11 
İyl
2019
14:22
34
274
10645
Virtual karabakh

Evi köçkün ailəsi ilə bölüşə bilməyən qadın: Basqın edib otaqla hamamı tutdular - VİDEO

11 İyl, 2019
14:22
10645

Evi köçkün ailəsi ilə bölüşə bilməyən qadın: Basqın edib otaqla hamamı tutdular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, 64, ev 29-da yaşayan Nərminə Məmmədova mənzilinin zəbt olunmasından şikayət edir.

Baku TV xəbər verir ki, 2009-cu ildə Zəngilandan olan məcburi köçkün ailəsi həmin mənzilə gələrək evin onlara məxsus olduğunu iddia edib.

N.Məmmədova 1989-cu ildən, yəni 30 ildir bu mənzildə yaşadığını, kommunal xərcləri özü ödədiyini deyib:

“2009-cu ildə mənzilimə beş-altı nəfər basqın etdi. Ələt qəsəbə sakinləri idi. Vəzifədə adamlarının olduğunu, hamını pulla aldıqlarını dedilər. Basqın edib otaqla hamamı tutdular. 2010-cu il 20 yanvar tarixində aranı hördülər. Bir adam köçkünlük vəsiqəsi ilə eyni ildə neçə yerdə məskunlaşa bilər?”

O, məhkəməyə müraciət etdiyini, ekspertizanın mənzilə baxış keçirdiyini, qanunsuz tikinti aşkarladığını bildirib və qərar verilib ki, ev əvvəlki vəziyyətinə gətirilsin:

“Mənzilimi zəbt edən Şəhri Nurəhmədova (qızlıq soyadı Əsədova) məhkəmədə deyib ki, guya 1993-cü ildən mənimlə yaşayır.

2012-ci ildə dəmir qapı düzəltdirdim, onların mənzilə aid heç bir sənədi olmadığı üçün içəri girə bilmədilər. Lakin dörd il sonra, mən evdə olmayanda yaxın rəfiqəm naməlum şəxslərin qapımı qırdığını görüb”.

Aralarında yaranan uzun mübahisədən sonra köçkün ailəsi bir otağı və hamamı özəlləşdirib. Şikayətçi iddia edir ki, evi zəbt edən ailə buranı “29 a” adlı mənzil kimi göstərib.

N.Məmmədova dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Ali Məhkəməyə şikayət etdiyini və işi udduğunu deyib:

“Ali Məhkəmə də bildirdi ki, onların bu mənzildə yaşamaları haqqında heç bir sənəd yoxdur. Onlardan sənəd tələb edəndə qətnamə göstərirlər, orada da “29 a” yazılıb, halbuki belə mənzil mövcud deyil”.

Sözügedən məsələ ilə bağlı 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Ağalar İbrahimov bildirib ki, əgər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailəsinə ev verilərsə, gələcəkdə N.Məmmədovaya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən o otağın verilməsi məsələsinə baxıla bilər.

A.İbrahimov deyib ki, bu bina əvvəllər subay qızlar üçün yataqxana olub , mənzillərin 70 faizi bölünüb. Ş.Əsədova burada qaçqın kimi məskunlaşıb, ona otaq fabrik tərəfindən verilib. Digər otaqda isə Nərminə Məmmədova yaşayıb. Ş.Əsədova ərə gedəndən sonra isə aralarında münaqişə yaranıb. Buna görə də N.Məmmədova onların çıxarılması məsələsini qaldırıb. Bir çox qurumlarda məsələ araşdırılıb, lakin məhkəmə heç vaxt onun xeyrinə qərar çıxarmayıb. Qaçqın köçürülməyənə qədər onu həmin mənzildən çıxarmaq qeyri-mümkündür.

Dövlət Komitəsindən isə işin məhkəmədə olduğunu və buna görə də hər hansı açıqlama verməyəcəklərini bildiriblər.

İlhamə Kələyeva
Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri