15 
İyn
2019
20:50
460
44
13051
Virtual karabakh

Pilot qardaşlar: Uşaqlıqdan atamızın peşəsinə böyük maraqla yanaşmışıq

Atalarının davamçısı olan iki qardaş - söhbət bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə məşhurlaşan pilot qardaşlar - Qulam və Kamran Balaxanovlardan gedir. Adətən, bir ailədən çıxan uşaqların eyni deyil, fərqli peşələrə sahib olduqlarına şahid oluruq. Bu dəfə isə maraqlı məqamla rastlaşdıq.

Qulam və Kamran Balaxanov qardaşları 1996-cı ildə təyyarənin kabinəsində çəkdirdikləri bu fotonun gələcəkdə onların həyatında önəmli rol oynayacağını ağıllarına belə gətirməzdilər. İllər keçsə də, qardaşların səmaya olan sevgisi tükənməyib.

Oxu.Az “Azərbaycan Hava Yolları”nın (AZAL) gənc pilotları Qulam və Kamran Balaxanov qardaşları ilə müsahibəni təqdim edir:

Qulam Balaxanov 1990, Kamran Balaxanov isə 1991-ci ildə Bakı şəhərində anadan olublar. Orta məktəbi bitirdikdən sonra Aviasiya Akademiyasına daxil olan qardaşlar atalarının peşəsini davam etdirmək üçün mühəndis-pilot fakültəsində təhsil alıblar. Artıq üç ildir ki, “Azərbaycan Hava Yolları”nda pilot kimi fəaliyyət göstərən Balaxanovların bu peşəyə olan marağını öz dillərindən eşidək.

- Necə oldu ki, hər ikiniz pilot olmaq qərarına gəldiniz?

Qulam Balaxanov: Uşaqlıqdan atamızın peşəsinə böyük maraqla yanaşmışıq. İşdən qayıtmağını gözləyirdik ki, ona suallar verək. Atamızı həmişə pilot formasında görmüşük. O, bizim bir növ kumirimiz olub.

Kamran Balaxanov: Qardaşımla tamamilə razıyam. Çünki atam bizim bu sahəyə olan marağımızı görürdü. O, özü də bizə bu işdə kömək edirdi, bizi düzgün istiqamətə yönləndirdi. Nəticəsi isə göz qabağındadır. Atam təhsilimizə olduqca həssas yanaşıb. Bu peşənin bütün incəliklərini öyrənməyimiz üçün əlindən gələni edib.

- Spesifik sahə olması ilə yanaşı, həm də risklidir.

Kamran: Əslində, bütün sahələrdə risk var. Lakin digərləri ilə müqayisədə ən təhlükəsizi elə hava nəqliyyatıdır.

Qulam: Bizim işimizdə eyni ailənin üzvlərinin eyni uçuşda iştirakına icazə verilmir. Hər hansı hadisə baş verərsə, eyni ailənin bir neçə üzvünü riskə atmamaq üçün belə qruplaşdırırlar. Məsələn, qardaşımla mən eyni anda uçuş etmirik.

- Ən uzun məsafəli uçuşunuzda evdən nə qədər uzaq qalmısınız?

Qulam: Elə çətinliyimiz olmur, çünki uçuşlarımız uzunmüddətli deyil. Səhər uçuşumuz varsa, təxminən günün sonunda artıq evdə oluruq.

- Ailəlisinizmi? Ümumiyyətlə, peşəniz ailənizə vaxt ayırmağa mane olmur ki?

Qulam: Ailəliyəm. Xeyr, mənə görə heç bir problem yaratmır. Hər şeyə vaxt ayıra bilirik.

Kamran: Mən subayam (gülür). Düşünürəm ki, gələcəkdə ailə qursam da, vaxt baxımından heç bir problem yaşamaram.

- Yay mövsümündə uçuşların çoxluğu çətinlik yaratmır ki?

Kamran: Yay istirahət mövsümüdür. Bu ərəfədə uçuşlar çox olduğu üçün yorğunluq da olur. Pilotların əksəriyyətində əsas problem yuxusuzluqdur. Qrafik çox olanda belə hal normaldır. Bunun öhdəsindən gəlmək üçün planlaşdırma aparılır.

- Yuxusuz olduğunuz halda uçuş həyata keçirmisiniz?

Kamran: Xeyr, çünki buna icazə yoxdur. Yorğun və yuxulu halda pilotları uçuşa yazmırlar.

Qulam: Əksinə, əgər pilotun sabah uçuşu varsa, hər hansı bir səbəbdən özünü yorğun, yuxulu, halsız hiss edirsə, rəhbərliyə müraciət edir. Bütün bunlar nəzərə alınır və onu növbətçi pilotlardan biri əvəz edir. Amma belə hallar çox nadir hallarda yaşanır. Çünki əgər səhər uçuşumuz varsa, bir gün öncədən bunu nəzərə alaraq kifayət qədər istirahət edirik, yuxumuzu alırıq. Heç bir problem yaşanmır.

Ümumiyyətlə, biz mütəmadi olaraq həkim müayinələrindən keçirik. Bu, birmənalı olaraq hər kəsin riayət etməli olduğu məqamdır. Uçuşa çıxan pilotlar isə həkimlər tərəfindən xüsusilə yoxlanılır. Hər hansı problem olarsa və ya həkimlərin rəyi əsasında uçuş zamanı səhhətində problemlərin yaranma ehtimalı olarsa, həmin pilot uçuşa buraxılmır. Biz heç vaxt belə bir problemlə rastlaşmamışıq.

- Uçuş zamanı qarşılaşdığınız ən mürəkkəb problem hansı olub?

Qulam: Uçuş zamanı yaşanan əsas problemlər hava şəraiti ilə bağlı olur. Biz də bunu daha əvvəldən müşahidə edirik. İki saat öncədən uçuşa hazırlaşırıq. Enmə zamanı güclü külək, zolağın qarla örtülməsi, ildırım kimi problemlər meydana çıxır. Çox nadir hallarda texniki problemlər olur ki, onu da texniki işçilərin köməyi ilə aradan qaldırırıq.

Kamran: Qardaşımla tamamilə razıyam. Hər altı aydan bir pilotlara təlimlər keçirilir. Ehtimal olunan bütün problemlər süni şəkildə yaradılır və həlli yolları izah edilir. Eyni zamanda, təyyarələrin xüsusi yoxlanılma prosesi var. 

- Təyyarə havada olarkən mühərrikin sıradan çıxdığı hal olub?

Kamran: Belə bir vəziyyətlə qarşılaşmamışıq. Ümumiyyətlə, bu və ya digər ekstrim vəziyyətlərdən heç kim sığortalanmayıb. Amma xarici ölkələrdə bir mühərriklə təyyarənin heç bir hadisə baş vermədən hava limanına eniş etdiyini eşitmişik. Əgər hava çox küləkli deyilsə, bir mühərriklə təyyarəni endirmək mümkündür. Hətta küləksiz havada hər iki mühərriki dayanmış təyyarəni də yerə yaxın məsafələrdə qəzasız endirmək olar. Bu kimi halları nəzərə alaraq təlimlər zamanı bizə alternativ çıxış yolları öyrədilir.

- Heç sərnişinlərdən biri “bomba həyəcanı” deyərək ajiotaj yaradıb?

Qulam: Yox, heç kim elə risk etməz (gülür). Birincisi, “Azərbaycan Hava Yolları” nəinki sərnişinləri, eləcə də öz əməkdaşlarını ciddi şəkildə yoxlayır və təhlükəsizliyə tam zəmanət verir. Ona görə təyyarə havada ikən belə hadisənin baş verməsi imkansızdır. Gecikmə ola bilər, bunun da hansı səbəbdən olduğu barədə dispetçerə məlumat verilir.

Kamran: Bomba və ya hər hansı partlayıcı maddə ilə bağlı heç nə olmayıb, ola bilməz. Amma bəzən içkili sərnişinlər olur, bir qədər narahatlıq yaradırlar. Bəzən də təzyiq fərqi səbəbindən sərnişinlərin vəziyyəti qısamüddətli pisləşir. Bunun üçün təyyarədə bütün zəruri dərman preparatları mövcuddur. Təyyarə bələdçiləri belə hallarda sərnişinlərə kömək edir.

- Sizi yan-yana pilot geyimində görən əməkdaşlar necə reaksiya verir?

Qulam: Bəzən bu, olduqca maraqlı vəziyyət ala bilir. Bir dəfə atam, qardaşım və mənim eyni gündə fərqli istiqamətlərə uçuşlarımız olmuşdu. Üçümüz də eyni vaxtda hava limanına daxil olanda zarafatca dedilər ki, deyəsən, sizdə evdə heç kim qalmayıb, hamınız gəlmisiniz (gülür).

- Pilotların pensiya yaşı uçuş sayına, yoxsa yaşa görə təyin edilir?

Kamran: Əslində, hər pilot üçün təyyarənin tipindən asılı olaraq uçuş sayı dəyişir. Biz idarə etdiyimiz təyyarədə limit uçuş sayı 30 gün ərzində 100, il ərzində isə 900 saat olmalıdır. Ədalətsizlik olmasın deyə, pilotların uçuş vaxtları tənzimlənir. Hər bir pilotun uçuş saatı onun gecə-gündüz uçuşlarının, enmələrin sayına görə tənzimlənir. 5000 saat uçuş həyata keçirən pilotlar təqaüdə göndərilir.

- Uçuş zamanı quşlar problem yaradır?

Qulam: Bəzən şahin, qartal kimi böyük quşlar təyyarənin pəncərələrinə çırpılır və şüşədə çatlar yaranır. Bəzən də quşlar pərlərin içərisinə daxil olur.

- Bəs təyyarə havaya qalxandan sonra sərnişinlərin pilot kabinəsinə yaxınlaşdığı hallar tez-tez olur?

Qulam: Elə hal olanda buna təyyarə bələdçiləri nəzarət edir. İsrarla təyyarə havada ikən “Mən pilotu görəcəyəm” deyən sərnişin olmayıb (gülür).

Kamran: Sərnişinlər içkili olanda belə hallar olur. Qardaşımın dediyi kimi, belə olanda biz yox, bələdçilər vəziyyəti ələ alır. Hava limanına endikdən sonra isə həmin sərnişin aidiyyəti üzrə aeroportun hüquq-mühafizə orqanlarına təhvil verilir.

- Təyyarə havada olarkən maraqlı hadisə baş veribmi?

Qulam: Maraqlı hadisələr olur. Amma bizim yox, başqa ölkədə belə bir hadisə olmuşdu. Tələbə oğlan təyyarəyə minəndə zarafat məqsədilə yüklərinin arasında bomba olduğunu demişdi. Bütün yoxlamalardan keçməsinə baxmayaraq, sırf o sözə görə həmin sərnişinin bileti ləğv edilib, özü isə təyyarəyə buraxılmamışdı. Araşdırma nəticəsində zarafat olduğu ortaya çıxsa da, aviaşirkət əsassız narahatlıq yaratdığı üçün o sərnişinin adını “qara siyahı”ya salıb. Bu gün də həmin şəxs o aviaşirkətə məxsus təyyarələrdə uça bilmir.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri