26 
İyn
2019
20:01
239
91
9573
Virtual karabakh

Arağın pulunu niyə gic-gic şeylərə - psixoloqlara xərcləyirsən?

26 İyn, 2019
20:01
9573

Arağın pulunu niyə gic-gic şeylərə - psixoloqlara xərcləyirsən?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəramət Böyükçöl yazır...

Tələbə vaxtı İradə adlı bir qızı necə sevdiyimi bütün universitet bilirdi. Təəssüf ki, sevgim yenə daşa dəydi, universiteti qurtaran kimi sevgimiz də qurtardı, qız çıxıb başqasına ərə getdi.

Ayrılandan sonra yaddaşımın İradə ilə bağlı hissəsi mənə olmazın əzablar verirdi. Elə sevgilər var, unutmaq üçün mütləq içməlisən, elə sevgilər də var, çayla yola verirsən gedir. Nədənsə, bu sevgi çayla keçib getmədi. Nə qədər sevmişdimsə, ayrılanda o qədər zülm çəkdim. Xoşbəxt günlərin hamısı burnumdan gəldi. Xatirələr, macəralar, gözəl günlər yadıma düşdükcə havalanırdım, elə bil ürəyimi qulağımın içindən çəkib çıxarırdılar. Aradan neçə illər keçib, hələ də mənə elə gəlir ki, ondan sonra sevdiyim bütün qadınlar İradənin dublikatıdır. 

Axırda dost-tanış, qohum-əqrəba atama dedi ki, oğlun gözünün qabağında məhv olub gedir, görmürsənmi, əsəbləri pozulub, onu bir psixoloq yanına apar, məsləhət versin, kömək eləsin. Çarəsiz ata məni psixoloq yanına apardı. Psixoloq atamı tanıyırdı, şair olduğunu bilirdi deyə istəmirdi valideyn onun primitivliyinin şahidi olsun. Ona görə də atama dedi ki, siz qapının arxasında gözləyin, bu uşaqla özüm tək danışım.

Psixoloq düz bir saat dərdimi dinlədi. Bir də gördüm, gözləri doldu, kövrəldi. Sən demə, onun da gəncliyində dəli kimi sevdiyi qız yadına düşüb. Atamı içəri çağırdı. Dedi ki, oğlun gül kimi uşaqdır, ağlı, məntiqi də yerindədir. Düşüncəli, təfəkkürlü oğlandır. Bircə problemi var: iradəsizdir. Əlli manatımızı alıb əlini yüngülcə kürəyimə vurdu, qayıtdı ki, bala, iradəli ol, bir az güclü olmaq lazımdır. Həyat güclülərindir. 

Psixoloqun yanından çıxandan sonra atamı qabağıma qoyub düz iki saat danladım. Dedim, a kişi, guya mən iradəsiz olduğumu bilmirdim? Bəs bu boyda həngamə nədən ötrüdür? Elə problem ondadır ki, iradə yoxdur da, ərə gedib... İradə olsaydı, mən bu günlərə düşərdimmi? Məni niyə bura gətirirdin, 50 manatı adını psixoloq qoyan o adama niyə verirdin? Arağın, pivənin pulunu niyə belə gic-gic şeylərə xərcləyirsən? 

Bu pritçavari əhvalatdan sonra sözü nəyə gətirmək istədiyimi anlamaq məncə, o qədər də çətin deyil. Söhbət psixoloqlardan gedir. Azərbaycanda hər şeyin biznesi ilə məşğul olurlar; dərman biznesi, orqan biznesi, qadın alveri və s. Son illər isə yerindən duran özünü cəmiyyətə psixoloq kimi təqdim edir, psixologiya kursları açır, efirlərə çıxıb cəmiyyətə məsləhət verir, yol göstərir və beləcə də reklam olunur, pullu xidmət göstərməyə başlayırlar. Bunların xidməti isə ancaq və ancaq bəsit öyüd-nəsihətlərdən ibarətdir. Bəsit adamların da bircə xoşbəxtliyi var ki, onların anlaşılmamaq dərdi yoxdur. 

Azərbaycanda “adam ata-anasının qədrini bilər”, “valideyni heç nə ilə əvəz etmək mümkün deyil”, “biriniz od olanda biriniz su olun”, “od yanmasa tüstü çıxmaz”, “ot öz kökü üstə bitər” tipli məsləhətlərin bir saatı 50 manatdır. Necə ki, kənd yumurtası kənddə pulsuz, Bakıda 30 qəpikdir, necə ki, kənd toyuğu kənddə 4 manat, Bakıda 10 manatdır, eləcə də kənddə beli yaylıqlı arvadların axşam sərin tut ağacının altında oturub yun çırpa-çırpa verdiyi məsləhətlər Bakının psixologiya mərkəzlərində 50 manatdır. 

Bizim psixoloqlar daha çox falçılıq edirlər. Tutaq ki, bir falçı yanına gedirsən, əlinin içinə, karta, yaxud haranasa baxıb deyir ki, qonşunuzda sarışın qadın var, evinizin sağ tərəfində qalır, sizin həyatınızı məhv edən odur. Falçı qurddur, bilir ki, bu tupoy fikirləşib evlərinin sağ tərəfindən mütləq sarışın bir qadın tapacaq və mütləq də içini çəkib, gözünün də birini qıyıb deyəcək ki, vay dədə, mən hər şeyi indi başa düşdüm.

Psixoloqlarımız da bu cürdür, camaatın nadanlığından, tupoyluğundan istifadə edib pul qırırlar. Danışdıqlarının hamısı da falçılar kimi ümumi sözlərdir. Məsələn, bilirlər ki, Azərbaycanda hamının problemi aşağı-yuxarı eynidir, heç birinin də çıxış yolu yoxdur. Burada adamlar təxminən, eyni şeylərə görə depressiyaya düşür, eyni şeylərə görə boşanır, eyni şeylərə görə intihar etmək istəyirlər. Psixoloq isə insanlara qulaq asandan sonra hamıda eyni olan bir-iki məqamı vurğulayır, sonra da deyir, bilirsinizmi, sizi özünüzdən başqa heç kim xilas edə bilməz, həyatın filan-filan ziqzaqlı dövrləri olur və s. Bizim psixoloqlar müştərilərinə ancaq təsəlli verirlər. Etdikləri psixoloji yox, pullu təsəlli xidmətidir. 

Tutalım, 50 qəpik pul tapıb evinə çörək ala bilməyən, buna görə də arvad-uşağının yanında utanan, depressiyaya düşən kişiyə psixoloq nə məsləhət verə bilər? Adamın problemi bəllidir: iş yoxdur, pul yoxdur, başına hava gəlib, nə arvad görmək istəyir, nə də uşaq, beyin də çönüb. Çarəsizlikdən psixoloqun yanına gedir, o da deyir, mənim qəbulum 50 manatdır. Adama deyərlər, mənim 50 manatım olsa, ta depressiyaya niyə düşürdüm? Gedib evimə çörək alardım da...

Yaxud, bankdan kreditə pul götürüb qızına cehiz alan, oğluna toy eləyən, evi-eşiyi düzəltdirən, sonra o pulu ödəyə bilməyib içkiyə qurşanan, axırda da özünü öldürmək istəyən ataya psixoloq nə məsləhət verə bilər? Hər şey psixoloq məsləhəti ilə düzəlirsə, onda mən də bankdan 20 min götürüb problemlərimi həll edərəm, axırda da bir psixoloqa 50 manat verərəm ki, tez ol, mənə yol göstər... 

Məsələn, biri həyat yoldaşı ilə yola getmir və qərara gəlirlər ki, psixoloq yanına getsinlər. Gedirlər və oturub dərdlərini danışırlar:

“Bir-birimizi sevib ailə qurmuşuq, iki övladımız da var. Əvvəl çox mehriban dolanırdıq. Sonra aramızda problem yaranmağa başladı” və s. 

Psixoloq sual verir: 

- Qaynana ilə bir yerdə yaşayırsınızmı?

Qadın bu sualdan sonra ironik bir təbəssümlə ərinin üzünə baxıb psixoloqa cavab verir: 

- Bəli, bir yerdə yaşayırıq... 

Psixoloq o təbəssümdən söhbəti tutur və danışmağa başlayır. Həyatdan və oxuduğu bir-iki kitabdan sitatlar gətirir. Ailənin yaddaşını qurcalayır, ilk günlərini, sevgilərini yada salır. Deyir, bilirsinizmi, anaların övladlarına emosional bağlılıqları olur, ana öz oğlunu başqa qadınla paylaşmaq istəmir və bu arzu müəyyən problemlərə səbəb olur. Burada ər çiyinlərinə böyük məsuliyyət düşür. 

Bu yerdə qadın yenə ərinin üzünə baxıb göz süzdürür. Yəni görürsənmi, psixoloq da mən deyəni deyir. Ailə müqəddəsdir, onu qorumaq lazımdır, ortada uşaqlar var, sizin ayrılığınız uşaqlarda psixoloji travma yaradacaq və s. Psixoloqun təxminən, bu cür boş-boş sözlərdən ibarət bir saatlıq çıxışı yekunlaşandan sonra gənclərə məsləhət görür ki, seanslara gəlsinlər. Seansın da bir saatı 100 manatdır. Halbuki, bunlar psixoloji xidmət deyil, baxıcılıqdır, falçılıqdır. Təxminən deyilən sözlərin 30-40 faizi həmişə həqiqət olur, psixoloqlar da bu məntiqdən istifadə edirlər. Necə ki, falçılar da adamı ikinci, üçüncü, dördüncü dəfə yanına çağırır. 

Cənab psixoloq, mənim anamla arvadım yola getmir. Evimiz iki otaqlıdır. Atam gecələr yata bilmir. O, yatmayınca mən də arvadımla eyni otağa girə bilmirəm, bu üzdən demək olar ki, bizim intim həyatımız yoxdur. Atam yatandan sonra bizim də yuxumuz gəlir. Səssiz, gizli, xısın-xısın sevişməkdən yorulmuşuq. Halbuki, bizim arzularımız, xəyallarımız vardı.

Səhər yuxudan duranda arvadım mənim köynəyimi geyinib mətbəxə keçməli, çay süzməli idi. Səhər yeməyindən sonra qucaqlaşmalı, ömüşməli, həyatı arzu və istəklərimizə uyğun yaşamalı və xoşbəxt olmalıydıq. Anamın 65 yaşı var, xəstədir. Atam 60 yaşı var, o da xəstə kimi bir şeydir. Heç biri normal pensiya almır. Mənim də 410 manat maaşım var. Yoldaşım müəllimədir, imtahan verib ucqar bir kəndə düşdü. Bakıya saldırmaq üçün 20 min pul istədilər, olmadı. Kəndə getsəydim, onda mən işdən çıxmalı idim. Həyatımız al-üst olub, sevgimizdən əsər-əlamət yoxdur.

Bütün günü yoldaşımla anam evdə deyişir. Anam deyir ki, uşaqların bizim otağa keçməsin, yoldaşım da əsəbiləşir. Anam da qayıdır ki, sən haranın zibilisən, mənim üstümə bozarırsan? Öz nəvəmdir, özüm bilərəm, söyərəm də, döyərəm də... Mən axşam evə gələndə yoldaşım başlayır danışmağa ki, anan mənə elə dedi, belə dedi. Vallah, bezmişəm, yorulmuşam. Evə gəlmək istəmirəm. Kirayə evə köçməyə də pulumuz yoxdur, 410 manatla ağzımıza çörək alım, arvad-uşağa paltar alım, yoxsa ev pulu ödəyim? Yoldaşım da bezib, o da yorulub. Artıq bir-birimizin üzünü görməyə belə həvəsimiz yoxdur. Fikrimiz ayrılmaqdır, ortada uşaqlar var deyə çarəsiz vəziyyətdə qalmışıq. Mən neyləyim?

Hansı psixoloq bu problemə yol göstərə bilər? Yol yoxdur. Azərbaycan cəmiyyətini para-psixoloq yanına aparmaq lazımdır. Bizə çarə qılacaq para-psixoloq isə hələ doğulmayıb.

Bir ölkədə psixoloq nə qədər çoxdursa, demək, orada psixologiya elmi yoxdur. Bir ölkədə vəkil nə qədər çoxdursa, demək, orada hüquq yoxdur və s. Məsələyə bu məntiqlə yanaşsaq və Azərbaycanda son illər açılan psixologiya kurslarını saysaq, məlum olar ki, onların məqsədi cəmiyyətin xəstəliyindən, insanların çarəsizliyindən, savadsızlığından, iradəsizliyindən istifadə edib pul qazanmaqdır. Xəstə cəmiyyət onlara sərf edir, onlar iradəsiz adam görəndə sevinirlər...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri