İyn
2019
19:53
46
118
8062
Virtual karabakh

Qazonda istirahət etmək olar, lakin ehtiyatlı olun

7 İyn, 2019
19:53
8062

Qazonda istirahət etmək olar, lakin ehtiyatlı olun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yayın gəlişi ilə tez-tez belə suallar yaranır: “Şəhər ərazisindəki, o cümlədən, Bakı bulvarındakı qazonlarda cərimələnmədən istirahət etmək olar? Şəhərdə köynəksiz gəzmək ictimai asayişin pozulması sayılır?”

Bu yaxınlarda “Facebook”da bir gəncin qızlarla birlikdə Fəvvarələr meydanında köynəksiz gəzdiyini əks etdirən video yayılmışdı.

Xəbər saytları dərhal videonu paylaşdı və cəmiyyətdə yenə də iki düşərgə yarandı – mühafizəkar və liberal. Bəlkə də, şəhərdə köynəksiz gəzmək sosial eksperiment idi, bəlkə də, yox.

Əhalinin böyük əksəriyyətində ictimai asayişin pozulması barədə anlayış belə yoxdur. Hər kəsin öz “qayda pozuntusu” anlayışı var və bu da “əxlaq çərçivəsi”nə, mentaliletə əsaslanır. Qanun kütlənin yazılmamış qaydalarına və mentalitetə əsaslana bilərmi?

Bəs qanun nə deyir?

Əvvəlcə onu deyək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə, qanunvericiliyə, qanun qarşısında bərabərliyə əsaslanır.

Məcəllənin 5-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Lakin hətta hüquqşünaslar da Məcəllənin 510-cu maddəsinin (Xırda xuliqanlıq) təsiri altına hansı nalayiq hərəkətlərin düşdüyünü dəqiq müəyyənləşdirə bilməyiblər.

Xırda xuliqanlıq ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər deməkdir. Bu hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Tanınmış vəkil Vüqar Xasayev Oxu.Az-a açıqlamasında bildirib ki, əgər bir şəxs qəsdən soyunaraq küçədə gəzərsə, bu, cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyin nümayişidir:

“O, ətrafdakı insanların diqqətini cəlb edir, onları qəzəbləndirir, hətta dava-dalaşa təhrik edir. Digər tərəfdən, hamının çimərlik paltarında olduğu istirahət zonasında geyinmək də normal qəbul edilmir. Hər şey olduğun ərazidən asılıdır”.

V.Xasayev əlavə edib ki, Bakıda bikinidə gəzən turisti görməzdən gəlmək olar. Çünki bu, avropalılar üçün normaldır. Onlar digər dünyəvi ölkədə çimərlik paltarında küçəyə çıxmaqla cəmiyyətə meydan oxuduqlarını düşünmürlər. Onları burada kim tanıyır ki?

Yeri gəlmişkən, bir neçə il əvvəl Bakı bulvarında çimərlik paltarında olan bir qadının şəkli çəkilmiş və bu fakt da diqqətdən kənarda qalmamışdı.

Vəkilin fikrincə, Fəvvarələr meydanında köynəksiz gəzən gəncin hərəkətində xuliqanlıq yoxdur, hərçənd onun bu görkəmdə insanlar arasında olması heç də qəbuledilən deyil:

“Ölkənin inzibati qanunvericiliyinin təkmil olmadığını demək olar – bəzi məsələlər dəqiq müəyyənləşdirilməyib. Eyni zamanda, hər bir presedent qanuna baxılması üçün əsas yaradır. Yəni qanunvericilər müəyyən hərəkətin kütləvi şəkildə təkrarlanmasının ağır nəticələrə səbəb olduğunu qəbul etdikdə dərhal qanunun sərtləşdirilməsi barədə qərar qəbul edəcəklər. Buna görə də məhkəmə günahlandırılan şəxsin hərəkətində pis niyyətin olub-olmadığını əsas götürərək qərar qəbul edir. Vətəndaşın hüquq və azadlıqlarına gəlincə, unutmaq olmaz ki, “sənin hüququn başqasının hüququnun başladığı yerdə bitir”. Ümumiyyətlə, bu, ayrıca müzakirə mövzusudur”.

Yeri gəlmişkən, “xuliqanlıq” termininin maraqlı tarixçəsi var. XVIII, ya da XIX əsrdə London yaxınlığındakı Sausvork şəhərciyində pis ad çıxaran Xuliqanlar ailəsi yaşayıb. Onlar Patrik Xuliqanın başçılığı ilə bütün hüquq və əxlaq normalarını pozaraq quldurluq edir, müxtəlif cinayətlər, qətllər törədirdilər.

Tezliklər quldurların soyadı londonluların leksikonuna daxil olur. Onlar şəhərdə qayda pozuntusuna yol verən hər kəsi “xuliqan” adlandırmağa başlayıblar.

İcra Hakimiyyəti əleyhinə deyil...

Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, qazonlarda gəzməyi və istirahət etməyi qadağan edən hər hansı normativ akt yoxdur.

Bununla belə, biz tez-tez İH nümayəndələrinin istirahət zonalarında qazonları əzməməklə bağlı xahiş etdiklərini görürük.

İcra Hakimiyyətindən deyiblər ki, qazon mütəmadi ayaqlanarsa, məlum olduğu kimi, orada ot bitməz:

“Otu yetişdirmək üçün isə gübrə qismində heyvan peyinindən, həmçinin, kimyəvi məhlullardan istifadə edirik. Əgər vətəndaşlara gübrə və kimyəvi məhlulların üzərində uzanmaq xoşdursa, buyursunlar. Onlara yalnız xəbərdarlıq etmək olar ki, bunu etmək xoşagəlməz haldır”.

Əlbəttə ki, polis ot üstündə uzanmağı qadağan edə bilməz, lakin siz onun tələbini yerinə yetirməyəndə münaqişəyə səbəb ola bilərsiniz. Bu halda isə sizin hərəkətinizə Məcəllənin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən qiymət veriləcək.

Yəni soyunmaq olar, amma ehtiyatlı olun...

Bakının mərkəzində çimərlik

Bununla yanaşı, dünyada - Rio-de-Janeyrodan tutmuş Osakaya qədər – şəhər daxilində çimərlik zonaları yaradılması təcrübəsi var. Burada qızıl qum üstündə uzanaraq Günəş vannası qəbul etmək olar. Bakı bulvarı isə bunun üçün bütün imkanlara malik olsa da, şəhər çimərliklərinin siyahısına daxil ola bilməyib.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Oxu.Az-a açıqlamasında bildirib ki, bulvar ərazisinin gələcəkdə çimərlik kimi fəaliyyət göstərməsi ilə bağlı hələlik hər hansı layihə və ya plan yoxdur.

Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğu nəticəsində fikirlərin ayrıldığı məlum olub: bəziləri hesab edir ki, bulvarda Günəş vannası qəbul etməyə şərait yaratmaq yersizdir. Lakin Dənizkənarı Milli Parkda çimərlik istirahəti üçün ayrıca zonanın yaradılması fikrini dəstəkləyənlər də var.

Turizm ekspert Kənan Hənifəyev isə Oxu.Az-a bildirib ki, Bakı bulvarı ərazisi çimərliyə çevrilsə, bu, şəhər turizmi üçün yeni bir mərhələ olacaq:

“Bəzi ölkələrdə bulvar ərazisi çimərlik kimi fəaliyyət göstərir. Turistlərin ən çox sevdiyi istirahət növlərindən biri də dəniz-qum-Günəş sintezidir. Belə istirahət okean, dəniz sahilləri, bulvarlar, çay və göl sahillərində mümkündür”.

Onun sözlərinə görə, Abşeron sahillərinin müəyyən qismi bu tələblərə cavab versə də, nəticə etibarilə yüksək qiymətləndirilmir. Buna baxmayaraq, sahillərdə dənizdə baş verən neqativ halları aradan qaldırmaq mümkündür:

“Dünya təcrübəsində bu kimi hallar olub və müsbət həllini tapıb. Dənizkənarı Milli Park ərazisindən çimərlik məqsədilə istifadə olunması üçün ilk növbədə dənizin müəyyən hissəsi mazut və neft tullantılarından təmizlənməli, şəhərin kanalizasiya sisteminin axın istiqaməti dəyişdirilməlidir”.

Ekspert əlavə edib ki, Milli Park ərazisindəki çimərlik öz unikallığı ilə yay mövsümündə, əsasən, postsovet ölkələrindən yetərincə turist cəlb edə  bilər:

“Bu, Bakı turizmi üçün bir növ yeni mərhələ olacaq. Yəni turist həm şəhərin tarixi ilə maraqlanacaq, həm də yaxın məsafədə yerləşən dəniz sahilində istirahət edib əylənəcək. Buna bir şəhərdə çoxnövlü istirahət deyə bilərik. Bu, ölkə iqtisadiyyatı üçün valyutanın stabil geniş axını deməkdir”.

K.Hənifəyev bulvar ərazisi ilə yanaşı, alternativ təklifini də səsləndirib:

“Əgər dənizin təmizlənməsi böyük zaman alarsa, bulvar ərazisində sahilboyu böyük hovuz yaratmaq da olar”.

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev də bulvar ərazisini çimərliyə çevirmək üçün bir çox işlərin aparılmalı olduğunu vurğulayıb:

“Bu təcrübə müxtəlif ölkələrin paytaxt şəhərlərində mövcuddur. Burada əsas şərtlərdən biri də ekoloji təmizlik, gigiyenik standartlara əməl olunmasıdır. Dünyada “Mavi bayraq” hərəkatı (Avropa İttifaqının “Çimərlik suyu direktivi”nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən nümunəvi xidmət göstəricisi - red.) var və hər il iyunun 1-də çimərliklər bunun üçün akkreditasiyadan keçirilir.

Burada ilk növbədə ekoloji təmizliyə əməl olunmalı, gigiyena standartları tətbiq edilməli və təhlükəsizlik təmin olunmalıdır. İstərdik ki, əvvəlcə bizim mövcud çimərliklərimiz “mavi bayraq” hərəkətinə qoşulsun və bu keyfiyyət nişanını alsın”.

Ramella İbrahimxəlilova, İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri