14 
İyn
2019
21:10
20
91
6826
Virtual karabakh

Evdə bişməyib, qonşudan gəlib

14 İyn, 2019
21:10
6826

Evdə bişməyib, qonşudan gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Hamı sual verir ki, niyə Azərbaycanda “Apple Pay”, “Google Pay” və onların üzərindən smartfonun NFC çipi ilə ödəmə mümkün deyil. Eyni sual da ola bilər ki, niyə mobil operatorlar hələ də “eSim” texnologiyasını təklif etmir. İki simli “iPhone” (biri eSim-dir) satılır, amma biri işləyir.

NFC (Near field communication - yaxın kontaktsız rabitə) - yaxın əlaqə texnologiyasıdır, radiotezliklərdən istifadə edən cihazlar arasında kiçik radiusda (təxminən 10 santimetr) müəyyən məlumat ötürən antenadır.

Aldığım məlumata görə, nəhayət ki, bir neçə yerli bank “Apple” və “Google” ilə danışıqlara başlayıb. Banklar onlardan sertifikat almalıdır. Yəqin ki, gələn il mümkün olacaq. Gec də olsa, proses başlayıb.

Bu günlərdə bir bank təmassız kart əvəzi stiker təqdim etdi. Yəni smartfonunun üstünə yapışdır və özünü telefondan ödədiyin kimi hiss et. Təqdimatda bunları eşidəndə, mən də yanımdakılara dedim ki, bütün dünya smartfonlardan ödəyir, bizdə isə stiker təklif edirlər. Niyə axı?

Mən də fikir edib analiz etməyə başladım. Azərbaycanda “e-gov.az” layihəsi ilə dövlət xidmətlərinin elektronlaşması dövründə niyə biz hələ də plastik daşımalıyıq? Niyə fiziki SİM-card alıb, telefona qoymalıyıq?

İlk problem budur ki, hər yerdə kontaktsız POS-terminallar yoxdur, olan yerlərdə yenə də dədə-baba qaydası ilə kartları terminala soxub ödəniş aparırlar. Bir tanınmış marketlər şəbəkəsində bir ara kontaktsız ödəmələr edilirdi. Bir-iki ay keçəndən sonra yenə köhnə qaydaya qayıtdılar. Soruşanda dedilər ki, müdiriyyət icazə vermir. Hətta bu yaxınlarda bir yerdə kontaktsız ödənişdən sonra məndən çekin üzərinə qol çəkməyi xahiş etdilər! Hələ bu harasıdır?!

Bir ay öncə xaricdən qonağım gəlmişdi. İçərişəhəri gəzərkən kafelərin birində hesab vermək istəyəndə, dedilər ki, POS-terminal işləmir, təklif etdilər, gedib ATM-dən pul çıxarım. Mən də özümü təqdim etdim (yəni bloqer olduğumu dedim) və administratoru çağırdım. Qısa söhbətdən sonra, POS-terminal işlədi, enerjisi yox idi. Amma heç ondan istifadə edə bilmirdilər. Aldım, özüm ödəməni etdim, özü də kontaktsız. Adamların əlində müasir texnika, amma işlədə bilmirlər və ya istəmirlər.

Bir nəfər tanışım post yazmışdı ki, Nyu-Yorkda küçədə bir oğlan gitarada mahnı ifa edirdi. Gedib-gələn də pul atırdı. Deyir, mən də dedim ki, qaqaş, bağışla, nağd pulum yoxdur. O da çantasından POS-terminal çıxarıb dedi ki, heç bir problem yoxdur. Məncə, ABŞ-da dilənçilərə də pulu köçürmək olar.

Bu yaxınlarda oğlum üçün xarici pasport almaq istəyirdik. “ASAN xidmət”də növbə çox idi, getdik OVİRə. Ödəniş etmək istəyəndə dedilər ki, ancaq nağd. POS-terminal yoxdur. Hələ ofisin içində bankomat da quraşdırılıb. Bunlara deyəndə ki, ölkə rəhbərliyi nağdsız ödənişləri dəstəklədiyi anda necə ola bilər ki, dövlət qurumunda bu olmasın, səbəb gətirdilər ki, bəzən pulu qaytarmalı oluruq. Xəbərləri yoxdur ki, POS-terminalda revers funksiyası var, yəni pulu karta qaytarmaq olur. Bax, bunu banklar onlara aydınlatmalıdırlar.

Başqa bir məqama toxunum. Pensiya, maaş günlərində bankomatların önündə böyük növbələr var. Hamı pulunu qəpiyinə kimi nağdlaşdırır. Sonra da evdə saxlayır, nağd ödəniş edir. Bunun səbəbləri ilk növbədə yerli bankların müştəriləri ilə işləməməsindən irəli gəlir, yəni heç kartdan istifadəni bilmirlər. Bəzən yaşlı adamlar, bankomatın önündə yoldan keçəndən xahiş edir ki, onun pensiyasını çıxarsın, ona PİN kodu da deyir. Qarşısına dələduz çıxsa, nə olacaq?

Yaşlı nəsili anlamaq olar, bəs gənclər? Axı onlar da az istifadə edir. İlk bank kartımı 1993-cü ildə Türkiyədə oxuyanda almışdım. O zamanlar hələ bir bank uşaqlar üçün kartlar düşünmüşdü ki, uşaqlıqdan istifadə edərək həm alışsın, həm də bankın gələcək müştərisi olsun.

10-12 il əvvəl, yeddi yaşlı oğlum mənim bank kartlarımla ödənişlərimi görəndə, o da istədi. Mən də banklarla danışdım, dedilər 18 yaşına çatmamış mümkün deyil. O zaman işlədiyim bankın sədrinə zəng edərək təklif etdim ki, uşaqlar üçün kartlar emissiya etsinlər. Müzakirə etdik, ideya xoşuna gəldi, ilk elə onlar etdilər. Biz də onun birinci müştərilərindən olduq. Oğlumun 18 yaşı tamam oldu, dedi ki, elə həmin bankın kartını alacaq.

Deyəcəksiniz ki, kartla ödənişi hər yerdə etmək mükün deyil. 10 ildən çoxdur ki, 80 faiz ödənişlərimi kartla edirəm. Son zamanlar, demək olar ki, hər yerdə bu mümkündür, xırda həyət mağazaları istisna olmaqla.

Necə ki tələb təklif yaradır, eləcə də, təklif tələb yaradır. Yəni sözümün məğzi odur ki, təki müştəri bundan istifadə etsin, satıcı da məcbur olub qəbul edəcək.

Onu da biləsiniz ki, Mərkəz Bank tərəfindən lotereya oyunu keçirilir. Kartdan ödənilən hər beş manat bir lotereyadır. Uduş isə 50 manatlıq prizlərdir. Bəlkə, heç xəbəriniz yoxdur. Hardan biləsiniz ki?! Heç olmasa bir lotereya alın da!

Mobil operatorlara gəldikdə isə, onların buna getmədiyi aydındır. Hələ “eSim” dəstəkləyən smartfon yalnız “iPhone”dur. Əslində, artıq tətbiq etməyə başlaya bilərlər. “eSim” daha ucuz başa gəlir, fiiziki kart almağa ehtiyac yoxdur. Onsuz da nömrəni yenə pula satacaq. Ya daha çox gəlir əldə edə bilər, ya da ucuz edər, bəlkə də, pulsuz. Bir də artıq smart saatlarda bu texnologiya olduğu üçün, müştərilər hələ saatlarına da nömrə alacaq. Pul xəzəl kimi tökülüb, yığışdıran lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri