İyn
2019
12:14
33
160
10174
Virtual karabakh

“Ağca”nın geyimini Ermənistan bayrağı kimi görənlər

7 İyn, 2019
12:14
10174

“Ağca”nın geyimini Ermənistan bayrağı kimi görənlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Əslində, düşmənə qarşı elə düşmən olmaq lazımdır. Bəli, düşmənə qalib gəlmək lazımdır. Amma bunu da ağılla eləmək gərək. Ən azı ona görə ki, qisas alarkən axmaq vəziyyətə düşməyəsən. O ki qala indiki dövrdə.

Biri Bakıda eyvana çıxır, siqaret çəkməyə, Parisdəki qohum-əqrəba uşağın ata-anasına zəng edib deyir ki, bəs uşağınız siqaret çəkir. Sözüm onda ki, indiki müharibə dediyimiz artıq çoxdan informasiya müharibəsidir. Çoxları isə öz “qəhrəmanlıq”larını telefona çəkib yükləyirlər internetə. Əslində, mübarizə üçün pis vasitə deyil. Amma əql istifadə olunsa. Bir az da savad olsa, lap yaxşı olar.

Son zamanlar gənclərimiz yaman bayraq yandırırlar. Bayrağı yandırmaq protest deməkdir. Yəni bu yolla öz münasibətini bildirirsən. Bizimkilər də elə hey Kolumbiyanın bayrağını Ermənistanın bayrağı adı ilə yandırırlar. Protest edirlər etməyinə, di gəl ki, ünvanı bir balaca səhv salırlar. Qafqaz yerinə mesajı Cənubi Amerikaya göndərirlər. Deyirəm yaxşı ki, Kolumbiya Respublikası bu kimi hərəkətlərə siyasi don geyindirmir. Amma bizimkilər hər işə don geyindirməyi bacarır. 

Deməli, bu yaxınlarda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaqlar üçün bayram şənliyi keçirilib. Nağıl qəhrəmanlarından “Ağca” da şənliyə qatılıb, uşaqları əyləndirib. Maraqlı olsa, “Ağca və yeddi cırtdan” cizgi filminə baxın. Ən çox da personajın geyiminə diqqət edin. 

“Ağca”nın əynində mavi və sarı rəngdən ibarət don və arxalıq var. Uşaq şənliyinə qatılan bizim “Ağca” da elə geyinib. Və ən maraqlı məqam bundan sonra başlayıb. Bəzi vətəndaşlarımız başlayıb ki, bu nədir belə? Siz bu rənglərin vəhdətindən ibarət geyimlə Ermənistanın bayrağını təqdim edirsiniz. Bizim uşaqlara Ermənistanı təbliğ edirsiniz! Bəs sizin qanınıza tüpürsünlər.  O qıza deyin, əynini dəyişsin. Utanmazın biri utanmaz! 

Mənə çox maraqlıdır ki, niyə bəzi vətəndaşlarımızın gözünə hər yerdə erməni bayrağı görünür. Bu şübhə, bu münasibət haradandır?! Niyə zənn edirlər ki, müharibə şəraitində olan Azərbaycan dövləti düşmən olduğu ölkənin bayrağını, rəmzini hər yerə sancacaq?! Niyə gənclərimiz bayraq yandıranda, elə Kolumbiyanın bayrağını yandırır? Niyə bəzi vətəndaşlarımızın mübarizəsi belə bayağı və dayaz olur? Niyə bəziləri düşmənlə yox, elə bizimlə mübarizə aparır?

Əgər çantanızın üstündə qırmızı-sarı-mavi rənglər varsa, mütləq sizi ermənipərəsliktdə ittiham edəcəklər. Bundan əmin olun. Daha sonra ittihamçı özünü III Dünya Müharibəsinin qalibi kimi aparır ki, bəs gördünüz, mən dünyanın ən böyük hiyləsini aşkarladım. Bütün ölkəni mənfur plandan xilas etdim.  

Xalqımızın tragikomik nümayənlərinə buradan səslənmək istəyirəm. İnanın ki, siz boş-boş rənglərə diqqət edərkən, digərləri döyüş meydanında, idman yarışlarında, elmi olimpiyadalarda ermənilərə qalib gəlir. Və onların belə şeylərə fikir verməyə qəti zamanı yoxdur. Bəlkə, siz də bir işin qulpundan tutsanız, düşmənə qalib gələ bilərsiniz.

Bəlkə də, sizin könlünüzdə dahi bir modelyer dəfn olunub. Rənglərin seçiminə bu qədər diqqət yetirməyinizin başqa nə səbəbi ola bilər ki?!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri