28 
May
2019
17:32
322
66
25954
Virtual karabakh

Məzələnirsiniz?

Tural Yusifov yazır...

Mən bu DYP-ni başa düşə bilmirəm. Bu gün bir açıqlama yayılıb.

Bu kimi suallara Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az vasitəsilə cavab verib.

Şöbə rəisi bildirib ki, avtomobillərin arxa qapılarına pərdə və plyonka çəkilməsinə görə sürücülər barədə inzibati qaydada tənbeh tədbiri görülməyəcək. Yəni yol polisi belə avtomobilləri idarə edən sürücülərə qarşı cərimə tətbiq etməyəcək.

“Lakin bir daha bildirirəm ki, söhbət yalnız arxa sağ və sol qapı şüşələrindən gedir”.

Bir neçə dəfə oxuyuram və heç nə anlamıram. Həmin saytda 27 may 14:54-də yenə eyni məzmunda məqaləni oxuyuram:

“Son günlər şəhərdə əksər sürücülər maşınların yan şüşələrinə plyonkalar vurmağa başlayıblar. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, qanunda elə bir dəyişiklik yoxdur.

“Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməyib. Bizim sürücülər fürsətdən istifadə edirlər, yəqin. Kimsə mövsümi pərdə vurulması ilə bağlı məsələdən istifadə edirlər. “Yol hərəkəti haqqında” Qanuna edilən 1 saylı Əlavədə yalnız mövsümlə əlaqəli pərdə və jalüzə icazə verilir. Plyonka vurulursa, bu, artıq qanunun tələbinin pozulmasıdır”, - deyə Vaqif Əsədov bildirib.

Məzələnirsiniz?

Eyni adam bir gün vaxt aralığı ilə iki fərqli açıqlama verir. İndi vuraq, ya yox?

Əvvəla, bir məsələyə aydınlıq gətirmək istəyirəm. Əgər bu plyonka zəhrimara qalmış icazəlidirsə, indiyənə qədər yazılmış protokollar nə olacaq? Bu günlə həmin protokol yazılmış o biri vaxt arasında nə fərq var? Hər ikisində eyni qanun qüvvədə idi. Nə baş verdi? DYP indiyə qədər yazılmış protokollara görə üzr istəyib, kompensasiya ödəyəcəkmi? İnsanlardan 150 manat cərimə yığılıb. Bunu kim qaytaracaq? Qaytaracaqsa, nəyin hesabına qaytaracaq?

Keçək əsas məsələyə. Mən bununla bağlı dəfələrlə açıqlama vermişəm ki, bu, mənasız bir söhbətdir. Arxa yan şüşələrin qaralığı təhlükəsizlikdə rol oynamır. Amma qanunda və xüsusən AZS 122-2004-də açıq-aydın yazılıb ki:

“Bu Qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, avtomobillərdə sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr üçün - 75 faiz
Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 faiz

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

Yəni sən arxa görüntü şüşəsində nə istəyirsən, edə bilərsən. Pərdə, 100 faiz plyonka, jalüz və ya 100 faiz sənaye üsullu qara şüşə. 

Axı, həm də qanun deyir ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Bu gün şəhərdə alın şüşəsindən başqa bütün şüşələri qara olan avtomobil görmüşəm. Özü də 95-ci ilin “C-Class” avtomobili.

İndi kimə inanaq?

Həqiqətən, Vaqif Əsədovun belə açıqlama verdiyini bilmirəm. Amma qanunla yaşayan insanam. Hazırda AZS 122-2004 standartına, YHQ 1 saylı Əlavənin 7-ci bəndinə heç bir dəyişiklik edilməyib.

Bəli, beynəlxalq təcrübədə sürücünün arxa görüntü şüşəsi normallaşmır və plyonka vurula bilər. Amma bizdə hələlik AZS 122-2004 və YHQ 1 saylı Əlavə işlək vəziyyətdədir. Bunu heç kim ləğv etməyib. Milli Məclisdə söhbət edilib, amma qanunvericilik səviyyəsində deyil.

Mən qanuna inanıram. 24 saat ərzində iki fikir söyləmək, məncə, doğru deyil və çaşdırıcıdır. Hazırda qüvvədə olan qanuna əsasən, avtomobil şüşələrinin yalnız arxa görüntü şüşəsinə və alın şüşəsinin yuxarı hissəsinə şəffaf və rəngli plyonka vurulması icazəsi var. Digər şüşələr QANUNLA QADAĞANDIR!!!

Bu bir zarafata oxşayır. Ola bilər ki, qanunu dəyişmək istəsinlər. Belə bir məqsəd olsun. Amma qanunla plyonkaya hazırda icazə yoxdur. Və V.Əsədovun açıqlaması qanunun tələbinin pozulmasına dəlalət etmir. Cənab Əsədovun açıqlaması qanundan üstün deyil. 

Hazırda DYP əməkdaşları cəriməni, ola bilər ki, hansısa texniki səbəbdən yazmırlar. Məsələn, elektron protokolda həmin xana yoxdur. Ola bilər ki, belədir. Bilmirəm. Amma yazılmaması qəribədir. Məncə, bu, texniki xətadır. Ümid edirəm, V.Əsədov yanlış anlaşılmanı aradan qaldıracaq. Yox, əgər əksinin sübutu varsa, sübutlarını təqdim etsin. Mənim sübutum dəyişməyən qanun və bu videodur.

Bu videoya baxın. 2013-dən bu yana qanunda heç nə dəyişməyib. Qaza gəlib plyonka vurmayın.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri