15 
İyn
2019
00:31
87
223
31126
Virtual karabakh

Səhər acqarına su içməyin faydası yoxdur - Həkim isbat edir

15 İyn, 2019
00:31
31126

Səhər acqarına su içməyin faydası yoxdur - Həkim isbat edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhər yuxudan oyanan kimi acqarına, boş mədəyə bir stəkan su, hətta bəzən limonlu su içməklə orqanizminə fayda verdiyini düşünənləri bu xəbər məyus edəcək.

Sən demə, çox zaman hətta dietoloq və həkimlərin tövsiyə etdiyi bu metod əsassız imiş.

Medicina.az xəbər verir ki,uroloq-androloq həkim Behnam Kazemi bu barədə fikrini elmi şəkildə əsaslandırıb:

“Bu məsləhətin dünya təbabətində, ədəbiyyatında heç bir mənbəyini tapa bilməzsiniz. Hansı alimin, həkimin bunu tövsiyə etdiyini, kimin bu məsləhəti verdiyini bilmirəm, amma səhər acqarına su içməyin sağlamlığa heç bir faydası yoxdur, əksinə, zərəri var. Bunu mən insan anatomiyası, həzm prosesini bilən bir həkim kimi deyirəm, bunu elm deyir.

Birincisi, təbiət mədəyə öz pH mühitini verib və onun öz qanunları var. Mədə şirəsi pH-ın səviyyəsini 4-5 arasında saxlayır. Hesab edin ki, səhər acqarına pH-ı sıfır olan suyu - amfoteri götürüb turşunun üzərinə tökürsünüz. Turşu pH səviyyəsini daha da qaldıraraq qələvi mühitinə çatdıracaq. Təsəvvür edin ki, mədənin selikli qişası, bütün hüceyrələri, bütün fəaliyyəti pH üzərində qurulub. Bədən insan yatandan sonra səhərə kimi mədədə bu mühiti yaradır, saxlayır, amma insan durub bir stəkan su içməklə onu məhv edir. Bunun hansı tibbi faydası ola bilər?”

Onun sözlərinə görə, mədənin pH mühiti qələvi mühitə çevriləndə beyinə siqnal gedir ki, burada işləmək lazımdır, orqanizm təzədən pH-ı endirməyə çalışıb, çoxlu turşu sintez edəcək:

“Acqarına su içmək normal mədə şirəsini durulaşdırır, qatılığını aparır. Buna görə də mədə boş-boşuna çalışıb turşu hasil etməyə başlayır. Beləliklə, biz mədəni qəsdən səhv yola yönəldib çaşdırırıq. Boş mədə çox miqdarda turşu hasil edəndə selikli qişa turşudan aşınır, zədələnir, iltihab yaranır. Bundan sonra mədədə qastrit, xora, həzm pozğunluğu və böyük faciələrə yol açırıq”.

Bəs səhər oyanan kimi insanlar nə yesin, nə içsin ki, mədənin təbiətinə uyğun olsun və bütün bu kimyəvi prosesləri pozmasın? Həkim bunun üçün qədimdən dədə-babalarımızın səhər yeməyini misal çəkir:

“Səkkiz-doqquz saat yuxuda ac qalan insan oyanan kimi zülal tərkibli qidalar qəbul etməlidir. Bizim adətimizə görə, ən yaxşı seçim pendir, şor, kərə yağı, yumurtadır. Daha sonra yavaş-yavaş karbohidrata keçirik: lavaş, çörək. Ən gözəl karbohidrat şirin çaydır. Pendirdə tiramin maddəsi olduğu üçün çox yedikdə mədəni qıcıqlandıracaq. Pendiri qoz ləpəsi ilə yemək lazımdır ki, onu fosforlaşdırsın. Sonra az miqdar sitrus meyvəsi yemək olar. Belə qidalanmaq lazımdır, iki fincan suyu ac mədəyə içmək yox. Yağlı, qızarmış qidaları səhər qəbul etmək olmaz: məsələn, qızardılmış kolbasa, sosis məsləhət deyil”.

Həkim internetdə yayılan hər cəlbedici məsləhətin elmi əsasının, mənbəyinin araşdırılmasını və yazılanlara inanmamağı tövsiyə edir:

“Azərbaycan əhalisi arasında piylənmə artdığı üçün mədə yarası çoxalıb, maddələr mübadiləsi pozulub, diabet yayılıb. Hələ toylarda yağlı, mayonezli salatlar, üstündən kabab, ardınca aş, yağlı aş-qara, tort, dondurma qəbul etmək düzgün deyil. Bu, heç bizim adət-ənənəmiz də uyğun deyil. Hər yeməyin mədədə həzm müddəti və mədəni tərk etmək vaxtı var. 

Yadınızda saxlayın, bütün yağlı yeməklər mədəni 1-1.5 saat sonra tərk edir. Zülallar 40 dəqiqə, karbohidratlar 30 dəqiqə ərzində həzm olunur. İndi baxın, yağlı yemək, üstündən zülal, üstündən yenə yağlı tortc - tort yuxarıda qalıb, yağlı yemək altda. Bunlar mədəni ardıcıl tərk etməyəcək. Tez həzm olunanlar aşağı tez çatmaq istəyəcək, amma altdakı yağlı yemək buna imkan verməyəcək, çünki yolu tutub. Fərz edin, növbədə basabas düşür. Bu zaman mədə şirəsi xaos vəziyyətində ifraz olur ki, həzmi tezləşdirsin. 

Üstəlik, qazlı su içib, hava udub. Qaz da mədədən diafraqmanı basır və ürək sıxılır, nəticədə bir az zəif insanın ürəyi dözmür. Ona görə də toylarda, məclislərdə infarkt halları çox olur. Mədə yırtığı, diafraqmal yırtığı olan mədəsi uzanıb döş qəfəsinə keçən insanlar var”.

O vurğulayıb ki, yeməyin yanına su qoymaq olmaz. Su yeməkdən ya yarım saat əvvəl, ya da bir saat sonra içilməlidir. Səhər acqarına, axşam isə yatanda su içib mədənin mühitini dəyişmək olmaz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri