların qədim yurdu Qəbələyə qədər çatır. 1957-ci il aprel ayının 18-də Qəbələnin Bum kəndində, kolxozçu və müəllim ailəsində anadan olmuşam. Doğma kəndimizdə səkkizillik məktəbi bitirmişəm, sonra Bakıya köçüb “Razin” qəsəbəsində peşə məktəbində oxumuşam, sonra isə Balaxanı təmir-maşınqayırma zavodunda (TMZ) işə düzəlmişəm. 

Sonra hərbi xidmətdə olmuşam. SSRİ Silahlı Qüvvələri sırasında hərbi xidmət keçərək, “Otliçnik Sovetskoy Armii” fərqlənmə nişanı ilə təltif edilmişəm.

Bakıya qayıtdıqdan sonra doğma zavodumuzda tornaçı işləməyə başladım. Təəssüf ki, Bakıda nə ali məktəbə, nə də ki, Daxili İşlər Orqanlarına işə daxil ola bilmədim. Bu isə mənim ən böyük arzum idi.

Ona görə də çox fikirləşmədən 1979-cu ildə Vətəndən uzaqda bəxtimi sınamaq qərarına gəldim. Arzumu həyata keçirmək üçün Rusiyaya yola düşdüm. Nijnevartovska yola düşəndə əlimdə kitabla dolu iki çamadan var idi. Tanışlarımdan biri orda oxuya biləcəyəmi soruşanda düşünmədən “bilmirəm, amma el arasında cücəni payızda sayarlar” dedim.

Yad şəhərdə mən bir neçə ay Tikinti montaj idarəsində çilingər işlədim.

Sonra isə hüquq mühafizə orqanlarında işləməyə başladım.

-  Yəni demək olar ki, sizin gənclik arzunuz həyata keçdi – siz hüquq mühafizə orqanlarında işləməyə başladız. Bunun necə baş verdiyini danışardız.

- 1980-ci ildən 1992-ci ilə qədər Daxili İşlər Orqanlarının xətti bölməsində Nijnevartovsk dəmir yolu stansiyasında: əvvəl milis, sonra komandir, sonra növbətçi kimi işə başladım.

Bununla paralel olaraq Tümen partiya komitəsi nəzdində Marsizm-leninizm Universitetində oxuyurdum, bu universiteti 1985-ci ildə uğurla bitirdim.

1985-1988-ci illərdə SSRİ DİN-in milis məktəbinin Nijnetagilsk filialında təlim keçərək, orta-ixtisas hüquqi təhsili almışam.

1990-cı ilin mart ayından Nijnevartovsk-1 Sosialist əmlakın oğurlanması ilə mübarizə şöbəsində əməliyyatçı vəzifəsinə təyin edildim.

Qeyd edim ki, öz vəzifəmə həmişə məsuliyyətlə yanaşmışam, dəfələrlə təhlükəli canilərin həbs edilməsində iştirak etmişəm. Buna görə isə “Otliçnik milisi” DİN idarə mükafatı, eləcə də “SSRİ DİN 10 il mükəmməl xidmətə görə” medalı ilə təltif edilmişəm.

Leytenant rütbəsi ilə Bakıya təyin edilərək Qaradağ rayon Polis İdarəsinə növbətçi təyin edildim. Sonra burada sahə rəisi və baş sahə inspektoru oldum.

1994-cü ilə qədər dəfələrlə döyüş bölgələrinə – Qarabağa, 1993-cü ildə ölkənin cənub rayonlarına ezam edildim. Gecə və gündüz həmkarlarımla Bakıda fövqəladə vəziyyətdə işləyirdik.

Daxili orqanlarda iş həyatımın 24 ilini həsr etmişəm. Mənim xidməti işim 2004-cü ilə qədər davam edib. Sonra isə mayor rütbəsində öz xahişimlə ehtiyata çıxdım.

- Ramin müəllim, hüquq mühafizə orqanları əməkdaşını, sənəti yazıçılıq fəaliyyətindən uzaq olan bir adamı əlinə qələm götürməyə nə vadar etdi? Bu, nə vaxtdan sizin sənətiniz oldu?

- Yazıçı söz ustasıdır. Mən uşaqlıqdan atamın – Hüseyn Məmmədovun qəlbimdə yer tutan müdrik, səmimi sözlərini eşitmişəm. O, kənd müəllimi idi, amma el arasında ona hörmətlə “Müəllimlər müəllimi” deyirdilər. O, həqiqətən böyük şəxsiyyət və yalnız ailə üzvləri üçün deyil, həm şagirdlər, həm də kəndlilər üçün nümunə idi.

Atam tez-tez “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq mərd kişinin işidir!” atalar sözünü təkrar edərdi. O mənə başqalarının yaxşı keyfiyyətlərini görməyi öyrədib. Və mən təəssüratlarımı bölüşmək, gördüklərimi danışmaq istəyirdim. Anlayırdım ki, bunu yalnız mətbuat vasitəsi ilə edə bilərəm. Ona görə də jurnalistika ilə məktəb illərindən maraqlanmağa başladım.

İlk məqalələrim 1971-ci ildə, yuxarı sinif şagirdi olduğum zaman işıq üzü gördü. O zamanlar mən “Qalibiyyət” rayon qəzetində məktəb həyatı, istehsalat qabaqcılları, səfərlər haqqında məqalələr yazırdım. Mənim məqalələrimin adından onların məğzi aydın idi – “Gənc mexanizator”, “Ballı nənə özünü işsiz təsəvvür etmir”, “Şəkiyə ekskursiya” və s.

Təbii ki, bu yolda qazandığım ilk uğur məni həvəsləndirdi. Və mən yazıçı olmağı düşündüm. Artıq hekayələr yazmağı qərara aldım.

Nijnevartovskda Daxili İşlər Orqanında xidmət və təhsillə yanaşı mən yaradıcılıq sahəsində də peşəkarlığımı inkişaf etdirirdim. Mən ikiillik jurnalistika kurslarına getdim, bu kurslar “Leninskoye znamya” şəhər qəzeti nəzdində keçirilirdi. Sonra isə bu qəzetdə ştatdankənar müxbir kimi fəaliyyətə başladım.

Mənim məqalələrim müxtəlif nəşrlərdə çap edilirdi: “Tümen həqiqəti”, “Tümen komsomolçusu”, “Ezamiyyət”, “Varta”, “Neftçi”, “Azərbaycan gəncləri”, “Hərbi postda”, “Bakinski raboçi”, eləcə də Moskva qəzet və jurnallarında dərc edilirdi.

- Ramin müəllim, sizi 35 ildir məşğul olduğunuz işə sövq edən hadisələrdən danışardınız: əsasən də ölkəmizin və həmvətənlərimizin xaricdə təbliğatından. Yəqin ki, sizin fəaliyyətinizin başlanğıcı o dövrdə ittifaq dövlətində baş verən müəyyən tarixi hadisələrlə əlaqədardır...

- Siz haqlısınız. Qeyd edim ki, mən həmişə fəal ictimai mövqedə olmuşam, başqa cür bacarmazdım da. İndi isə 1987-ci ilin hadisələrini xatırlayanda indiyə qədər ədalətsizliyi hiss edirəm. Mən Qorbaçovun hərəkətini deyirəm, o qibtə hissindən bizim liderimizi, dahi azərbaycanlı Heydər Əliyevi – SSKP MK Politbürosunun üzvünü vəzifədən çıxardı.

Bu baş verən zaman mən Nijnevartovskda işləyirdim. Biz hamımız o zaman həmvətənimizin SSRİ hakimiyyətində yüksək vəzifə tutması ilə fəxr edirdik. Və biz gözləmirdik ki, bir müddət sonra Qorbaçovun göstərişi ilə onu mətbuatda qaralamağa başlayacaqlar.

Mən SSKP MK Politbürosuna məktub yolladım, amma cavab almadım. Mən məktublar hazırlayıb Kremlə yolladım. Mən bu məktublarda Heydər Əliyevin görkəmli dövlət və partiya xadimi olduğunu, bütün həyatını xalqına və Vətəninə həsr edən biri olduğunu yazırdım. Bunu işıqlandırmaq lazım idi, axı həqiqəti yazanda mətbuata da inam artır.

Politbürodan dediyim kimi cavab olmadı. O zaman mən bu barədə məktubları “Pravda” qəzetinə yollamağa başladım. Qəzetdən hər dəfə mənə çıxarışlar gəlirdi, mən isə buna baxmayaraq redaksiyaya məktublarımı göndərməyə davam edirdim.

Tezliklə bir adamın təqibi, bir millətin təqibinə çevrildi.

Dağlıq Qarabağ ətrafında baş verən hadisələr azərbaycanlılar üçün həm Vətəndə, həm də Rusiyada zərbə hədəfinə çevrildi. Ümumittifaq mətbuatında birtərəfli kampaniya başladı. Azərbaycanlıları varvar, erməniləri isə “əziyyət çəkən millət” kimi təsvir edirdilər.

Mən burada da susmadım. Publikasiyalarımla baş verən hadisələri aydınlaşdırmağa, oxuculara həqiqəti çatdırmağa çalışdım. Qarabağda baş verənlərdən, Xocalıda erməni vəhşiliklərindən yazdım. Bir çoxları sözlərimə qulaq verdi.

- Nə zaman kitab yazmağa başladız? Qəhrəmanlarınız kimlərdir?

- Publisistika ilə artıq Bakıda, 1992-ci ildə məşğul olmağa başladım. Kitablarımın baş qəhrəmanları Azərbaycan oğullarıdır. Onların arasında həm tarixi şəxsiyyətlər, həm də müasirlərimiz var.

Mən keçmiş illərin görkəmli azərbaycanlıları – şairlər, yazıçılar, rəssamlar, müğənnilər, bəstəkarlar, məşhur hərbi sərkərdələr və dövlət xadimləri: Nizami, Füzuli, Şirvani, Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov, Hacı Zeynalabdin Tağıyev, Yusif Məmmədəliyev, Hüseyn Naxçıvanski, Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Əziz Əliyev, Səməd Vurğun, Bülbül, Rəşid Behbudov, Həzi Aslanov, Sabit Orucov, Qara Qarayev, Tahir Salahov, Müslüm Maqomayev və digərləri haqqında oçerklər seriyası və ensiklopedik məqalələr yazmışam.

Bu siyahını həmçinin ölkəmizdə doğulan və işləyən, amma milliyyətcə azərbaycanlı olmayanlar: məşhur kəşfiyyatçı Rixard Zorge, fizikaçı-alim Lev Landau, general B.Vannikov, professor Y.Popov, dövlət xadimi Nikolay Baybakov davam etdirə bilər.

- Bizim hansı müasirlərimiz kitablarınızın qəhrəmanlarına çevrilir?

- Mən Rusiyanın şəhərlərinə səfərlər və bu şəhərlərdə yaşayan, işləyən həmvətənlərimiz haqqında yazıram.

1998-2013-cü illərdə 30-dan çox səfər etmişəm və azərbaycanlıların yaşadığı Rusiya şəhərlərində 100-dən artıq tədqiqat işi aparmışam. Mən onlardan, onların əmək fəaliyyətindən, ikinci vətənlərinə çevrilmiş ölkənin inkişafında rolundan danışıram.

Müxtəlif peşə sahibi olan yüzlərlə həmyerlimizlə görüşmüşəm. Onların arasında iş adamları, pedaqoqlar, həkimlər və hüquq mühafizə orqanlarının əməkdaşları, fəhlələr və deputatlar, diaspora təşkilatlarının rəhbərləri və KİV redaktorları, yerli icra strukturlarının rəhbərləri, alimlər, generallar və jurnalistlər var.

Bizim həmvətənlərimizin sahib olmadıqları peşə yoxdur. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəlirlər, fəal ictimai fəaliyyətlə və xeyriyyəçiliklə məşğul olurlar. Və bir dəqiqə olsa belə öz köklərini unutmurlar. Baxmayaraq ki, tale elə gətirib ki, onlar tarixi vətənlərində yaşamayırlar, amma onların bütün əməlləri və düşüncələri vətənləri ilə bağlıdır.

Mən onların əməkləri, bilikləri, istedadları ilə Azərbaycanı bütün dünyada tanıtmaları barədə yazıram. Və istəyirəm ki, mənim kitabımı oxuyan hər kəs görkəmli Azərbaycan xalqımız üçün qürur hissi duysun, çünki məhz xalq ölkəni təmsil edir.

- Bu günə qədər neçə kitabınız işıq üzü görüb? Onlar necə adlanır?

- Bu gün üçün 25 kitabım işıq üzü görüb. “Yaddaşın izi ilə” (1995), “Bakıdan Moskvaya” (1999), “Moskva: onlar əslən Azərbaycandandırlar” (2002), “Rusiyanın şəhərlərinə səyahət” (2004), “Doğmalarının axtarışında” (2004), “Azərbaycan qədim şəhərdir” (2005), “Azərbaycanlılar vətən uğrunda döyüşürdülər” (2005), “Dostluq bağları” (2006), “Həmvətənlər” (2007, 2008, 2009), “Həmvətənlərimiz Tümen vilayətində” (2007, 2008), “Bir torpağın adamları” (2008), “Rusiyanın qəlbində” (2009), “Alim əsri” (İ.A.Muxtarov haqqında), “Müharibə yox, sülh” (2010), “Odlar Yurdunun oğulları Rusiya tarixində” (2013), “Asayiş keşikçiləri” (2013) və s.

- Ramin müəllim, öz əməyinizlə gözəl ölkəmizin, xalqımızın təbliğatı işinə böyük əmək sərf edirsiz. Kitablarınız Azərbaycan və Rusiya arasında dostluq körpülərinə əsas yaradır. Bu ağır işdə sizə kim yardım edir?

- Mən işimin vurğunuyam. İşimdə özüm kimi insanlar mənə yardım edir. Sevinirəm ki, işimi yüksək qiymətləndirirlər. Dəfələrlə müxtəlif mükafatlar almışam, Azərbaycan və Rusiya arasında millətlərarası məsələlərin müzakirə edildiyi müxtəlif qurultay və konqreslərə dəvət almışam. Hər bir yaradıcı insan kimi mənə də əməyimin layiqincə qiymətləndirildiyini görmək xoşdur.

- Ramin müəllim, oxucularımıza nə arzu edərdiz?

- Məncə əsas ali təhsilli adam olmağa çalışmaqdır. Bunun üçün mümkün qədər çox kitab, qəzet və jurnal oxumaq lazımdır. Hər zaman bilik səviyyəsini yüksəltmək, nail olduğunuzla kifayətlənməmək, irəliləmək lazımdır. İstərdim ki, oxucularımız öz xalqının tarix və ədəbiyyatını öyrənsinlər. İndi bunun üçün sərhədsiz imkanlar mövcuddur. Oxucularınıza cansağlığı arzu edirəm. Bu, həqiqətən əvəzsiz nemətdir, onu qiymətləndirmək və qorumaq lazımdır.

- Müsahibə üçün təşəkkür edirəm, sizə davamlı yaradıcılıq uğurları arzu edirəm.

P.S. Ramin Məmmədovun kitabları kimi əsərlər təəssüf ki, müasir ədəbiyyat məkanında nadir haldır. Gündəlik çətinliklərdən uzaqlaşmaq istəyi ilə çoxları əyləncə ədəbiyyatını oxumağa çalışır, onları ciddi ədəbiyyat və publisistikadan üstün tutur. Amma onun kitabları hamımız üçün vacibdir, belə ki, onlar cəsarət, xeyir və səmimiyyətin nümunələrini nümayiş etdirir, bizdə vətənimiz, xalqımız və ölkəmiz üçün qürur hissini alovlandıracaq qığılcımı alışdırır.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri