İyn
2019
15:00
128
35
4584
Virtual karabakh

Ata “qayğısı”

8 İyn, 2019
15:00
4584

Ata “qayğısı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

“Tərbiyənin məqsədi uşaqlarımızı bizsiz yaşamağa öyrətməkdir”. (Ernest Lequve)

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Mirzə Ələkbər Sabirin bu misraları hələ məktəb illərindən yadımızdadır. Dahi şair dövrünün bloqeri və “influencer”i olub, sarkazmla fikirlərini şeir şəkilində ifadə edib, cahilliklə mübarizə aparıb. Əgər Sabirin və dövrünün klassiklərinin əsərlərini oxusanız, görəcəksiniz ki, 100 ildən çox keçib, amma dəyişən yalnız texnologiyalar olub, bəziləri elə həmin zəka ilə yaşayırlar. Müəyyən dəyişikliklər olsa da, hətta ailə içərisindəki münasibətlər və tərbiyə üsulları müasir dövrün tələblərinə uymayaraq, transformasiya olmadan qalır.

O gün şəhərin mərkəzində baş verən bir hadisənin şahidi oldum. UEFA Avropa liqasının final oyunu ilə əlaqədar Sahil bağının yan tərəfindəki yolu - Rəşid Behbudov küçəsindən “Sahil” metrostansiyasına kimi olan hissəni DYP əməkdaşları bağlamışdılar. O küçə yol hərəkətində çox istifadə olunan yol da deyil, yalnız məktəb və bəzi ofislərin “parkovka”sı və əməkdaşlarının yolu funksiyası daşıyır. “Gelandewagen” ilə gələn cavan oğlan oraya sürmək istədi. DYP əməkdaşı vəziyyəti anlatsa da, sürücü anlamaq istəmədi və başladı polis əməkdaşını hədələməyə. Bilirsiniz də, belə hallarda nə səbəb gətirirlər: “Bilirsən, mən kimin oğluyam?”

Bunu eşidəndə Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsindən bir epizod yadıma düşdü:

Bir dəfə bir nəfər dəftərxanaya gəlib katibdən öz kağızından dolayı məlumat istəyir. Katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:

-  Mirzə, mənim kağızımı, mümkün isə, yaz, aparım.
-  Dayan, bu saat yazaram, əlimdə özgə iş var.
-  Bilirsiniz, mən Həsən ağanın qohumuyam?

Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı.

-  Doğrudan, Həsən ağanın qohumusan?
-  Doğrudan.
-  Sən Allah, Həsən ağanın qohumusan?
-  Vallah, doğru deyirəm.
-  Sən həzrət Abbas, Həsən ağanın qohumusan?
-  Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
-  Deyinən sən öl, Həsən ağanın adamıyam.
-  Sən öl, Həsən ağanın adamıyam.
-  Bəs elə isə gəl, min mənim boynuma. Neyləyim, Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan.

Nə isə, polislə həmin oğlan 15 dəqiqə mübahisə etdi, amma polis də axıra kimi sözündə durdu və onu buraxmadı. Heç buraxa da bilməzdi, çünki o zaman dövlət tədbirinin təhlükəsizliyini pozmuş olardı. Bəlkə, buna görə işdən də qovardılar. Onun da ailəsi, uşaqları, kreditləri, bəlkə də, ipoteka ödəmələri var. Axı həmin oğlan günahı hiss edərək onun köməyinə gəlməyəcək. Həmin 15 dəqiqə ərzində “Gelandewagen” yolun ortasında duraraq, hərəkətə mane oldu. Bilmirəm, kameralar onu qeydə alıb, cərimə göndərdi, ya yox.

Bunu danışmaqda məqsədim nədir? Bu vəziyyəti müşahidə edərək çalışdım həmin sürücü - “papa oğlu”nun psixologiyasını anlayım. Bu fikrə gəldim ki, günah onda deyil, o, uşaqdır, günah onun böyüyündədir, yəni atasındadır. Çünki onun tərbiyəsi belə verilib. Ata da, ana da uşağının xoşbəxtliyini istəyir. Amma çox zaman onların bu “xoşbəxtlik” anlayışı yanlış olur. Tərbiyə isə ilk növbədə qanunlara və qaydalara, ətrafdakılara hörmət deməkdir. Amma o yazıq uşaq nə bilsin?! Evdə bişməyib, qonşudan gəlməyib.

Əgər imkanın genişdirsə, pulun çoxdursa (Allah hamıya qismət eləsin), uşağına yaxşı tərbiyə və təhsil ver. Çox sayda təlimçilər tut, qoy, onu adam eləsinlər. Amma əksər hallarda nəyə şahid oluruq?! Uşaq guya təhsil alır, pul verir ki, oxumasın. Xarici ölkələrdə hamı pul verir ki, oxusun, təhsil alsın, gələcəyini qursun, uğurlu olsun. Bizdə isə valideyn pul verir ki, övladı oxumasın, yalnız diplom alsın. Sonra da pul verib, tapşırıb gəlirli yerə düzəldir.

Sovet zamanlarında Tibb İnstitutu ən çox korrupsiya olan və ən bahalı ali məktəb idi. Elə ona görə bu gün tibb sahəsi bərbad gündədir. Nə tökərsən aşına, o da çıxar qaşığına.

Elə yollarımızı götürək. Yenə həmin məsələ. Sürücülük vəsiqəsini hər yolla almaq, amma nəbadə oxumamaq. Heç olmasa, “Youtube”da videolara baxın, öyrənin, öz təhlükəsizliyiniz haqqında düşünün. Hər iki halda çətin vəziyyətlər insanların ölümü ilə nəticələnir.

Bəziləri rəy yazacaq ki, başqa cür mümkün deyil. Bu, özünə bəraət qazandırmaqdır və “dədə-baba qaydası” adlanır. Yadımdadır, məktəbi bitirəndə sürücülük vəsiqəsi almaq üçün imtahanlara hazırlaşırdıq. 17 yaşım vardı. Təhsil-İstehsalat kombinatının sürücülük məktəbində iki il oxumuşdum. İmtahan qabağı müəllim dedi ki, ya tapşırıq olmalıdır, ya da “düşün tasa”. Mən də birinci variantı seçdim, yəni tapşırılmaq. Amma dayım Bakıda deyildi, ona görə özüm cəhd etməyə qərar verdim. Həm nəzəriyyə, həm də idarəetmədən yaxşı qiymətlər aldım. Digərləri isə müəllimlə sövdələşdilər.

Yəni bunu danışmağın məqsədi odur ki, bunu bizim genimizə yazdırıblar, başqa yolu seçmək istəmirik, düşünürük ki, başqa yol yoxdur.

Varlı olduqca təvazökar olmaq lazımdır. Öz imkanını onun-bunun gözünə soxmaq deyil, onu xeyirli işə yönəltmək lazımdır. Bir də ki, var-dövlət qanuna və qaydalara hörmətsizlik etmək üçün verilmir.

Yuxarıdakıları oxuyub tənqidə sevinən və varlıları söymək istəyənlərə bir az soyuq su çiləyim. Buna bənzər halları heç də varlı olmayanların sıralarında da görürəm. Əzab-əziyyətlə pul qazanır, gecə-gündüz işləyir, amma yenə də uşaqlarını oxutdurub savadlı etmək əvəzinə, pul qarşılığı diplom və iş alır. Yenə də uşaqlarına düzgün yol göstərmirlər. Belə adamları heç anlamıram.

Valideyn övladının xoşbəxtliyini istəyirsə, ona azadlıq verib ilk növbədə təhsil almaq, sonra isə özünün öz iş və şəxsi həyatını özü quraraq həyat yolunu özü seçməlidir.

Əgər MDB-nin digər ölkələrindəki zəngin həmyerlilərimizə diqqət yetirsək, görərik ki, onların əksəriyyəti məktəbi bitirib, həmin ölkəyə oxumağa gediblər. Çoxu kasıb ailənin uşaqlarıdır. Uğurlu olmalarının səbəbi isə odur ki, çətin vəziyyətdə olduqlarından, yalnız özlərinə gümanı olur, ya yaşayacaq, ya “öləcək”. Çətin vəziyyətə düşərək, sınaqlardan keçərək, xalq sözü ilə desək, “başı daşdan-daşa dəyərək” insan həyatı anlayır, mübarizə aparır və çıxış yolu tapır.

Həyat - mübarizədir!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri