27 
İyn
2019
15:07
242
47
3868
Virtual karabakh

Əvvəllər camaatı “qlazok”dan güdərdilər, indi sosial şəbəkələrdə güdürlər

27 İyn, 2019
15:07
3868

Əvvəllər camaatı “qlazok”dan güdərdilər, indi sosial şəbəkələrdə güdürlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Kim hara getdi, haradan gəldi? Kimlə oturdu, kimə baxdı? Sosial şəbəkələr təzə-təzə olanda millətimiz saf idi. Testlər-filan paylaşırdılar. Sonra acığa düşüb foto, video paylaşmağa başladılar. Toy edən, elçi gedən, qız alan, sünnət toyu edən hamı yığıldı və paylaşımlar başladı. Məsələn, mən “Whatsapp” statuslarına baxanda artıq kimin evində rəhmətə gedən olduğunu, kimin ildönümü, ya da nəvəsinin ad günü olduğunu bilirəm.

Bir də var “Instagram” və “Facebook”da hekayə bölümünə bütün toy kasetini yükləyənlər. “Vağzalı”dan başlayıb gül buketi atılana qədər hamısını paylaşırlar. Yaxşı tərəfi odur ki, toyda kim var, kim yox, hamıdan xəbərdar olursan. Baxma, ölən-itəndən xəbərin olur.

Hə, bizdə sosial şəbəkələr məşhurlaşdıqca ortaya yeni personajlar çıxmağa başladı. Tələb və təklif. Bunlardan bir növü hər gün qucaqlarında böyük gül buketləri ilə foto paylaşan qlamur qadınlardır. İndi deyəcəksiniz ki, burada nə var ki? Gül hədiyyə ediblər, o da paylaşır. Bir qədər araşdırmadan sonra bəlli olur ki, bu xanımlara heç kim gül, hədiyyə göndərmir. Özləri gül dükanlarından icarəyə buket götürürlər, çəkiliş edib paylaşandan sonra gülü dükana qaytarırlar. Paxıllıq edənlər yanır-tökülür, paxıllıq etməyənlər də paxıllıq etməyə başlayır. Bir güllə, iki dovşan.

Daha bir növ bahalı avtomobilin sükan arxasında oturaraq foto paylaşan cavan oğlanlardır. Sən demə, bu da icarəyə götürülən avtomobillərdir. Qəlyan, “kopiya” brend pul kisəsi, geyim də “Armani”, ya “Gucci”. “Varlı oğlan” obrazı hazırdır. Əsas odur ki, izləyicilər çox olsun. Sonra bloqer də olmaq olar.

Üçüncü növdə “Instagram”a foto yükləmək üçün dünyaya övlad gətirənlər var. Ana uşağın anadan olan anından bu dəqiqəyə qədər 1869 ədəd foto paylaşır. Hər dəfə də eyni rakursdan foto çəkir. Az qala adam demək istəyir ki, ay qız, bir balaca telefonu uzaq tut, çək. Bezdik.

Ölüləri ilə foto çəkdirənlər, başdaşı ilə foto paylaşanlar. Bu insanların hansı məntiqlə yaşamasını dərk etməkdə çətinlik çəksəm də, onların həyatı çox rahatlıqla davam edir.

Daha bir dəstə isə xəstəxanadan foto paylaşanlardır: “Camaat, ölürəm, qolumda “sistem” var, dua edin” və s. Soruşanda da niyə belə edirsən, deyir ki, qoy işdən bilsinlər ki, xəstəyəm. Vallah, bülleten deyilən bir şey var, aparırsan kadrlar şöbəsinə, məsələ həll olunur.

Hüzr məclisindən canlı yayım edib baş sağlığı verənlər... Namaz qılarkən foto paylaşanlar, iftar süfrəsindən canlı yayım edənlər, yəqin, düşünürlər ki, ibadət etdikləri Allahın sosial şəbəkədə profili var, yoxsa bu paylaşımlara başqa anlam verə bilmirəm.

Anlaşılan odur ki, cəmiyyət bu sosial şəbəkələr sayəsində öz iç üzünü bizə göstərə bilir. Şəxsən mənə beş dəqiqə kifayət edir ki, istənilən adamın sosial şəbəkədəki səhifəsinə baxıb diaqnozunu təyin edim. Hə, elə-belə məlumat verim ki, artıq işə götürülən zaman belə sizin sosial şəbəkədəki səhifənizə “qonaq gəlirlər”. Beş dəqiqəyə qərar verirlər, sizdən adam olacaq, ya yox.

Nə isə, siz davam edin, mən isə bu məqaləni öz səhifəmdə paylaşacağam.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri