19 
İyn
2019
10:00
139
74
5927
Virtual karabakh

Kənd şəhərə qarşı: qaydasız döyüş - I HİSSƏ

19 İyn, 2019
10:00
5927

Kənd şəhərə qarşı: qaydasız döyüş - I HİSSƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Deyəsən, qocalmışam. Biz ali məktəbdə oxuyanda elə bil daha mədəni dövrdə idik. Ya mənə elə gəlir. Amma yox, düz deyirəm, onda daha mədəni dövrdə idik. Məsələn, bəylər biz xanımlar üçün qapı açardılar, biz birinci keçərdik. Nə bilim, yol verərdilər, əvvəl süfrə arxasında xanımlar əyləşərdi, sonra kişilər.

İndi yadıma gəlmir, sonuncu dəfə ictimai yerdə nə vaxt mənim üçün qapı açıblar. Bir-iki dəfə isə artıq istisnadır, nəinki qanunauyğunluq. Bilmirəm, ya qadınlarımız feminist olublar, kişilər qapını açmağa qorxurlar, ya da kişilər buna ehtiyac duymurlar.

İndi yenə deyəcəklər ki, təhsildədir günah. Nə olur, atırlar “təhsilin” boynuna. Amma heç kim demir ki, mən evdə övladımla məşğul olmuram, planşeti vermişəm ona ki, başım dinc olsun, mən də türk seriallarıma baxım. Fərqi yoxdur, istər ata olsun, istərsə də ana.

Amma hamı istəyir ki, qızı mədəni oğlana ərə getsin, oğlu da tərbiyəli qızla evlənsin.

Heç kimə sirr deyil ki, son illər Bakının əhalisi köklü şəkildə dəyişib. Şəhər camaatı xarici ölkələrə inteqrasiya edib. Kimi işlə bağlı, kimi təhsillə bağlı, kimi də köçüb gedib. Yerinə isə rayonlardan həmvətənlərimiz gəlib. Kənd və rayon təfəkkürü şəhərdə yumşaq desək, bir balaca özünü narahat hiss edir. Təbii ki, onların yaşadığı cəmiyyət fərqli qanunları tələb edir. Şəhər əhalisinin isə öz davranış qaydaları var.

Xahiş edirəm, diqqət edin, hər ailənin öz davranış qaydaları olduğu kimi, kəndlə şəhərin də öz fərqi var. Şəhər qızları rahatca öz rəfiqələri ilə kinoya, kafeyə gedə bildikləri halda, rayon əhalisi üçün kafeyə gedən xanım az qala yüngülxasiyyətli qadındır.

Şəhər uşaqlarının şort geyinməsi rayon kişiləri üçün “matişkəlik”dir. Sevdiyi qızı qucaqlamaq isə rayonlular tərəfindən ən azı namussuzluq kimi qarşılanır. Amma ən ağılagəlməz hadisələrin də rayonlarda baş verdiyini eşidirik. Məsələn: qız xalaoğlu ilə nişanlanmışdı, əmioğlu ilə qaçdı. Və ya baldız kürəkənə qoşulub qaçdı. Siyahını çox uzatmaq olar.

İndi deyəcəksiniz ki, bunun adi etiket qaydaları ilə nə əlaqəsi var? Mən isə görürəm. Əlaqə ondan ibarətdir ki, kənddə, rayonda hay-küylə danışmağa öyrəşən zəhmətkeş eyni qaydada şəhərdə də hay-küylə danışır. Kənddə istədiyi yerdə avtomobili saxlamağa öyrəşən elə şəhərdə də harada gəldi, saxlayıb gedir. Rayon mərkəzində çayxanada özünü apardığı kimi şəhərdə də öz bildiyini edir. Burnunu qurtdalayır, ayağını ayaqqabıdan çıxarır və s. Ömür boyu kənddə yaşayan, həyətində toyuq-cücə saxlayan xanımlar şəhərdə də eyni ab-havanı yaratmağa cəhd edirlər. Evdə tullamalı olan məhsulları həyətə itə-pişiyə atmağı öyrəndiyi kimi.

Əvvəllər də rayonlardan əhali şəhərə köç edərdi, ali məktəblərdə təhsil alardılar və şəhərin qaydalarına tabe olardılar. Belə baxanda, hamımızın əsli-kökü hansısa rayona aiddir. Amma indi kənd öz qanunlarını burada diktə edir. Heç kimi saymadan. Çox demirəm, 20 Yanvar dairəsinə baş çəkin, orada baş verənlərə nəzər yetirin. Danışıq və davranış qaydalarına baxın. Bir qədər də uzağa getsək - “Biləcəri” tərəfə, sanki elə hansısa rayona getmisən. Küçə-baca - hər şey bundan xəbər verir.

Bütün bu qaydasızlıq özünü hər yerdə büruzə verir. Ən azı küçə hərəkəti qaydalarında. Bir də görürsən, sürətli yolla, 100-lə gedirsən, oppa, qarşından bir kamikadze qaçdı. Elə bil kənddə yolun bir üzündən o biri üzünə keçir. Və ya elə o kamikadzenin biri oturur sükan arxasında, hara gəldi, necə gəldi sürür. Qadınların idarə etdiyi avtomobilləri sıxışdırır. Çünki yaxşı qız maşın sürməz. Sağına-soluna baxmadan sürüb gedir.

Axşamlar parklarda dəstə-dəstə oturub günəbaxan tumunu çırtlayıb qabığını yerə tüpürənlərin də əksəriyyəti şəhərli deyil. Əslində qınamıram, rayon əhli öyrəşib ki, həmin o tumların qabıqlarını elə toyuq-cücə dənləyəcək. Amma unudur ki, bura onun öz həyəti deyil və atdığı zibili sabah başqası süpürüb təmizləyəcək.

Sonda isə istəyərdim ki, bu məqaləni oxuyandan sonra müəllifi təhqir etməkdənsə özünüzə bir əl gəzdirin. Səliqəli olun, adi etiket qaydalarına riayət edin. Hamımız bu
şəhərdə yaşayırıq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri