25 
İyn
2019
11:00
24
114
2148
Virtual karabakh

Reklam xərc deyil

25 İyn, 2019
11:00
2148

Reklam xərc deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

O gün, yəni bir müddət əvvəl, bir tanışımla şəhərin mərkəzində iş görüşməsindən sonra tez-bazar nahar etmək qərarına gəldik. Təklif etdim ki, yaxında bir kafe var, bir il əvvəl açılışında olmuşdum, gedək ora. Həmin kafenin olduğu yerə gələndə gördük ki, “lələ köçüb, yurdu qalıb”, yəni ondan əsər-əlamət yoxdur. Onun yerləşdiyi yerdə təmir işləri gedir. Soruşanda dedilər ki, onlar bağlanıb, həmin yeri başqa adam icarəyə götürüb, yeni kafe açacaq. Bizdə bunu müzakirə edərək, başqasına getdik.

Niyə bu qədər maliyyə qoyuluşundan, əziyyətdən sonra biznes bağlandı və onun yerinə bir illik yenisi gəlir?! Ondan əvvəl də orada bir başqasının qurduğu iş vardı. Nədən belə tez-tez icarədarlar dəyişir, hər gələn hər şeyi sökür, sonra öz bildiyi kimi təmir edir?! Bu hal yalnız kafe və restoranlara aid deyil, həm də mağazalarda eyni vəziyyəti görürük. Öz əziyyətinizə heyfiniz gəlmirmi?

Tez-tez belə iş sahiblərinə rast gəlirəm və problemin kökünü də bilirəm. Problem ondadır ki, iş adamları icarəyə, təmirə, mebelə, mala pul verirlər, amma yaxşı personala, reklama pul vermək istəmirlər. Hamısı ucuz yol axtarır. Biz də bilirik ki, ucuz ətin şorbası da ucuz olur, yeyəndə ləzzət eləmir, ikinci dəfə də yemək istəmirsən.

Dəfələrlə iş sahibləri ilə reklam büdcəsini müzakirə edəndə eyni halla qarşılaşıram. Hamı endirim istəyir, büdcəni azaltmağa çalışır və sonunda heç nə etmir, yaxud o qədər az pul ayırır ki, effekti olmur. Düşünür ki, reklam artıq xərcdir.

Bu gün reklamlar media (populyar xəbər saytları, TV, radio), sosial şəbəkələr və bloqerlərdir. Sosial şəbəkələrin son illərdə populyarlığı hamını yanlış olaraq, yalnız orada reklamın effektiv olması fikrinə gətirir. Müəyyən sahələrdə ola bilər, amma hamısında deyil. Bu, o demək deyil ki, mediada reklama ehtiyac yoxdur. Media hələ də güclüdür, onları oxuyurlar və müzakirə edirlər. Hamı avtomobildə radio dinləyir, evdə isə TV-yə baxır.

Bloqerlərə gəldikdə, yenə iş adamları eyni səhvlərə yol verir. Onların çoxu restoranda qonaqlıq, mağazalarda ucuz hədiyyə əvəzi reklam istəyirlər. Bunun da effekti olmur. Əgər effekt istəyirsənsə, pulunu ödə və tələb et. O da həvəslə yazsın, şəkil və video çəksin, yerləşdirsin, hələ bir onu irəli də sürsün.

Biznesi qurarkən, ilk addımda bazar araşdırması etmək şərtdir ki, öz rəqiblərini tanıyasan və vəziyyəti biləsən. Ondan sonra strategiya qurmaq lazımdır. Büdcəni qurarkən nəinki təmir, mebel, icarə haqqını, həm də professional personalı işə cəlb etmək, reklam büdcəsini tam olaraq təyin etmək lazımdır. Özəlliklə də sonuncu. Reklam xərc deyil, investisiyadır. Onu yaradıb, istifadə etmək üçün isə mütləq məsləhətçi və ya reklamçı dəvət etmək lazımdır. Çoxsayda reklam agentlikləri arasında tender edib, uyğununu seçmək olar. Bu, daha effektiv olacaq.

SMM (sosial şəbəkələrdə marketinq) isə qohuma və ya işçilərdən birinə deyil, işi bacaran mütəxəssisə və ya agentliyə həvalə edilməlidir.

Sovetlər vaxtı televiziyada “Reklam və elanlar” adlı blik var idi. Orada satılmayan malları reklam edirdilər. İşə yarayırdı. Amma nədənsə yaşlı nəslin nümayəndələri reklama neqativ baxırlar, yəni satılmayan mal kimi. Nədənsə digər tərəfini görmürlər. Axı orada yerləşdirilən mallar bu vasitə ilə satılırdı. Həmin neqativ düşüncələr də bu gün reklama yanaşmanı özündə əks etdirir. Axı onlar bu gün investor və bir çox işin başındadırlar.

Reklam etmədən uğurlu iş qurmaq mümkün deyil. Dünyanın ən qabaqcıl və nəhəng şirkətləri belə əsrlər boyu məhsulunu və xidmətlərini reklam edir. Yəni adamlar o qədər axmaqdırlar ki, bu qədər pulu göyə sovururlar?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri